130 yaşlı
Naxçıvan teatrı
Kamran Quliyev: “Müasir teatr proseslərini klassik teatr ənənələri üzərində tətbiq etməyə üstünlük veririk”
1883-cü ildə Eynəli
bəy Sultanovun rəhbərliyi ilə
mütərəqqi Naxçıvan ziyalılarının
yaratdığı «Müsəlman incəsənəti və dram cəmiyyəti» tərəfindən Mirzə
Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri tamaşaya
qoyuldu. Hacı Nəcəf Zeynalovun evində səhnələşdirilən
bu tamaşa ilə
Naxçıvanda peşəkar teatrın əsası qoyuldu. O vaxtdan 130 il keçir. Bu zaman kəsimində Azərbaycan
teatrının bir qolu
olan Naxçıvan teatrı öz məktəbini, tarixini
yaratmağa, tamaşaçı sevgisini qazanmağa nail olub. Müsahibimiz
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru,
Xalq artisti Kamran Quliyevdir.
- Bu il
Naxçıvan teatrının
130 illiyidir. Yubileyə hazırlıq necə
gedir?
- 2013-cü il Azərbaycan teatr sənətinin yubiley ilidir. Peşəkar Azərbaycan
teatrının yaranmasının
140 ili tamam
olur. Bizim üçün isə ikiqat bayramdır. Bu il həm də Naxçıvan teatrının 130 yaşını
qeyd edəcəyik. Beş il
öncə teatrımızın
125 illik yubileyi təntənə ilə qeyd edildi. Naxçıvan teatrının 125 illik fəaliyyətini əks etdirən nəfis tərtibatlı kitab işıq üzü gördü, silsilə tədbirlər keçirildi.
Həmin yubileydən keçən 5 il
teatrımızın həyatında
əlamətdar hadisələrlə,
yeni tamaşalarla yadda qalıb.
Ötən il teatrımızın
binası əsaslı
şəkildə yenidən
qurularaq ixtiyarımıza
verildi. İndi biz ən müasir
tələblərə cavab
verən yeni binada fəaliyyət göstəririk. İşıq, səs sistemləri, səhnənin texniki avadanlıqları bizə
daha mükəmməl
səhnə tərtibatları
ilə seçilə
bilən tamaşalar hazırlamaq imkanı verir. Aktyorların qrim otaqları
ən müasir avadanlıqlarla təmin edilib.
130 illik
yubileyimizlə bağlı
bir sıra tədbirlərin təşkilini
nəzərdə tutmuşuq.
Muxtar respublika ərazisində yaradıcı kollektivin görüşlərini keçirmək,
teatrın tarixi, son illərdə qazanılan uğurlar barədə tamaşaçıları məlumatlandırmaq
nəzərdə tutulur.
Naxçıvan televiziyasında teatrın
tarixinə, ayrı-ayrı
sənətkarların yaradıcılığına
həsr edilmiş silsilə verilişlər
hazırlanır.
- Sizcə, qloballaşma dövründə
teatrlar daha çox nəyə önəm verməlidir?
- Hər bir teatr ilk növbədə
təmsil etdiyi xalqın milli-mənəvi
dəyərlərinə söykənən
tamaşalar hazırlamağa
xüsusi diqqət yetirməlidir. Tamaşaçı tamaşanın dramaturji
materialının hansı
xalqa mənsub olmasından asılı olmayaraq səhnə əsərini təqdim edən teatrın hansı millətə mənsub olduğunu bilməlidir. Naxçıvan teatrı tarixi köklərə bağlı,
öz yaradıcılıq
yolu olan bir teatrdır. Biz müasir teatr
proseslərini klassik teatrın ənənələri
üzərində tətbiq
etməyə üstünlük
veririk. Teatrlar əyləncədən daha çox maarifləndirici missiyanı
yerinə yetirməlidir.
Əgər tamaşaçı zaldan çıxdıqdan
sonra tamaşanın təəssüratı ilə
yaşamırsa, deməli,
teatr qarşısına
qoyduğu məqsədə
nail olmayıb.
- Naxçıvan
teatrı bu gün tamaşaçı
problemi yaşamır ki?
- Muxtar respublikada güclü ziyalı potensialı var ki, bu
ziyalılar teatrın
daimi tamaşaçılarıdır.
Bundan əlavə, Naxçıvanda üç
ali məktəb,
üç orta ixtisas məktəbi (kollec) fəaliyyət göstərir və həmin təhsil ocaqları ilə də sıx əlaqələrimiz var. Teatra
tamaşaçı cəlb
etmək üçün
repertuar seçiminə
diqqətlə yanaşırıq.
Müşahidə etmişik ki,
Naxçıvanda yaşayan
insanlar tarixi mövzulu tamaşalara baxmağa daha çox üstünlük
verirlər. Repertuar seçərkən
isə bu gün insanları daha çox düşündürən problemləri
əks etdirən əsərlərə müraciət
edirik. Ötən əsrin 90-cı illərində və XXI əsrin ilk illərində
teatrın repertuarında
məhz tarixi mövzulu əsərlər
xüsusilə üstünlük
təşkil edib.
- Ötən il teatrın
həyatı üçün
nə ilə yadda qalıb?
- Naxçıvan
teatrı repertuar tərtib edərkən konkret əsərin ilk təqdimatçısı olmağa
üstünlük verir.
Ötən il
də bu ənənəni davam etdirdik. İlin ilk tamaşası Şəfayət Mehdiyevin
“Mirzə Fətəli”
əsəri əsasında
hazırladığımız eyniadlı tamaşa oldu. Tamaşa böyük ədibin
200 illik yubileyinə həsr olunmuşdu. Premyerada Azərbaycanın tanınmış
ziyalıları və
millət vəkilləri
iştirak etdilər.
Nazim Hikmətin “Kəllə” faciəsi, görkəmli şair-dramaturq
Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar olaraq “Şeyx Sənan”, akademik Məmməd Cəfər Cəfərovun “İnsanlar
və talelər” kinossenarisi əsasında səhnələşdirilən tamaşalar da maraqla qarşılandı.
Sonuncu tamaşa M.C.Cəfərovun
bədii yaradıcılıq
məhsulunun ilk dəfə
geniş auditoriyaya təqdim olunması, eyni zamanda böyük
ədib Cəlil Məmmədquluzadənin həyatının
bu günə qədər açılmayan
tərəflərini işıqlandırmaq
baxımından diqqətçəkəndir.
- Naxçıvan
teatrının sorağı
tez-tez qastrol səfərlərindən gəlir.
Türkiyədə təqdim
etdiyiniz “İblis” tamaşası da yaddaqalan oldu...
- Bu bizim digər səfərlərdən
fərqlənən bir
səfər idi. Tədbir
TÜRKSOY-un təşkilatçılığı
ilə keçirilirdi.
Buna görə də təşkilata üzv olan türkdilli
ölkələrin nümayəndələri
Ankarada oynadığımız
tamaşanı izlədilər.
Ankarada yaşayan azərbaycanlılar, təhsil
alan azərbaycanlı
tələbələr tamaşanı
böyük maraqla qarşıladılar. Qastrol səfərləri
teatr kollektivləri üçün önəmli
olan amillərdəndir.
Ona görə ki, kollektiv yeni auditoriya qarşısına
çıxır, səfərdə
olduğu bölgədə
yaşayan sənətkarlarla
fikir mübadiləsi aparmaq imkanı əldə edir, özünə, işinə
kənar gözlə baxa bilir. Teatrımız ölkəmizin bir
çox bölgələrində
qastrol səfərlərində
olub. Sonuncu dəfə Gəncə,
Qazax, Şəmkir və Gədəbəydə
olduq. Ötən
il həmçinin
Türkiyənin Tarsus şəhərində
“Türk dünyası
teatr günləri” festivalında alman dramaturqu Q.E.Lessinqin “Müdrik Natan” tamaşası ilə iştirak etmişik. Hazırlanan hər yeni tamaşanı
muxtar respublikanın rayon
mərkəzlərində də
nümayiş etdiririk.
- İstedadlı
gəncləri teatra necə cəlb edirsiniz?
- Artıq 4 ildir ki, teatrın
nəzdində “Təməl”
teatr studiyası fəaliyyət göstərir.
Teatr sənətinə marağı
olan gəncləri müsabiqə yolu ilə studiyaya qəbul edirik, təcrübəli aktyorlarımız
onlara bu sənətin nəzəri
və praktik tərəflərini tədris
edir. İkiillik kursu bitirən
gənclər arasından
istedadlılarını seçib
aktyor truppasına qəbul edirik. Artıq studiyanı bitirən gənclərdən 5 nəfər
kollektivə qəbul edilib, 3 nəfər isə Naxçıvan Dövlət Universitetinin aktyorluq fakültəsində
oxuyur. Yeri gəlmişkən, hazırda teatrda 33 aktyor fəaliyyət göstərir. Onlardan
6 nəfər Xalq artisti, 7 nəfər Azərbaycan Respublikasının
Əməkdar artisti,
7 nəfər Naxçıvan
Muxtar Respublikasının
Əməkdar artisti fəxri adlarını daşıyır. Teatrın baş
rəssamı Azərbaycanın
Xalq rəssamı, quruluşçu rəssamların
isə hər ikisi muxtar respublikanın
Əməkdar rəssamıdır.
- Bu il
tamaşaçılar hansı
səhnə əsərlərini
izləyə biləcəklər?
- Teatrın
2013-cü il repertuar planında İslam Səfərlinin “Göz həkimi”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”,
Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” və Çingiz Aytmatovun “Manqurt” əsərləri var. Bilirsiniz
ki, bu il
İslam Səfərlinin
90 yaşı tamam olur. Muxtar respublika Ali Məclisi
sədrinin sərəncamı
ilə şairin yubileyi geniş şəkildə qeyd edilməkdədir. Bu münasibətlə “Göz
həkimi” əsərini
repertuara daxil etmişik. Hazırda tamaşanın məşqləri
gedir. Mart ayının birinci yarısında tamaşa təhvil veriləcək.
Ümummilli liderimiz Heydər
Əliyevin bədii obrazı ilk dəfə
2008-ci ildə Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”
əsəri ilə məhz bizim teatrda səhnəyə gətirilib. Böyük öndərin
90 illik yubileyi ilə əlaqədar olaraq biz bu tamaşanı
yeni quruluşda təqdim edəcəyik.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 20 fevral.- S. 13.