İstedad insana ya verilir, ya da
verilmir
Rəhman Əlizadə: “Şərt
“Hamlet”i səhnələşdirmək
deyil, “Cırtdan”ı
da elə tamaşaya qoymaq olar ki...”
A.Şaiq adına
Dövlət Kukla Teatrında premyera həyəcanı hökm
sürür. Az sonra rejissor
Rəhman Əlizadənin «Dədə
Qorqud» dastanının
«Dəli Domrul» boyu əsasında hazırladığı eyniadlı
tamaşa nümayiş
olunacaq.
Tamaşa öncəsi baş rejissorla söhbət edirik.
- Rəhman müəllim, «Dəli Domrul» uşaqlar, yoxsa böyüklər üçün nəzərdə
tutulub?
- «Dəli
Domrul»da uşaqlar böyüklər üçün
nəzərdə tutulub.
Axşam
seanslarında göstərəcəyik.
Dastanın mövzusu aktualdır.
Domrul “taxta parçasını qurumuş çayın üstünə atıb keçəndən otuz üç axça, keçməyəndən 40 axça
alacağam” - deyir.
O, saymazyanalıq, qudurğanlıq
edir, «burda mənəm, Bağdadda kor xəlifə» prinsipi ilə yaşayır. Ana ideya insanın gec və ya
tez cəzasına çatmasını komik formada tamaşaçıya
çatdırmaqdır. Domrul kimə zülm edibsə, ona adekvat da cavab
alır. Bilirsiniz
ki, “Dəli Domrul” “Kitabi-Dədə Qorqud”un ən
gülüş doğuran
boyudur. Mən özüm komediyanın
vurğunuyam, bir də mövzunun müasirliyi məni cəlb edir.
- Ümumiyyətlə,
ölüm mövzusuna
münasibətiniz necədir?
Bu dastanda ölümü
gözə almama, saymazyanalıq elementləri
var.
- Mənim belə bir deyimim
var, hələ gəncliyimdə qeyd etmişdim - «ölüm mən yaşda, mən boyda, mən ağıldadır».
İnsan
buna hazır olmalıdır. İnsan öz
ölümünü içində
gəzdirir. Yaşlanmağın, müdrikliyin də bura aidiyyəti yoxdur. Müdriklik yaşla deyil,
müdriklik də, istedad da insana
ya verilir, ya verilmir. O ki qaldı Dəli
Domrula, mən bunu “ölümə meydan oxumaq” kimi dəyərləndirməzdim.
Dəli Domrul insanları saymır. Bu əslində qudurğanlığın
təzahürüdür. Tamaşada Domrulun digər naqis cəhətlərini də görürük.
Bu qorxaq adamdır.
Öz canının əvəzinə
atasının və anasının canını
vermək istəyir.
Dəli Domrul qəhrəman deyil. O, antiqəhrəmandır.
- Rəhman müəlim, müdriklik yaşla deyil, dediniz. Amma uzun illərin
təcrübəsi, müşahidələri
var sizdə. Nələr barədə qənaətiniz
dəyişib və ya möhkəmlənib?
- Əvvəllər
də belə fikirləşirdim, indi də bu fikrin
üzərində qalıram:
insan mənən təmiz insandırsa, dürüstdürsə, o, ömrü
boyu dürüstlüyə
doğru inkişaf edəcək, nadürüstdürsə,
onun zirvəsinə doğru can atacaq. Ümumiyyətlə, heç birinin
də hüdudu yoxdur. İnsan öz dürüstlüyündən
həzz alırsa, bu, ömrü boyu ondan əl
çəkməyəcək. Əksinə,
öz yaramazlığından
xoşhal olursa, onun arxasınca da gedəcək. Mən insanın tərbiyələnməsinə
inanmıram. İnsan özü
özünü tərbiyə
edir. Əksinə olsaydı, səmavi
kitablar insanları islah edərdi. Mən heç vaxt pis adamın dönüb yaxşı olmağını görməmişəm.
Görmüşəm ki, pis daha da pisləşib,
yaxşı daha da saflaşıb, durulaşıb. Və hər
kəs özünü
özünə sərf
edən kimi tərbiyə edir.
- Film üçün
ssenarilər necə, yazırsınızmı?
- Kinossenari yaza bilərəm, amma bu elə
işdir ki, gərək sənə ssenarini sifariş edələr. Bu ayrıca
bir janrdır. Mən ilk növbədə dramaturqam.
Yazdıqlarımın da
az qala
yarısı komediyadır.
Mən dramaturgiyanı və poeziyanı 7-8-ci sinifdən
oxumağa başlamışam.
Doqquzuncu
sinifdə M.Qorkinin, B.Brextin, A.Çexovun bütün pyeslərini oxumuşdum. Qaldı mövzuya,
bu insanın daxilindən gəlir, məsələlər barədə
fikirləşirsən, hadisələri
daha dərindən dərk etməyə çalışırsan, özünə
sual edirsən - bu, necə oldu
ki, qorxaq oldu, yaxud da
yaltaq?!
Mənim «Uzunqulaq» adlı bir komediyam var. Pyes boyu ana öz oğlunu axtarır. Məlum olur ki, oğlu istixarə nəticəsində uzunqulağa çevrilib ki, paradı o başlasın. Uzunqulaq elə bilir ki, o qabaqda qaçdığına görə şöhrətlənəcək. Halbuki onun sahibi təriflənir, məşhurlaşır. Pyesin axırında ana oğlunu tapır və soruşur: «A bala, necə olur ki, biz sizin adınızı «Aslan» qoyuruq, «Qartal» qoyuruq, «Bəbir» qoyuruq, siz axırda gəlib uzunqulaq olursunuz? Əslində, bunun səbəbi onsuz da pyes boyu görünür.
Yazıçı hər şeyin yaxşı olduğunu yazırsa, “hər şey əladır” devizi ilə hərəkət edirsə, riyakarlıq edir, demək, özü də pisliyin içindədir. Bütün cəmiyyətlərdə naqisliklər olur. Dramaturq, yazıçı isə olanları görməli və göstərməlidir.
- Şeir və hekayələr də yazırsınız...
- Üç cilddə pyeslərim çap olunub. Dördüncü kitab şeirlərim, hekayələrim və deyimlər olacaq. Yüzə qədər deyim var. Bunlar seçilmiş deyimlərdi. Şeirlərin janrı müxtəlifdir. Əksəriyyəti cavanlıqda yazdıqlarımdır. 500-dən yuxarı şeirim var və onların arasından 200-nü seçdim.
- Pyes yazırsınız, bəzənsə onu tamaşaya qoyursunuz. Pyesi yazmağa başlayanda onu tamaşa kimi görürsünüz, yoxsa necə?
- Ümumiyyətlə,
pyes yazmaq nə qədər
çətindirsə, onu tamaşaya
hazırlamaq ondan ikiqat
çətindir. Mövzu beynində əvvəlcədən
«bişməlidir». Tamaşaya başlayanda yozumu,
konsepsiyanı görməliyəm, aktyoru
görməliyəm. Bir də görürsən teatrda Hamlet yoxdur, amma «Hamlet»i səhnəyə qoyurlar. Quruluşçu rejissor mizan verən deyil, rejissor aktyoru görməlidir, onunla işləməlidir. Bilməlidir ki,
bu aktyordan Hamlet alınar, ya yox. Axı Hamlet tək Smoktunovskinin
(aktyor) deyil, həm də Kozintsevin (rejissor) Hamletidir. Şərt
«Hamlet»i səhnələşdirmək
deyil, «Cırtdan»ı
elə yaxşı tamaşaya qoymaq olar ki...
- Tamaşada rəssam işi nə deməkdir sizin üçün? Onu həmmüəllif kimi tanımaq olarmı?
- Tamaşanın
müəllifi rejissordur.
Rəssam istəsə də,
istəməsə də
icraçıdır. O, rejissorun dediklərini icra edir. Onun
ideyası ola
bilməz. Yəni gərək o miqyasda rəssam ola
ki, rejissoru inandıra bilə. Məsələn, Robert Sturuanın işlədiyi rəssam var, ona çox
inanır.
- Son vaxtlar sizi təsirləndirən
film, kitab, tamaşa...
- Təxminən
bir ay əvvəl vaxtilə baxdığım
bir filmi “Mədəniyyət” kanalında
bir daha göstərdilər. Bu, Mixalis Kakogiannisin çəkdiyi «Zorba yunan» filmi idi.
Bu film məni çox təsirləndirdi.
Film yunanların adət-ənənələrini, naqisliklərini elə göstərir ki, artıq kiminsə irad tutmağa sözü qalmır.
Yeri gəlmişkən, bu kanala təşəkkür
edirəm. Bu film məni
dəhşətə gətirdi...
A.Dadaşova
Mədəniyyət.-
2013.- 20 fevral.- S. 10.