Bilirsənmi, nələr oldu?”

 

   Premyera

  

    

   Xanım hey!

   Dədə Qorquddastanının boyları bu müraciətlə başlayır. Ümumiyyətlə, Şərq ədəbiyyatında şahlara, padşahlara, xanlara vəzirlərə belə müraciətlə danışılan əhvalatlar çoxdur. Əyləncə funksiyasından istifadə edib şahı, xanı adilləşdirmək məqsədilə yazılanlar da az deyil. Bunlar heç.

   «Dəli Domrul» dastanın o boylarındandır ki, burada insan komik bir situasiyaya düşür komik olduğu qədər həyatidir. Qəhrəman mütləq gücü tanımalı olur bu mütləq güc formal olaraq tanrı, real olaraq sevgidir.

   Dövlət Kukla Teatrının «Dəli Domrul» tamaşasında (rejissor Rəhman Əlizadə) şərtilik forma olaraq uğurlu seçilib. Çünki əhvalatın məzmununda da şərtilik var.

   Aktyorlar tamaşaçıların qarşısında kuklaları düzəldir, oxuyur, sonra dağıdırlar. Bu tamaşaya bir uzaqlıq, pritçavari zamansızlıq, həm xəyalilik effekti gətirir.

   Tamaşanın quruluşçu rəssamı Lətifə Quluzadədir. Rəssam tamaşanın bədii parametrlərinə uyğun olaraq səhnəni dekorla yükləyib, zaman, məkan kimi konkretliklə ağırlaşdırmayıb.

   Dədə Qorqud gəlib qopuz çalır. Məşhur deyimlərini söyləyir. Tamaşada ağsaqqal ağbirçəklərin ümumiləşdirilmiş obrazları da iştirak edir. Bunlar Domrulu qınayırlar. Domrul onları təhqir edir.

   Xaqani Əliyev Domrulu ərköyünləşmiş, yaşca böyüsə , cahil qalan gənc kimi təqdim edir. O, başqalarının acılarını görmür, hər şeyi öz kefi üçün, gücü, cahil heyvərəliyi hesabına qurur. Ətrafdakılarsa qəribə bir itaətkarlıqla onunla razılaşırlar. Bu itaətkarlıq «hamı necə, mən elə» prinsipinə əsaslanır. Domrul onları tək-tək, bircə-bircə o körpüdən keçirir. Yalnızca bir nəfər (Elnur Əliyev) körpünü keçməzdən əvvəl məşhur misraları deyir: «Keçmə namərd körpüsündən, qoy aparsın sel səni... Sel olmadığı üçün, o da körpüdən keçməli olur. Bu yalançı pafosla Elnur tamaşaçıları güldürür yadda qalır.

   Milli musiqilər, rəqslər dinamik tamaşanın temporitmini daha yüksəldir. Tamaşa ikiplanlıdır-həm kuklalarla, həm canlı planla işləyirlər. Domrulun ata-anası, halalı, Dədə Qorqud, Əzrail, ağsaqqal ağbirçəklər kuklalarla təqdim olunur. Domrul başqa iştirakçılar canlı planlardır. Bu qəhrəmanı önə çəkmək, onu mərkəzləşdirmək üçün daha yararlıdır.

   Əzrail klassik dastanda olduğu kimi al qanadlı, heybətli qoca kimi təsvir olunub.

   Tanrı da oyuna uyğun olaraq obrazlaşıb:

  

   Ucalardan ucasan,

   Kimsə bilməz necəsən!

   Gözəl Tanrı, çox cahillər

   Səni göydə arar, yerdə arzular.

   Sən möminlərin könlündəsən.

   Sən əbədi hökmransan.

   Böyük yollar üzərində

   İmarətlər yapım-qurum səninçin.

   Harda görsəm, ac doyurum səninçin.

   Çılpaq görsəm, don geydirim səninçin.

   Alırsansa, ikimizin canını birgə al!

   Sağ qoyursan, ikimizə rəhm et!

   Kərəmi çox, Qadir Allah!

  

   Bu sevginin güc olaraq, tapınacaq yeganə güc olaraq qələbəsidir. Hərçənd bu, tamaşanı problematik cəhətdən bitirmir. Domrul necə islah olunacaq? O, qalan yüz qırx ili necə yaşayacaq? Bəlkə Tanrı o itaətkar kütlə üçün, Domrulu Dəli Domrul edənləri cəzalandırmaq üçün ona yüz qırx il ömür verib...

  

   Aliyə

 

  Mədəniyət.- 2013.- 20 fevral.- S. 10.