Aleksandr Dümanın izi
ilə
Beynəlxalq turizm marşrutunun sertifikatlaşdırılmasının hansı üstünlükləri və çətinlikləri var?
Azərbaycanda mədəni turizm marşrutları
sertifikatlaşdırılır. Avropa Mədəni
Turist Marşrutları İnstitutu
tərəfindən müəyyənləşdirilmiş meyarlara əsasən ilk olaraq «Aleksandr Düma Qafqazda» mədəni
turizm marşrutunun
sertifikatlaşdırılması işinə
başlanılıb. Marşrut üzrə
tədbirlər planının ilkin
variantı da hazırlanıb. Bu marşrutun beynəlxalq
sertifikatlaşdırılması üçün
üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiyanın
iştirakı vacibdir. Çünki
adıçəkilən marşrut bu ölkələrin ərazisindən keçir.
Qeyd edək ki, ötən ilin aprelində «Avropa Şurasının Mədəni Marşrutları üzrə Hissəvi Sazişi»nin dövlət qurumları İdarəetmə Şurasının Lüksemburqda keçirilən 2-ci iclasında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunmuşdu və 14 ölkənin yer aldığı qurum Avropanın beynəlxalq mədəni turizm marşrutlarının tətbiqi, təşviqi və sertifikatlaşdırılması ilə məşğul olur. Daha bir neçə ölkə isə qurumun iclaslarında müşahidəçi kimi təmsil olunur. Həmin iclasda Azərbaycan Respublikası qurumun 4 ölkədən ibarət Rəyasət Heyətinə üzv seçilib. Rəyasət Heyəti qurumun ali orqanı olaraq Avropa məkanında beynəlxalq mədəni turizm marşrutlarının öyrənilməsi, tətbiqi, təşviqi və sertifikatlaşdırılması üzrə mühüm rol oynayır. Məlumat üçün bildirək ki, Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən indiyədək 21 beynəlxalq mədəni turizm marşrutu sertifikatlaşdırılıb.
Sertifikatlaşdırmada marşrut boyu turist xidmətlərinə xüsusi önəm verilir
Bəs turizm marşrutunun sertifikatlaşdırılması nə deməkdir, bu proses marşrutun tanıdılmasına və bu istiqamətdə turistlərin cəlbinə hansı töhfəni verəcək? Bu sualla Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanova müraciət etdik. Həmsöhbətimiz bildirdi ki, sertifikatlaşdırma zamanı Avropa standartlarına uyğun olaraq marşrut boyunca göstərilən turist xidmətləri, o cümlədən hotellər, iaşə xidmətləri, nəqliyyat nəzərdə tutulan göstəricilərə cavab verməlidir: «Standart keyfiyyətli xidmət deməkdir. Biz də istəyirik ki, qoşulduğumuz beynəlxalq marşrutlar, eyni zamanda təqdim etdiyimiz «Aleksandr Düma Qafqazda» beynəlxalq mədəni turizm marşrutu Avropa Mədəni Turist Marşrutları İnstitutunun tələbləri səviyyəsində olsun. Bu marşrutun sertifikatlaşdırılması üçün əsas şərtlərdən biri onun əhatə etdiyi üç ölkə arasında bağlanan müqavilə ilə bütün marşrut boyu eyni formatda, eyni səviyyədə turistlərin qəbulunun həyata keçirilməsidir».
O
ki qaldı marşrut boyu yerləşən mədəniyyət və
turizm obyektlərinin
sertifikatlaşdırılmasına, M.Qəhrəmanov bildirdi ki, tələb edilən
standartlara uyğun olaraq turistin qəbulu, obyekt haqqında verilən məlumat, orada göstərilən xidmətlərin səviyyəsi
yüksək səviyyədə həyata keçirilməlidir:
«Hər bir obyektin özü də müvafiq
qaydada sertifikatlaşdırılır. Və
yaxud da ola bilər ki, marşrut boyunca yerləşən
obyekt hansısa göstərdiyi xidmətə,
turist qəbuluna və s.
görə sertifikat almış olsun. Bu zaman
bu üstünlüyünə görə
o da marşruta
daxil edilə bilər. Sertifikatlaşmanın turist cəlbinə təsirinə gəldikdə,
hər turizm şirkətinin internet saytı
var. Bu saytlarda sertifikatlaşdırılmış
bütün marşrutlar
haqqında turistlər
üçün zəruri
məlumatlar yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyi də bu istiqamətdə təşviqat işləri
aparır. İştirak etdiyimiz beynəlxalq sərgilərdə həmin
marşrutlar haqqında
müxtəlif dillərdə
çap məhsulları
təqdim edilir. Bu, mədəni turizm
marşrutları ilə
maraqlanan müştərilər
üçün səmərəli
və əlverişlidir».
Azərbaycanda etnomuzeyin yaradılmasına ehtiyac var
Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov bildirdi ki, Azərbaycanda 4 beynəlxalq mədəni turizm marşrutu var. Bunlar «Aleksandr Düma Qafqazda», «Babaların zəfər yolu», «Şərab yolu» və «Böyük İpək yolu» marşrutlarıdır. Daha bir marşrutun hazırlanması da nəzərdə tutulur. Bu da «Siemens qardaşları Gədəbəydə» adlanır. Onun sözlərinə görə, marşrutun sertifikatlaşdırılması çətin işdir: «Turizm marşrutu sertifikatlaşdırılır dedikdə, burada söhbət, təbii ki, marşrut boyunca göstərilən xidmətlərin sertifikatlaşmasından gedir. 90-cı illərin əvvəllərində Rusiyada bütün turizm marşrutlarının sertifikatlaşması məsələsi gündəmə gəlmişdi. Sertifikatsız marşrutun satılmasına imkan vermirdilər. Sonralar onlar bundan yavaş-yavaş əl çəkdilər. Çünki bu, uzun və çətin prosesdir. Hər hansı bir marşrutun üzərində göstərilən xidmətlərin sertifikatlaşmasının özü bir problemdir.
Marşrutdan hansı şirkətin istifadə etməsindən asılı olmayaraq, vahid prinsiplər olmalıdır. Məsələn, «Aleksandr Düma Qafqazda» marşrutunda Azərbaycanla yanaşı, Rusiya və Gürcüstan da iştirak edir. Sertifikatlaşdıqdan sonra o iki ölkədə hansı xidmətlər göstərilirsə, Azərbaycanda da o tipli xidmət göstərilməlidir. Tutaq ki, marşrut boyu hərəkət edən turistlərə Rusiya ərazisindən keçəndə yüksək komfortlu avtobus verilibsə, Azərbaycan ərazisindən keçəndə də onlara həmin avtobuslardan təklif edilməlidir. Aşağı komfortlu avtobus olmaz. Qidalanma, yerləşdirmə müəssisələri də həmçinin. Eyni zamanda qiymətlər də uyğun olmalıdır. Çünki təklif edilən məhsul eynidirsə, bunun qiyməti də fərqli olmamalıdır».
Mütəxəssis bildirdi ki, Azərbaycanda mövcud olan hər bir mədəni marşrutun öz turisti var. Bu baxımdan «Aleksandr Düma Qafqazda» marşrutu fransızlar üçün maraqlıdır. Bunun təbliği ilə Fransada daha çox məşğul olmaq lazımdır.
Həmsöhbətimiz onu da qeyd etdi ki, turizm şirkətləri ölkəyə gələn turistlərə xidmət proqramında mütləq tariximiz, mədəniyyətimizlə bağlı obyektlərə ekskursiyalar salırlar. Azərbaycana gələn turist, sözsüz ki, ilk növbədə İçərişəhəri gəzir. İçərişəhər Bakıda bir turizm mərkəzi kimi formalaşıb: «Amma Azərbaycanda bir etnomuzeyin yaradılmasına ehtiyac var. Elə bir muzey ki, burada ölkəmizin bütün guşələrinin xüsusiyyətlərini özündə əks etdirən sahələr olsun. Məsələn, Lahıcın, Basqalın, Şəkinin, Lənkəranın, Masallının və s. özünəməxsus adət-ənənələri orada olsun. Yaxud Ordubadın və ya Daş Salahlının Novruz bayramı ənənəsi burada öz əksini tapsın. Bu muzeyin Bakı və ya şəhərətrafı ərazilərdə yerləşməsi çox önəmlidir. Çünki Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Bakıya gəlir.
Dünya ölkələrində belə muzeylər çoxdur. İldə minlərlə turist məhz həmin muzeyləri ziyarət etmək üçün gəlir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 20 fevral.- S. 9.