Ömrün qızıl çağı

 

   Xalq artisti Arif Babayevin 75 illik yubileyi Ağdamda qeyd olunub

  

   Fevralın 16-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “İstiqlal” ordenli, professor Arif Babayevin 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Quzanlı qəsəbə Mədəniyyət evində keçirilən tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, yubilyarın sənət yoldaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

  

   Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov tədbirə qatılan qonaqları səmimiyyətlə qarşılayıb. Tədbir iştirakçıları mədəniyyət evinin foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına tər çiçək dəstələri qoyublar.

   Sonra mədəniyyət evinin zalında yubiley mərasimi başlanıb. Tədbirin aparıcısı, Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov yubilyarı səhnəyə dəvət edərək sənətkarın ömür yolu, bənzərsiz yaradıcılıq fəaliyyəti barədə məlumat verib.

   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli nazir Əbülfəs Qarayevin yubilyara təbrik məktubunu oxuyub. Təbrik alqışlarla qarşılanıb.

   Arif Babayevin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişindən sonra Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, xalq artistləri Əlibaba Məmmədov və Canəli Əkbərov, A.Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Ağdam Dövlət Dram Teatrının direktoru Fəxrəddin Hacıyev sənətkara təbriklərini çatdırıblar, ona yaradıcılıq uğurları və cansağlığı arzulayıblar.

   Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, xanəndələr Ehtiram Hüseynov, Sabir Abdullayev, Elnur Zeynalov və “Şur” ansamblının ifasında muğamxalq mahnıları səsləndirilib.

   Çıxışlarda Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Arif Babayevin həyat və sənət yolu, özünəməxsus ifaçılıq üslubundan söhbət açılıb. Bildirilib ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Uşaq yaşlarından Qarabağ muğam ustalarının ənənələrini mənimsəyib. 1961-ci ildə Ağdam Rayon Mədəniyyət Evində əmək fəaliyyətinə başlayıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına dəvət alan xanəndə “Əsli və Kərəm” operasında Xalq artisti Rübabə Muradova ilə baş rolda tərəf-müqabil olub. Həmin il A.Babayev Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili teatr fakültəsinə daxil olub. 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, 1966-cı ildə Xalq artisti Əfrasiyab Bədəlbəylinin dəvəti ilə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında fəaliyyətə başlayıb.

   2006-cı ilədək bu teatrda çalışan Arif Babayev müxtəlif illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından olub. Onun ifa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah”, “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları musiqi mədəniyyətimizin xəzinəsinə daxildir.

   Arif Babayev 60-dan çox ölkədə qastrol səfərində olub, muğamlarımızın, milli musiqimizin təbliğində, sevilməsində böyük xidmətlər göstərib.

   Tədbirdə Arif Babayevin pedaqoji fəaliyyətindən də bəhs edilib. Məlumat verilib ki, xanəndə Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfinin ilk müəllimlərindən biri olub, Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi dərəcəsinə layiq görülüb. Hazırda sənətkar Azərbaycan Milli Konservatoriyasında muğam kafedrasının müdiridir. Onun yetirmələrinin əksəriyyəti respublikamızın tanınmış, adlı-sanlı xanəndələridir.

   Arif Babayevin OperaBalet Teatrının solistimuğam ifaçısı kimi səmərəli fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1978-ci ildə “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Arif Babayev dövlət başçısı İlham Əliyevin 2008-ci il 15 fevral tarixli sərəncamı ilə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Muğam ustasının 70 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondunun təqdimatıyla xanəndənin xalq mahnıları, təsnif və muğamlardan ibarət 4 ədəd kompakt disk buraxılıb, “Arif Babayev-70” kitabı Azərbaycan və ingilis dillərində nəşr edilib. 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən xanəndəyə “Qızıl çinar” mükafatı verilib.

   Tədbirin sonunda çıxış edən yubilyar mədəniyyət və incəsənətimizin inkişafına Prezident İlham Əliyevin diqqətini yüksək qiymətləndirib, muğam sənətinə göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

   Yubiley tədbiri Arif Babayevin və “Şur” ansamblının birgə ifasında “Qarabağ şikəstəsi” ilə başa çatıb.

 

Mədəniyyət.- 2013.- 20 fevral.- S. 8.