Hotelçilik
qonaqpərvərlik biznesidir
Tarek Murad: “Azərbaycan regionun aparıcı turizm mərkəzi olmağa layiqdir, bunun üçün burada hər cür şərait var”
Ölkəmizdə
çalışan əcnəbi hotel menecerləri ilə
müsahibələr məndə Azərbaycan turizmi və onun
gələcəyi ilə bağlı xoş təəssürat
yaradır. Beşulduzlu lüks “Four Seasons Baku” hotelinin baş
meneceri Tarek Muradla söhbətimiz də bu sektorun öz
işini dərindən bilən, peşəkar insanların
idarəçiliyində olduğu qənaətimi bir daha
möhkəmlətdi.
Həmsöhbətim öncə
özü haqqında məlumat verdi:
- 49
yaşım var. Ana tərəfim Yunanıstandan, ata tərəfim
isə Misirdəndir. Hər ikisi də turizm ölkələridir.
Misirdə böyüyüb boya-başa çatmışam. Gənc
yaşlarımdan hotelçilik işindəyəm.
Qohumlarımın əksəriyyəti bu sahədə
çalışdığından məndə böyük
maraq yarandı. Ticarət təhsili aldığım vaxtlarda
da Qahirədə beşulduzlu hotellərdə
çalışırdım, treninqlərə
qatılırdım. Hotelçilikdə ilk işim liftçi
olub. Əşyaları daşıyan hotel bələdçisindən
pillə-pillə menecerliyə doğru irəliləmişəm.
Ən maraqlısı hotel bələdçiliyi idi.
Müştərinin bir çox işlərini siz yoluna
qoyursunuz, ona yardımçı olmağa
çalışırsınız. Məsələn,
turist italyan restoranında şam etmək istəyirsə, siz
onun üçün ən gözəl yeri sifariş edirsiniz,
qayğı və diqqətlə əhatə olunmasına
çalışırsınız, şəhər turuna
çıxmaq istəyirsə, ən gözəl və rahat
marşrutu seçirsiniz, lazım olan bütün xidmətləri
gülərüz və səbirlə yerinə
yetirirsiniz. Bir növ turistin şəxsi məsləhətçisinə
çevrilirsiniz. 30 ildir ki, bu sahədəyəm. “Four Seasons”
hotellər şəbəkəsi ilə əməkdaşlığım
isə 13 ildir ki, davam edir.
- Çox maraqlı iş təcrübəniz
var. Hotelçilikdə ən aşağı pillədən
yuxarıya qədər pillələri, obrazlı desək, fəth
etmisiniz. Yəqin ki, idarəetmədə çətinlikləriniz
olmaz...
- Öncə onu deyim ki,
hotelçilik olduqca asan sahədir. Çünki
bizim gündəlik həyat tərzimizdən yaranan biznes sahəsidir.
Evimizə qonaq gəldikdə ilk öncə nə
edirik? Onu xoş, gülərüzlə qarşılamağa
çalışırıq. Evimizin səliqəli
və yerli-yerində görünməsinə fikir veririk.
Bütün bunlar hotelçiliyin təməl
prinsipləridir. Eynilə biz də
çalışırıq ki, qonaqlarımızı gülərüzlə
qarşılayaq, restoranlarımız təmiz, səliqəli
görünsün, yemək və içkilərin ən əlasını
müştərilərə yüksək səviyyədə
təqdim edək. Hər hansı köməyə
ehtiyacları olduğu zaman yanlarında olaq. Bu işin yaxşı tərəfi isə odur ki, evdən
fərqli olaraq burada bütün gördüyünüz
işlərə görə, sizə pul da ödəyirlər.
- Nə vaxtdan
Bakıdasınız? Ölkəmiz və
paytaxtımız barədə təəssüratınız
necədir?
- Bakıya 2011-ci ilin aprelindən gəlmişəm.
Ölkəniz və paytaxtınıza gəldikdə,
öncə onu deyim ki, mənim üçün ən ümdə
olan insandır, insan faktorudur. İstədiyiniz
xarici ölkəyə getdikdə, çox şeylər -
gözəl binalar, əyləncə məkanları, təbiət
gözəlliklərini görürsünüz. Bunlar ölkəni tanımaqda sizə əlavə
yardımçı vasitələrdir. Amma
siz insanlarla işləyirsiniz, onlarla ünsiyyətdə
olursunuz, onlarla təəssüratınızı
bölüşürsünüz. Bu
baxımdan Azərbaycanda işləmək mənə
rahatdır. Sizin insanlar mənim mənsub
olduğum mədəniyyətə çox yaxındır.
Azərbaycanlılar qonaqpərvər,
istiqanlı, nəzakətli, comərd, öz tarix və mədəniyyətlərindən
qürur duyan insanlardır. Mənim burada
diqqət etdiyim və xoşuma gələn cəhətlərdən
biri də insanların sosial statusundan və maddi durumundan
asılı olmayaraq son dərəcə səliqəli,
zövqlə geyinməsidir. Bunu ictimai nəqliyyatda
da, küçədə də görmək olur. Digər xoşuma gələn cəhət
çalışqanlıqdır. Bakı
isə sürətlə inkişaf edir, tikinti-quruculuq işləri
gedir. Çoxlu layihələr
reallaşdırılır. Küçələr
və binalar gözəlləşir, yeni restoranlar, ticarət
və əyləncə mərkəzləri istifadəyə
verilir. Burada olduğum iki ilə yaxın
müddətdə çoxlu müsbət dəyişikliklərin
şahidi oldum. Məncə, bütün bu
müsbət məqamlar sizin öz tarixinizdən, mədəniyyətinizdən
irəli gəlir. Bunu tarixi binalara baxanda
da, muzeylərə baş çəkəndə də, rəssamların
əl işlərində də görmək olur. Bütün sadaladığım müsbət məqamları
bir araya gətirdikdə isə ortada inkişaf
üçün böyük potensialın olduğunu
görürsən. Mən Ərəb
körfəzi ölkələrində də işləmişəm.
Orada gedən inkişaf prosesi ilə Azərbaycandakı
inkişaf arasında inanılmaz dərəcədə bənzərlik
var. Fərq yalnız ordadır ki, burada mədəniyyət,
incəsənət, tarix və təhsil səviyyəsi daha
yüksəkdir.
- Azərbaycanda turizmin gələcəyini
necə görürsünüz?
- Sizin hərtərəfli, zəngin
irsiniz var. Sadəcə, bunu gözəl təqdim etməklə
böyük uğur qazana bilərsiniz. Bəzi
ölkələr hələ bu irsi yaratmalıdır, ancaq siz
təqdimatla kifayətlənə bilirsiniz, çünki sizdə
bütün bunlar mövcuddur. Azərbaycan
regionun aparıcı turizm mərkəzi olmağa layiqdir.
Bunun üçün burada hər cür şərait
var. Gözəl dörd fəsil, alicənab insanlar, əsrarəngiz
təbiət, Xəzər dənizi, bütün bunların
başında isə ölkə rəhbərliyinin
düzgün, düşünülmüş siyasəti.
İndiki Bakını iki il öncəki
ilə müqayisə etsəniz, görərsiniz ki, yalnız
beşulduzlu hotellərin sayında nə qədər artım
olub. Bakıya gələn beynəlxalq hotel
brendləri burada ən yüksək səviyyədə təmsil
olunmağa, ən yaxşısını
reallaşdırmağa çalışırlar. Bu isə o deməkdir ki, Azərbaycan istənilən
beynəlxalq tədbiri rahat şəkildə keçirmək
üçün bütün lazımi imkanlara sahibdir. Coğrafi mövqe də nikbin olmağa imkan verir.
Şərqlə Qərbin qovuşması, Yaxın Şərq
və Avropaya yaxınlıq, ölkənin Xəzər dənizinin
sahilində yerləşməsi və s. Sadəcə, müəyyən
marketinq üsullarından istifadə etməklə
bütün bunları dünyaya çatdırmaq
lazımdır. Dəqiq deyə bilərəm ki, beş ildən sonra Bakı bu regionun turizm mərkəzlərindən
biri olacaq.
- Sizin hotellər şəbəkəsi
niyə “Four Seasons” - bizim dilimizdə desək “Dörd fəsil”
adlanır. Bunun xüsusi bir mənası
varmı?
- Bu, Kanada kökənli
kampaniyadır. 60-cı illərin əvvəllərində
qurulub. İsador Şarp tərəfindən
yaradılıb. O, cavan arxitektor olarkən bu şirkəti
təsis etmək qərarına gəlib. İlk
hotelini açdıqdan sonra digər hotelləri də mərhələ-mərhələ
istifadəyə verib. Bu adın seçimi
ilə bağlı xüsusi məqamın olduğunu
düşünmürəm, yəqin ki, gözəl ad
olduğu üçün seçilib. Həm
də “Four Seasons” hotelinin konsepsiyasında əsas məqam
yüksək səviyyəli xidmətdir. Bina və məkan
olaraq bundan daha yaxşı hotellər açıla bilər,
bizim üçün əsas məsələ müştərinin
ən az dörd fəsil unutmayacağı
təəssüratdır.
- Bəs sadə, əcnəbi
turist kimi baş çəkdiyiniz məkanlarda xidmətin səviyyəsi
sizi qane edirmi?
- Biz hamımız insan olaraq tam məmnun
olmuruq və daim daha yaxşısını istəyirik, təbiətimiz
belədir. Siz də xidmət sektorunda işləyirsinizsə,
insanın tam məmnun olmama hissini daim nəzərə
alıb inkişaf etməli, yeniliklər etməlisiniz. Biz hotel olaraq daim yeniləşməyə
çalışırıq. Eyni ilə
digər hotellərdə də son iki ildə böyük dəyişikliklərin,
inkişafın olduğunu söyləyə bilərəm.
Biz cəmi 6 aydır ki, fəaliyyətdəyik.
İnkişaf da göz qabağındadır.
Ancaq soruşsanız, biz istədiyimiz yerdəyikmi?
Xeyr. Getməli olduğumuz
yol hələ çox uzundur. Bu gün
qonaqların rəyi əsasında hazırlanmış
hesabata baxdım. 2012-ci ilin sentyabrı ilə
müqayisədə ümumi səviyyədə böyük
artım olub. Uğurlarla kifayətlənmək
olarmı? Xeyr.
- Hotelçilikdə hansı
çatışmazlıqları sezirsiniz?
- Ümumiyyətlə, mən həmişə
yarıboş yox, yarıdolu olanı görməyə
çalışan insanam. Bu gün Azərbaycanda iki il öncə ilə müqayisədə daha
çox yeni restoranlar var, bu sahədə daha çox insan
çalışır. Xidmətin səviyyəsi
qalxıbmı? Şübhəsiz. Ancaq inkişaf etmək üçün həmişə
yer var. İnsanlara daha yaxşı gülümsəyə bilərsiniz,
daha yaxşı ünsiyyət qura, xidmətlərin
sayını və keyfiyyətini artıra bilərsiniz. Doldura biləcəyiniz boşluqlar daim var.
Çatışmazlıqlar olur, var və olacaq. Bu bütün dünyadakı “Four Seasons” hotellərində
baş verir. Sadəcə, biz sistemimizi səhvləri
gizlətmək üzərində qurmuruq. İşçi
səhv edirsə, onu açıq etiraf edir və buna görə
onu cəzalandırmırıq, məvacibini kəsmirik, bilmədiyi
bir şey varsa öyrədirik. Bu yolla səhvlərimizi
aradan qaldırırıq və əmin oluruq ki, onlar təkrar
olunmayacaq. Bu səhvləri ümumi komanda
ilə də müzakirə edirik və hamının agah
olmasına çalışırıq. Dil
bacarıqlarımızı inkişaf etdirməliyik. İngilis dili mütləq yüksək səviyyədə
olmalıdır. Səhv etməkdən
qorxmağa dəyməz, əgər o səhvlərdən
öyrənməyi bacarırsınızsa.
- Azərbaycanın mətbəxi
ilə yəqin ki, artıq tanışsınız?
- Bəli, tanışam,
özü də yaxından. Buranın yeməklərini
çox bəyənirəm və mənim
böyüdüyüm ölkə ilə mətbəxlərdə
çox yaxınlıq var. Plov çox xoşuma gəlir.
Qızardılmış balıq və ət
yeməklərini də çox xoşlayıram.
- Azərbaycanın regionlarında
olmusunuzmu?
- Şamaxıda,
Qobustanda olmuşam. Burada tarixi abidələr
və təbiət çox xoşuma gəldi. Fikirləşirəm ki, bu cür gözəllikləri
dünyaya göstərmək lazımdır. Regionlarda yeni hotel və istirahət mərkəzləri
açılır, infrastruktur formalaşır. Bunu adi gözlə də müşahidə etmək
mümkündür.
- Hotelçilik sahəsində
böyük təcrübəsi olan şəxs kimi regionlara,
yoxsa artıq meqapolisə çevrilmiş Bakıya investisiya
qoymağı məsləhət görərdiniz?
- Bunların hər ikisi paralel
şəkildə aparılmalıdır. Siz Azərbaycanı
həm bütöv, həm də ayrı-ayrı gözəllikləri
önə çıxararaq təqdim etməlisiniz. Yalnız regionlara və ya sadəcə Bakıya
investisiya qoymaqla turizmin hərtərəfli inkişafına
nail olmaq mümkün deyil. Azərbaycan bu
baxımdan üstünlüklərə sahibdir. Elə regionlar var ki, onlar yayda gözəldir, digərləri
isə qışda. Bu baxımdan hərtərəfli
inkişaf üçün hərtərəfli də
yatırım olmalıdır.
- Sizcə, ölkəyə daha
çox əcnəbini necə cəlb edə bilərik?
- Vizaların verilmə prosesini sadələşdirmək,
dünyaya açılmaq və Azərbaycanın gözəllikləri,
tarixi və mədəniyyəti barədə insanları məlumatlandırmaq,
ölkəni nəqliyyat qovşağına çevirmək,
beynəlxalq tədbirlərin daha çox Azərbaycanda
keçirilməsinə nail olmaq olar. Bu sahədə də
iş görülür. Məsələn, ötən il Bakı “Eurovision” müsabiqəsinə ev
sahibliyi etdi, 2015-ci ildə burada Avropa Olimpiya Oyunları
keçiriləcək. Müasir marketinq
üsullarından istifadə etməklə də ölkəyə
turist axınını artırmaq olar.
Sadiq
Musa
Mədəniyyət.-
2013.- 20 fevral.- S. 7.