Yaddaşlarda yaşayan sənətkar

 

   Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirildi

  

   Fevralın 15-də Dövlət Film Fondunda görkəmli teatrkino aktyoru, Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Gənc Tamaşaçılar Teatrı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə sənət adamları, aktyorun yaxınları çıxış edərək xatirələrini bölüşdülər.

  

   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev xatirə gecəsini açaraq görkəmli sənətkarla ilk dəfə “Alma almaya bənzər” filminin (1975) çəkilişində tanış olduğunu dedi. Xatırladaq ki, həmin filmdə Hüseynağa Sadıqov Nadir baba, Cəmil Quliyev isə məktəbli Kərimov rolunda çəkiliblər: “Uşaq üçün məşhur aktyorla birgə çəkilmək sevindirici hal idi. Təsəvvür belə etməzdim ki, o, necə mülayim insan idi. Çəkiliş meydançasında kimə nə lazım olurdusa, onun yanına qaçırdı. Tədbirli insan idi. Cibində də həmişə müxtəlif dərmanlar olardı. Deyirdi ki, birdən kiməsə nəsə olar və qəfil lazım olar”.

   Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə aktyorun “Yenilməz batalyon” filmindəki (1965) rolu (Feldfebel) haqqında danışaraq bildirdi ki, o cür mülayim insanın nifrətlə baxması istedad tələb edirdi: “Onun belə sözü vardı, dağa dırmaşanda heç vaxt insanlara yuxarıdan aşağı baxma, vaxt gələr aşağı düşərsən və əlini tuta biləcək kimsən olmaz”.

   Xalq artistləri Tofiq İsmayılov, Tariyel Qasımov və başqaları çıxış edərək sənətkarın yaradıcılıq yolundan söz açdılar, onunla bağlı xatirələrini danışdılar. H.Sadıqovun Rusiyada çəkildiyi “Ələddinin sehrli çırağı” filmi haqqında məlumat verdilər. Aktyorun qızı Tamilla Sadıqova da atası ilə bağlı xatirələrdən danışdı, tədbirin təşkilatçılarına, gələn qonaqlara minnətdarlığını bildirdi.

   Gecədə aktyorun çəkildiyi filmlərdən kadrlar nümayiş olundu, fotoşəkillərindən ibarət videoçarx təqdim edildi. Fondun foyesində tanınmış sənətkara həsr edilmiş fotosərgi də maraqla qarşılandı.

   Hüseynağa Sadıqov 1914-cü ildə Bakının qədim məhəllələrinin birində, tacir Ələsgərin ailəsində dünyaya gəlib. 1930-cu ildə Gənc Tamaşaçılar Teatrının aktyor truppasına sınaq müddətinə qəbul olunub və qısa müddətdən sonra teatrda aktyor kimi fəaliyyətə başlayıb. Teatr səhnəsində olduğu kimi, kinoda da bənzərsiz obrazları ilə yadda qalıb. “Azərbaycanfilm” kinostudiyasında “Sehrli xalat”, “Səhər”, “Yeddi oğul istərəm”, “O qızı tapın”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Babamızın babasının babası”, M.Qorki adına kinostudiyada çəkilmiş “Ələddinin sehrli çırağı” və digər ekran əsərlərində müxtəlif səpkili obrazlar yaradıb.

   Radio verilişlərindəki işləri indi də xatırlanan sənətkar Xoruz baba, Piri baba kimi obrazlarla uşaqların sevimlisi olaraq yaddaşlarda qalıb.

   Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də vəfat edib.

  

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2013.- 20 fevral.- S. 6.