Həmidə
xanım Cavanşirin 140 illik
yubileyi qeyd olunub
Görkəmli ictimai xadim, Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından biri Həmidə xanım Cavanşirin anadan olmasının 140 illiyi münasibətilə Ağcabədi rayonunun Kəhrizli kəndindəki ev-muzeyində yubiley mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər Həmidə xanımın zəngin həyat, maarifçilik və xeyriyyəçilik fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Həmidə xanım Cavanşir 1873-cü ildə görkəmli ziyalı Əhməd bəyin ocağında dünyaya gəlib. Əhməd bəy Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsidir. Ailə məktəbində təhsil alan Həmidə xanım rus dilini səlis öyrənib. Cəlil Məmmədquluzadə ilə ailə quran Həmidə xanım ədibin ömrünün sonunadək kəşməkəşli həyat yolunda ona dayaq olub.
Həmidə xanım Kəhrizli kəndində toxuculuq emalatxanası, məktəb açıb, ətraf kəndlərdən də kömək üçün pənah gətirən insanların əlindən tutub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub.
Mirzə Cəlilin vəfatından sonra da ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, böyük sənətkarla bağlı kövrək xatirələrini ustalıqla qələmə alıb. 1955-ci ildə vəfat edib.
Həmidə xanımın Kəhrizli kəndindəki evi təmir edilərək muzeyə çevrilib, kəndin mərkəzində büstü qoyulub. Ev-muzeyi Həmidə xanımın yadigarı olan məişət əşyaları, əl tikmələri, ailə fotoarxivləri, əlyazmalarla təmin edilib.
Tədbirdə
məktəblilər şair Vaqif Kəhrizlinin Həmidə xanıma həsr
etdiyi şeirləri söyləyiblər.
Mədəniyyət.- 2013.- 20
fevral.- S. 4.