Dahi bəstəkara ithaf
olunan müəllif konserti
Fevralın 19-da Azərbaycan
Milli İncəsənət Muzeyində dahi bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti Qara Qarayevin
95 illik yubileyi münasibətilə musiqi
gecəsi keçirildi.
Bakı Musiqi Akademiyasının
dəstəyi ilə gerçəkləşən gecədə
bəstəkarlar - Əməkdar
incəsənət xadimi
Vasif Allahverdiyev və BMA-nın dosenti Ceyhun Allahverdiyevin böyük sənətkarın xatirəsinə
həsr olunmuş müəllif konserti təqdim olundu.
Tədbiri açan Bəstəkarlar
İttifaqının katibi,
musiqişünas Lalə
Hüseynova fevralın
5-dən etibarən müxtəlif
salonlarda dahi bəstəkarın yubileyi
ilə bağlı musiqili tədbirlərin keçirildiyini bildirdi:
“Bu konsertdə isə
Qara Qarayevin əsərləri səslənməyəcək.
İki tanınmış bəstəkarın
əsərləri ifa
olunacaq. Ceyhun Allahverdiyev
və Vasif Allahverdiyev Azərbaycan bəstəkarlıq məktəbinin
özünəməxsus simalarıdır.
Onlar kamera, vokal, mahnı kimi ən müxtəlif janrlarda əsərlərin
müəllifidirlər. Bu musiqilərə xas olan bir
cəhət var - milli ideyalara, türkçülüyə, milli
köklərə bağlılıq.
Biz bunu onların
«Misri», «Atatürk simfoniyası», «Cəngi sədası» kimi əsərlərində görə
bilərik. Bu musiqi məclisində nəsillərin görüşü
var. Zalda görkəmli
bəstəkar Arif Məlikov əyləşib.
Arif Məlikov Qara Qarayevin tələbəsi,
Ceyhun Allahverdiyevin isə müəllimi olub. Bu sanki
nəsillərin görüşüdür”.
Sonra söz musiqiyə
verildi. Əsasən
kamera janrının təmsil olunduğu konsertdə ilk olaraq Vasif Allahverdiyevin piano üçün «Silsilə»si
(ifaçı Mələk
Qocayeva), Rəşidə
Rəşidin ifasında
Nizami Gəncəvinin
sözlərinə yazılmış
romans ifa olundu. Tarzən Tağı Tağıyevin
ifa etdiyi «Qarabağ balladası» xüsusilə fərqləndi.
Hər iki bəstəkarın əsərləri müxtəlif
ifaçıların təqdimatında
alqışlarla qarşılandı.
Aliyə
Mədəniyyət.-
2013.- 20 fevral.- S. 2.