Yeniliklər uğurlu fəaliyyətin nəticəsidir

 

   Ozan-aşıq dünyası, bu aləmdə baş verən yeniliklər, uğur və qayğılar hər birimizdə maraq doğurur. Müsahibimiz Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğludur.

  

   - Aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsindən (2009) sonra bu sahədə baş verən yeniliklər barədə nə deyərdiniz?

   - Son illər aşıq sənətinə dövlət səviyyəsində diqqət və qayğının artması, Xalq şairi Zəlimxan Yaqubun Azərbaycan Aşıqlar Birliyinə sədr seçilməsi (2008) bu sahədə mühüm dönüş yaranmasına səbəb oldu. Dövlətimizin başçısının bu sahəyə diqqətinin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Mehriban xanım Əliyevanın bu sənətə qayğısının nəticəsidir ki, aşıq sənəti xalqımızın milli-mənəvi sərvəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu gün sazımızın səsi dünyanın ən mötəbər salonlarından gəlir. Aşıqlarımız dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq folklor festivallarında iştirak edir və vətənə mükafatçı kimi dönürlər. Azərbaycan Aşıqlar Birliyi son illərdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir sıra uğurlu layihələrə imza atıb. 2010-cu ildə isə ilk dəfə olaraq ölkəmizdə Beynəlxalq Aşıq Festivalı keçirildi. Ustad aşıqlarımızın yubileylərinin, xatirə gecələrinin keçirilməsi, onların irsinin toplanması və barələrində xatirə kitablarının nəşr olunması ənənəyə çevrilib. Dünyasını dəyişən ustadlarla bağlı nəşr etdirdiyimiz “Ozan-aşıq dünyası” adlı kitab-albom (2010) böyük maraqla qarşılandı. 2011-ci ildə “Sazımız-sazbəndimiz” adlı kitabımız işıq üzü gördü. 2012-ci ildə isə “Ustad aşıqlarımız” adlı yeni layihəyə start verdik. Artıq bu seriyadan olan “Aşıq Ələsgər” və “Xan Kamandar” kitabları oxucuların ixtiyarına verilib. Həmin seriyadan növbəti kitab bu il anadan olmasının 120 illiyini qeyd edəcəyimiz ustad aşıq İslam Yusifova həsr olunacaq. Eyni zamanda, artıq dördüncü ildir ki, “Ozan dünyası” adlı jurnalımız nəşr olunur.

   - Muğam və digər sahələrdə tez-tez müsabiqələr keçirilir. Aşıqlar Birliyi buna bənzər müsabiqə keçirməyi düşünürmü?

   - Yeni istedadları üzə çıxaran müsabiqələrin keçirilməsi yaxşı haldır. Aşıq sənəti ilə bağlı da telekanallarda müsabiqələr keçirilib. Qeyd edim ki, bunlardan yalnız 2007-ci ildə “Lider” kanalında keçirilən müsabiqə yeni istedadların üzə çıxarılması ilə yadda qaldı. Həmin yarışmanın iştirakçısı olan gənclərdən Avdı Musayev, Ramin Qarayev, Azər Xanlaroğlu, Şöhrət Kərimov, Mehdi Məsimov və digərləri bu gün aşıq sənətinə layiqincə xidmət edirlər. Aşıqlar Birliyinin belə bir layihəsi var. Hələlik obyektiv səbəblərdən reallaşdıra bilmirik. Yəqin ki, yaxın gələcəkdə bu da öz həllini tapacaq.

   - Son illər bir çox tanınmış aşıqlar fəxri adlara layiq görülüblər...

   - Aşıq sənətinə dövlət səviyyəsində göstərilən diqqət özünü aşıqlarımıza münasibətdə də göstərir. Son beş ildə fəxri adlarla təltif olunan mədəniyyət işçilərinin arasında hər il aşıqlarımızın da adı olub. Bu gün “Əməkdar mədəniyyət işçisi” fəxri adını daşıyan aşıqlarımız çoxdur. Prezidentin fərdi təqaüdünə layiq görülən ustadlarımız var. Mədəniyyət və Turizm Nazirliyi ayrı-ayrı aşıqları Fəxri diplompul mükafatı ilə təltif edir. Mədəniyyət və Turizm Nazirliyinin qayğısı sayəsində normal fəaliyyətimiz üçün ofisimiz var. Təbii ki, ayrıca binamızın olması daha yaxşı olardı. Muğam Mərkəzi kimi, Ozan Evinin də olması hər bir aşığın arzusudur. Dövlətimizin aşıq sənətinə göstərdiyi qayğı sayəsində bu arzunun da reallaşacağına inanırıq.

   - Aşıqların geyimi ilə bağlı da tez-tez danışılır. Bu barədə nə deyə bilərsiniz?

   - Düzdür, bu mövzu son zamanlar bir qədər aktuallaşıb. Amma hesab edirəm ki, bu, təkcə Aşıqlar Birliyinin həll edəcəyi məsələ deyil. Burada Aşıqlar Birliyi ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Folklor İnstitutunun və digər aidiyyəti qurumların rəyi nəzərə alınmalıdır. Mədəniyyət və Turizm Nazirliyi aşıqlar üçün milli geyim formasını müəyyənləşdirmək üçün müsabiqə də elan edib. Yəqin bu məsələ də yaxın vaxtlarda öz həllini tapacaq.

   - Cəmiyyətdə, xüsusilə gənc nəsildə aşıq sənətinə maraq sizi qane edirmi?

   - Bu gün aşıq sənətinə maraq çox güclüdür. Gənclər arasında bu sənətə maraq gündən-günə artmaqdadır. Bunu nəzərə alaraq Aşıqlar Birliyinin nəzdində pulsuz saz kursu da açmışıq. Ancaq bu sənətin təbliği ilə bağlı bizi narahat edən problemlər də var. Bu da hər şeydən əvvəl bəzi özəl televiziya kanallarının xalqımızın bu ölməz sənətinə şou prizmasından yanaşmasıdır. Amma aşıqsevərlər, bu sənət sahiblərindən yüksək peşəkarlıq, ustalıq, sənətinə bağlılıq və klassik ənənəni yaşatmasını tələb edir. Bunun üçünsə aşıq bəzən bir sıra məhrumiyyətlərə dözməli olur. Ona görə də yaxşı olar ki, dövlət xalq çalğı alətləri ansamblı, dövlət rəqs ansamblı və s. olduğu kimi, dövlət aşıqlar ansamblı da yaradılsın. Belə olarsa, ən azından 15-20 nəfər istedadlı aşıq bu ansambla cəlb olunar. Bir vacib məsələni də qeyd edim ki, bu gün Bakıda bir neçə sazbənd emalatxanası fəaliyyət göstərir. Amma saz satılan dükan yoxdur. Şəhərin mərkəzində saz emalatxanası və dükan açılması təkcə paytaxt sakinlərinin deyil, həm də şəhərimizin qonaqlarının ürəyincə olar. Axı xaricdən gələn qonaqlar arasında bu sənətlə maraqlanan, gedərkən saz alıb aparmaq istəyənlər də olur.

  

 

     Savalan Fərəcov

 

     Mədəniyyət.- 2013.- 22 fevral.- S. 15.