Sənət onun həyatı idi

 

   Min göz bir predmetə baxır, min ürək bir duyğu ilə döyünür, min köks bir nəşədən dolub-daşır, min “mən” bir ümumi “mən”də, bitməz-tükənməz ləzzətin ahəngdar vəhdətində birləşir!..”

 

   V.Q.Belinski

  

   Görkəmli rus tənqidçisinin aktyorluq məsləyinin məramını şərh edən fikirlərini Azərbaycan teatrkino sənətinə dəyərli töhfələr verən istedadlı aktyor Əliabbas Qədirovun bənzərsiz yaradıcılığına şamil etmək olar. Qəlbi, ruhu yaradıcılıqla dolu, daxili dünyasını, potensialını ekran və səhnə personajlarına böyük coşqusevgi ilə sərf edən Əliabbas müəllimin oynadığı hər bir obraza, personaja geniş zəkasından, yüksək intellektindən pay düşüb. Rollarında içdən gələn həyatilik, emosionallıq təcəssüm etdirən aktyor yaradıcılığını çox vaxt pafos, patetika adlandırırlar. Əslində isə, həyat həqiqətləri şəxsiyyətini, daxili dünyasını yaratdığı obrazlara təslim edən, qələmin məhsulu olan xəyali prototipləri daxili məninə sığdırıb xarakterləri özününküləşdirən, yüzlərlə insanı düşünməyə, onu dinləməyə vadar edən aktyor yaradıcılığında açılır. Bu isə üç-beş illik nəzəri biliyin yox, daxili sevginin, sənətə bağlılığın və ən nəhayət, aktyor kimi doğulmağın nəticəsidir. Əliabbas Qədirov məhz belə sənətkar idi.

   Əliabbas Gülabbas oğlu Qədirov 1946-cı il fevralın 15-də Bakıda anadan olub. Ailələrində 8 uşaq böyüyürdü. Əliabbas digər bacı-qardaşları kimi dərslərindən əla qiymət alsa da, sənət seçimində fərqli mövqe tutdu. Hələ kiçik yaşlarından ədəbiyyata, sənətə həvəs göstərirdi. Atası isə onu həkim görmək istəyirdi. Lakin ailəsinə, dostlarına daim sənətə olan sevgisindən bəhs edən, “səhnə mənim həyatımdır” deyən gənc məktəbdə teatr dərnəyinə yazılır, müxtəlif rollarda çıxış edirdi. Ailədə yaşanan narazılıqlara baxmayaraq, o, orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verir. İnstitutda görkəmli teatr rejissoruaktyor, pedaqoq Mehdi Məmmədovun kursunda təhsil alır. 4-cü kursda Mehdi müəllim onu Akademik Dram Teatrına gətirir. Teatrda aktyor kimi fəaliyyətə başlayan gəncə xarakterik simasına, şaqraq, ifadəli səsinə, aydın tələffüzünə və qüsursuz səhnə mədəniyyətinə görə elə ilk günlərdən bir-birindən maraqlı rollar verilir. İstedadlı aktyor Nicat (“Mahnı dağlarda qaldı”), Heydər bəy (“Hacı Qara”), Cahangir (“Laçın yuvası”), Fərhad (“Bəxtsiz cavan”), Kərim bəy (“Tənha iydə ağacı”), Kamran (“Bizim qəribə taleyimiz”), Seyid Hüseyn (“Xurşudbanu Natəvan”) və onlarla başqa bənzərsiz obrazlara coşqun, qaynar ifası ilə uğurlu səhnə həyatı bəxş edir.

   Böyük dramaturq C.Cabbarlının “Sevil” əsərində oynadığı Balaş rolunda mənfi xarakterin peşəkar təqdimatında köləliyə, insanların bir-birinə olan biganəliyinə, mənəviyyatı yoxsul olanların idraksızlığına ikrah hissi yaradır.

   Aktyorun mənəvi yüksəlişin carçısı olan personajları milli teatr tariximizin uğurlu obrazları sırasındadır. Xalq yazıçısı İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesində yaratdığı Nicat obrazı ictimai bərabərsizliyi yox etmək naminə həyatını qurban verməyə hazır olan bir qəhrəmandır. Onun ideoloji mübarizəyə qoşulma səbəbi əqidə və mənəvi azadlıq istəyidir. Bu mənada yüksək ideyaları təbliğ edən əsərlər aktyor yaradıcılığında aydın təsvir olunur, tamaşaçı və oxucu kütləsi tərəfindən təkrar sevilirdi.

   Geniş mütaliəsi olan Əliabbas müəllim teatrkino fəaliyyəti ilə yanaşı, televiziya tamaşalarında oynadığı rolları da maraqlı ştrixlərlə yaddaşlara həkk edirdi. Səlis və obrazlı səhnə danışığına malik olan aktyorKomediyalar aləminə səyahət” əyləncəli verilişinin aparıcısı kimi tamaşaçı auditoriyasının rəğbətini qazandı. Fərdi improvizələri ilə təqdim etdiyi səhnəciklərə maraqlı, səmimi müdaxilə edən aktyor tamaşaların koloritini daha da artırırdı.

   Əliabbas müəllimin fərdi sənət potensialından dublyajdakinoda müxtəlif janrlı 63 ekran əsərində istifadə olunsa da, ona yalnız 17 (bədii-sənədli) filmdə çəkilmək qismət olub.

   Onun kinoda debütü Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin 1972-ci ildə çəkdiyi “Xatirələr sahili” filmindəki İmran roludur. Uşaqlığı müharibənin ağır illərinə təsadüf edən, yoxsulluğun çətin sınaqlarından çıxan, lakin buna baxmayaraq həyat yollarını doğru müəyyənləşdirən dostlardan yalnız biri nəfsinə hakim ola bilmir, xalqın əmlakına göz dikməklə mənəvi yoxsulluğunu təsdiqləyir. İmran digər iki dostu kimi doğma qardaşı qədər sevdiyi Səlimin halına acıyır. Ancaq hər bir insanın əməli həyatının əksi olduğundan o da digərləri kimi baş verən hadisələrin sadəcə tamaşaçısıdır. O, Səlimin hərəkətini müharibədə onların azadlığı naminə həyatlarını qurban vermiş atalarına xəyanət adlandırır. Aktyorun obraza dəqiq münasibəti yalnız Səlimin yox, cəmiyyətdəki mənfi ünsürlərin var-dövlətə həris həyatına qınayıcı bir baxışdır.

   Onun səhnə və ekran personajları müxtəlif dövrlərin qəhrəmanı olsa da, səmimi və real təqdimatına, emosional təsirinə görə bu günmüasir və aktualdır. Kinoda ilk böyük rolu rejissor G.Əzimzadənin 1974-cü ildə diplom işi kimi çəkdiyi “Nəğmə dərsi” novellasındakı (“Ömrün səhifələri” kinoalmanaxı) ata obrazıdır. Filmdə ailədə bəxti gətirməyən, oğlu ilə gizli görüşən atanın narahatlığından, oğlu ilə münasibətindən danışılır. Dağılan ailələrdə ən çox əziyyət çəkən uşaqlardır - film bu fikri vurğulayır. Ekran əsərində aktyor potensialını təsdiqləyəcək geniş imkan olmasa da, Ə.Qədirov filmin mövzusunu dinamik ifa, emosional təsirlə reallaşdırıb.

   Onun milli kinomuzda yaratdığı Mənsur (“Evin kişisi”, 1978), Cəlil (“Qızıl uçurum”, 1980), Fəzl (“Babək”, 1979), Fərid (“Qocalar, qocalar...”, 1982), Sultanov (“İşarəni dənizdən gözləyin”, 1986) və başqa obrazları orijinal ifada özünü doğrultmuş, fərqli mizanlarla cilalanmış, real personajlardır. İstedadlı aktyorSevinc buxtası” filmində yaratdığı (1977) Nazim roluna görə 1978-ci ildə Respublika Dövlət mükafatına layiq görülüb.

   Filmlərə böyük fasilələrlə çəkilən aktyor dublyaja tez-tez dəvət alardı. “Mozalan” və sənədli filmlərin məzmununu obrazlı səsi ilə açar, filmlərin məntiqi mənasını orijinal ifalar qədər dolğun və ifadəli çatdırardı.

   Sənətdə qazandığı nailiyyətlərə görə 1982-ci ildə respublikanın “Əməkdar artisti”, 1989-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülən Ə.Qədirov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub.

   Əliabbas müəllim vaxtilə peşə sirrinə yiyələndiyi sənət məbədində pedaqoji fəaliyyət göstərib, bilik və bacarığını gənclərə böyük həvəslə öyrədib. Məslək sirrini yüzlərlə tələbəyə açan təcrübəli pedaqoq 2000-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

   Aktyorluqdan Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru vəzifəsinə qədər yüksəlmiş Ə.Qədirovu həmkarları təvazökar bir insan kimi xatırlayırlar. Həyatda və sənətdə əldə etdiyi nailiyyətlər onu dəyişdirməmişdi. Onun ən böyük istəyi, amalı səhnəyə yadlaşmamaq, sənətdə unudulmamaq idi. Buna görə də o, çox mütaliə edər, məşqlərə və çəkilişlərə böyük həvəslə gedərdi.

   Əliabbas müəllimin kinoda sonuncu rolu “Küçələrə su səpmişəm” (2004) filmində oynadığı Çərkəz dayı obrazıdır. Rejissor N.Feyzullayev filmə uğur gətirən aktyor ansamblı içərisində Əliabbas müəllimin olmasını xüsusi olaraq vurğulayır: “Mən bu filmi çəkəndə Əliabbas müəllim teatrda rəhbər vəzifədə çalışırdı. Sınaq çəkilişlərindən çox aktyorlar keçsə də, sonda Əliabbas Qədirovu çəkmək qərarına gəldim. Rolu həvəslə oynayır, məharətlə improvizə edir, obrazı olduqca səmimi və dolğun yaradırdı. O, özü elə əsl Çərkəz dayı idi”.

   Bənzərsiz ifası ilə Azərbaycan teatrkino sənətinin simasına çevrilmiş sənətkar həm də qayğıkeş ata idi. Kiçik qızı Gülçin Kazımi atasını belə xatırlayır: “Evin sonbeşiyi olduğum üçün qardaşım və bacımın məni incitməsinə atam heç vaxt imkan verməzdi. Məni özü ilə birlikdə həmişə qastrol səfərlərinə aparardı. İnsanların ona olan münasibətini yaxşı xatırlayıram. Hamı onunla görüşür, söhbət edirdi. Ona qarşı böyük xalq sevgisi vardı. O, işləməkdən yorulmazdı. Hərdən öz-özümə düşünürəm ki, o, televiziya, teatrkinoda bu qədər işi necə çatdıra bilib. İşini bəhanə edib bizdən uzaqlaşmazdı. Anam onun xalası qızı idi. Onu sevib almışdı. Atamgil böyük külfət olduğundan valideynləri yeganə övladlarını atama vermək üçün tərəddüd ediblər. “Səni almaq üçün çox çalışdım “Gülbahar”,- deyə, atam o illəri xatırlayırdı. Anam rəhmətə gedəndən sonra “Mən Gülbaharsız çox yaşamaram”,- deyirdi. Atam anamın vəfatından 6 ay sonra, 2006-cı il martın 8-də dünyasını dəyişdi. Biz həmişə onu qürur hissi ilə xatırlayırıq. O, mükəmməl insan, əsl ata idi”.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

   Mədəniyyət.- 2013.- 22 fevral.- S. 12.