«Övliya Çələbi səyahətnaməsində Azərbaycan»

 

   Yaqub Mahmudov: “Əsər tariximizi olduğu kimi təqdim edir

  

   Fevralın 21-də Türkiyənin Azərbaycandakı səfirliyində «Övliya Çələbi səyahətnaməsində Azərbaycan» kitabının təqdimatı və «Övliya Çələbi Azərbaycanda» mövzusunda sərginin açılışı oldu.

  

   Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, AMEA Tarix İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı Yaqub Mahmudov, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun müdiri Mehmet Rıhtım, filologiya elmləri doktoru, professor Minaxanım Təkləli və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirdilər.

   Professor Yaqub Mahmudov əsərin tariximizi, şəhərsalma, memarlıq irsimizi öyrənmək baxımından əhəmiyyətini vurğuladı: «Əsər Azərbaycan tarixini olduğu kimi təqdim edir. Şəhərlərimiz öz adı ilə verilir. Əsəri oxuyarkən Övliya Çələbinin xatirələrinin işığında Azərbaycan xanlıqları, onların regional siyasətə təsiri haqqında dəyərli məlumatlar əldə edirik. Kitab tarixçicoğrafiyaşünaslar üçün dəyərli mənbədir».

   Qeyd edək ki, nəfis tərtibatlı kitab «Övliya Çələbi səyahətnaməsi»nin Türkiyədə saxlanılan orijinal nüsxələri əsasında Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşları və mütəxəssislər tərəfindən hazırlanıb, Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə nəşr olunub.

   Səyyahın Azərbaycana dörd səfərinin (1646-1666) əhatə olunduğu kitabda XVII əsr Azərbaycanının tarixi, coğrafiyası, əhalisi, onun məşğuliyyəti, məişəti, ölkədəki siyasi durum barədə məlumatlar əksini tapıb. Burada yer alan miniatürlərin bir çoxu Türkiyə kitabxanalarındakı çox dəyərli nadir əlyazma əsərlərdən iqtibas edilərək Azərbaycanda ilk dəfə yayımlanıb. Kitabda Qərb səyyahlarının çəkdiyi qravüra və rəsmlərdən də istifadə edilib. Övliya Çələbinin Azərbaycana dörd səyahətinin xəritələri memar Fəxrəddin Miralay tərəfindən böyük bir diqqətlə çıxarılaraq Azərbaycan marşrutu dəqiqliklə göstərilib.

   Əsərin naşiri Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun müdiri M.Rıhtım, Azərbaycan dilinə uyğunlaşdıran professor M.Təkləli, redaktorlar Fariz Fərzəli, Kənan Bəşirov və Fəridə Əliyeva, elmi redaktorları AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Y.Mahmudovprofessor Cəfər Qiyasidir.

   Çıxış edənlər əsərin Türkiyə və Azərbaycan arasında tarix və mədəniyyət araşdırmaları sahəsindəki əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inandıqlarını bildirdilər.

   Sonra «Övliya Çələbi Azərbaycanda» adlı sərginin açılışı oldu. Sərgidə Çələbinin Azərbaycan torpaqlarına səyahəti - Urmiyadan başlamış Naxçıvana, İrəvanı keçməklə Bakıya qədər uzanan səfər yolu, Azərbaycanın bağ-bağçalarında yetişən meyvələrdən, xalqın milli adət-ənənəsinin incə detalları, kənd və şəhərlərin təsviri əks olunub.

  

 

   Fəxriyyə Abdullayeva

 

  Mədəniyyət.- 2013.- 22 fevral.- S. 11.