Xocalı
faciəsi İstiqlal Muzeyinin
ekspozisiyasında
Xocalı... Azərbaycanın qədim
yaşayış məskənlərindən biri.
Qədim Xocalı Xocalıçayın sahilində yerləşirdi.
Burada XVIII əsrin ortalarında
divarlarının qalınlığı 2 metr,
hündürlüyü 5-6 metr olan Əsgəran qalası
tikilmişdir.
Qala uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can atan düşmənlərin yolunu kəsmişdir. Şuşaya gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda məşhur olan Tanrıverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və qonaqsevərliyi ilə seçilən karvansarada çayxana, musiqi salonu və dəlləkxana yerləşirdi. Xocalı şəhəri - Gədəbəy mədəniyyətinə aid edilən Xocalı qəbiristanlığı ilə də məşhurdur. Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə, dairəvi türbə, ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan və s. var.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı erməni silahlı qüvvələri tərəfindən yerlə-yeksan edildi, şəhərdə dəhşətli soyqırımı həyata keçirildi, 613 nəfər, o cümlədən 106 qadın, 83 uşaq, 70 qoca qətlə yetirildi, 1275 sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda 25 uşaq hər iki valideynini, 130-u isə valideynlərinin birini itirmiş, 7 ailə tamamilə məhv edilmişdi. 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş -yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları kəsilmiş, gözləri çıxarılmış, meyitlər üzərində də təhqiramiz hərəkətlər edilmişdi. Ölümdən can qurtaranlar çöllərdə, yollarda şaxtadan donmuşdu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli iclasında bu məsələ geniş müzakirə edilmiş, “26 fevral Xocalı soyqırımı günü” elan edilmişdir.
8 may 2008-ci il tarixdə Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” adlı beynəlxalq kampaniya elan edilib. Ötən müddətdə bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilmiş, Xocalı faciəsi, Ermənistanın ölkəmizə hərbi təcavüzünün nəticələri barədə beynəlxalq ictimaiyyətə geniş məlumat verilmişdir.
Hər il ölkəmizin bir çox mədəniyyət ocaqları kimi Azərbaycan İstiqlal Muzeyi də bu faciəni anır. Müxtəlif illərdə muzeydə Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycanın Xalq rəssamı Xanlar Əhmədovun qrafika və heykəltəraşlıq nümunələrindən, Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun əsərlərindən ibarət sərgilər təşkil edilib, fotoqrafların Xocalı ilə bağlı işləri nümayiş olunub.
Bu sırada 2007-ci ildə muzeydə keçirilən tədbir də xüsusilə qeyd olunmalıdır. “Xocalı - qan yaddaşımız” adlı sərgi-tədbirdə Azərbaycan və Gürcüstan Rəssamlar İttifaqının üzvü, rəssam-heykəltəraş Sabir Çopurovun əsərləri nümayiş edilib. Sabir Çopurov dünyada yeganə rəssamdır ki, öz əsərlərini neftlə çəkir və fırça əvəzinə barmaqlarından istifadə edir. Bəlkə də məhz ona görə onun əsərlərindəki kədər bu qədər təsirlidir.
Muzeyimiz bu mövzuda tədbirlərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, 2011-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin və Qərb Universitetinin tələbələri ilə birgə sərgilər keçirilib. Muzeyin ekspozisiyasında Xocalı sakinləri tərəfindən muzeyə verilmiş qanlı faciəni əks etdirən nadir fotoşəkillər, kitablar və sənədlərlə yanaşı, mövzu ilə bağlı sənədli filmlər, slayd-şoular, gənclərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
“Məhkum olunmuş Xocalı” kitabının yazılmasında tanınmış publisist-jurnalist, Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Mərkəzinin sədri Tatyana Çaladze Milli Təhlükəsizlik Nazirliyinin arxivində olan materiallardan istifadə etmişdir. Materiallara Xocalı faciəsi şahidlərinin istintaq sənədləri, hadisənin baş verdiyi yerə baxış zamanı tərtib olunan protokollar daxildir. İşi yekunlaşdırdıqdan sonra Tatyana Çaladze 1500-dən çox sənədi muzeyimizə təhvil vermişdir. Onların bir hissəsi bu il Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Sənədlər sübut edir” adlı tədbirdə nümayiş olunacaq. Bu sənədləşdirilmiş faktlar Xocalıda törədilən vəhşiliyi dünya ictimaiyyətinə sübut edən çox nadir materiallardır.
Nigar Qazızadə,
Azərbaycan İstiqlal
Muzeyinin elmi katibi
Mədəniyyət.-
2013.- 22 fevral.- S. 10.