Respublika muğam müsabiqəsinə yekun vuruldu

 

   Qaliblər mart ayında III Beynəlxalq Muğam Festivalında ölkəmizi təmsil edəcəklər

  

   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə fevralın 11-dən 15-dək Beynəlxalq Muğam Mərkəzində III Respublika muğam müsabiqəsi keçirilib. Müsabiqədə ilk dəfə olaraq xanəndələrlə yanaşı instrumental ifaçılar da iştirak ediblər.

  

   Xanəndələri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət münsiflər heyəti seçib.

   İfaçılar arasında Mirələm Mirələmov birinci, Səbinə Ərəbli ikinci, Abgül Mirzəliyev və Ariz Hüseynov isə üçüncü olublar.

   İnstrumental ifaçılar isə Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Məmmədağa Kərimov, əməkdar artistlər Təranə Əliyeva və Elşad Cabbarovdan ibarət münsiflər heyəti tərəfindən seçilib.

   Birinci yerə Şəhriyar İmanov (tar) və Bəhruz Zeynalov (tar), ikinci yerə Pərviz Quliyev (balaban) və Aysu Sadıqova (qanun), üçüncü yerə Şəhriyar Musayev (kamança) və Təbriz Yusubov (kamança) olmaqla layiq görülüblər.

   Seçim turlarından keçən iştirakçılara mart ayında Bakıda keçiriləcək “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ verilib.

   Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti olub.

   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov qalibləri təbrik edib, onlara qarşıdan gələn mötəbər beynəlxalq yarışmada uğurlar arzulayıblar. Qaliblər diplommükafatlarla təltif olunublar.

   Qeyd olunub ki, ölkədə muğam musiqisinin inkişafı və təbliği sahəsində böyük addımlar atılır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mədəniyyət siyasətinin bu gün uğurla davam etdirildiyi, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən muğam musiqimizin dünyada tanıdılması istiqamətində böyük işlər görüldüyü vurğulanıb. Müsabiqənin mədəni siyasətin bir hissəsi olduğu qeyd edilib, bunun muğam sənətinə sevginin və ehtiramın təcəssümü olduğunu bildirilib.

   Tədbir iştirakçıları həmçinin görkəmli xanəndə, Xalq artisti Arif Babayevi 75 illik yubileyi münasibətilə təbrik ediblər.

   Daha sonra respublika muğam müsabiqəsi qaliblərinin qala-konserti təqdim edilib.

   Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

  

   Mədəniyyət.- 2013.- 22 fevral.- S. 8.