Azərbaycan
turizmi Moskva sərgisində
Sərgi
çərçivəsində turizm nazirlərinin sammiti
keçiriləcək
Rusiyanın paytaxtında keçirilən ənənəvi
Moskva beynəlxalq turizm sərgisi (MİTT) bu il 20 illik
yubileyini qeyd edəcək. Martın 20-dən 23-dək davam edəcək
yubiley sərgisi bir sıra tədbirlərlə yadda qalacaq.
Əhatə dairəsinə və
iştirakçı sayına görə dünyanın 5
böyük turizm sərgilərindən sayılan MİTT sərgisi
çərçivəsində keçiriləcək ən
böyük tədbir isə turizm nazirlərinin sammitidir.
İlk dəfə düzənlənəcək tədbirin təşkilatçısı
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, təşəbbüskarı
isə Rusiya Milli Turizm Təşkilatları
Assosiasiyasıdır.
Qeyd edək ki, Azərbaycanı tədbirdə
mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Nazirliyin Turizm şöbəsi müdirinin müavini Rauf
Paşayevin qəzetimizə verdiyi məlumata görə, hər
il olduğu kimi, bu il də ölkəmizin turizm imkanları
MİTT sərgisində nümayiş olunacaq.
Sammitdə beynəlxalq turizmin
problemləri müzakirə olunacaq. Tədbirdə turist
daşımaları həcminin genişlənməsi və
infrastrukturun inkişafı üçün zəmin, mədəni
və milli xüsusiyyətlərin təbliği ilə səyahətə
marağın artırılması, macəra turizminin
inkişafı və ayrı-ayrı ərazilərin marketinqi,
informasiya texnologiyalarının turizm sektorunda tətbiqi,
turistlərin hüquqlarının və təhlükəsizliyinin
təmin edilməsi kimi məsələlərin müzakirəsi
nəzərdə tutulur.
Fəxriyyə
Mədəniyyət.- 2013.- 22
fevral.- S. 6.