“Mən sadəcə yazıram və nəticədə əsər alınır”

 

   Xalq yazıçısı Çingiz Abdullayev oxucularla görüşdü

  

   Fevralın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü keçirildi.

  

   Tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq dünya şöhrətli yazıçının əsərlərinin bir çox dillərə tərcümə olunduğunu, sevilərək oxunduğunu qeyd etdi. Yazıçının həyat yolundan danışan direktor Çingiz Abdullayevin ziyalı ailəsində doğulduğunu, hüquq üzrə ali təhsil aldığını diqqətə çatdırdı. Sonra yazıçının həyat və yaradıcılığını əks etdirən video-slayd təqdim olundu.

   Xalq yazıçısı kitabları haqqında bir qədər məlumat verərək Azərbaycanda oxucu probleminə toxundu: “Rəsmi statistikaya əsasən, Azərbaycanda oxucu kütləsi 11 faiz təşkil edir. Lakin qonşu ölkələrdə bu göstərici 30-50 faiz arasında dəyişir. Ölkədə kitab mağazalarının az olması pis göstəricidir. İnsan kitabı məcburən oxuya bilməz. Onun buna marağı olmalıdır və bu marağı uşaq yaşlarından macəra romanları ilə, nağıllarla tərbiyə etmək lazımdır”.

   Yazıçı bildirdi ki, xarici dil bilmək də mütaliədə önəmli məsələlərdəndir. Xarici dili danışıq səviyyəsində deyil, kitab oxumaq səviyyəsində öyrənməyin, hər bir insanın öz ana dilinə də mükəmməl yiyələnməyinin vacibliyini bildirdi.

   Görüşdə tərcümə sahəsindəki problemlərdən də söz açıldı. Yazıçı kitablarının Azərbaycan dilində pirat üsulu ilə nəşr olunduğunu, keyfiyyətsiz tərcümə edildiyini söylədi.

   Sonra yazıçı oxucuların müxtəlif suallarını cavablandırdı. Əsərlərindəki qəhrəmanların bəzilərinin real, bəzilərinin uydurma olduğunu bildirdi: “Mən sadəcə yazıram və nəticədə əsər alınır”. Sevdiyi yazıçılar sırasında Ernest Heminquey, Artur Konan Doyl, Corc Simenon kimi dünya şöhrətli müəlliflərin adını çəkdi.

   Səmimi ab-havada davam edən görüşdə yazıçı həyatından maraqlı hadisələr də danışdı. Sonda oxucular üçün kitablarını imzaladı və onlarla xatirə şəkilləri çəkdirdi.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2013.- 22 fevral.- S. 4.