Gənc rejissorlar laboratoriyası

 

   Azərbaycan Teatr Xadimləri İttifaqında gənc rejissorlar laboratoriyası yaradılıb. Fevralın 21-də bununla bağlı keçirilən tədbirdə ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemət yeni layihə haqqında məlumat verdi.

  

   Bildirdi ki, ötən il Teatr Xadimləri İttifaqında gənc dramaturqlar üçün “Axundzadə dərsləri” keçirildi və yeni layihə bir növ onun davamıdır: “Dərslərdə gənclərə bu sahədə tövsiyələrimizi verdik. Gənc dramaturqlardan bəzilərinin bəyənilmiş əsərləri rus dilinə çevrildi, səhnəyə qoyulmaq üçün qəbul edildi. Hazırda teatrlarımızda istedadlı gənc rejissorların sayı azdır. Bunu nəzərə alaraq ATXİ-nin nəzdində gənc rejissorlar laboratoriyasının açılmasına ehtiyac duyduq. Laboratoriyaya təcrübəli rejissor, Xalq artisti Cənnət Səlimova rəhbərlik edəcək”.

   Cənnət Səlimova da qeyd etdi ki, yeni layihə dramaturq dərslərinin davamıdır: “Gənc, istedadlı rejissorları laboratoriyaya toplamışıq. Dramaturq dərslərinin iştirakçıları da bu tədbirə qatılacaq, onların bəyəndikləri əsərlər gənc rejissorların laboratoriyasında oxunacaq, seçimlərini edəndən sonra isə həmin əsərlər tamaşaya qoyulacaq. Rejissor üçün əsas vəzifə pyesi oxuyaraq onu tam anlamaqdan ibarətdir. Rejissor mütləq müəllifin nə demək istədiyini tam başa düşməlidir, lakin bundan sonra o, pyesə öz fantaziya və yeniliklərini əlavə edə bilər. Bu layihədə onlar nələrə qadir olduqlarını nümayiş etdirməlidirlər, öz imkanlarını ortaya qoymalıdırlar. Bir çox gənc rejissorların böyük teatrlarda tamaşa qoymaq imkanları yoxdur. Bu layihə ilə onlar öz arzularını gerçəkləşdirə biləcəklər”.

   Tədbirdə gənc rejissorlara tövsiyələr də verildi. Qeyd edildi ki, müasir dövrün rejissoru dünya tarixini, Azərbaycan və dünya mədəniyyətini dərk etməli, geniş dünyagörüşünə sahib olmalıdır.

  

 

   L.Azəri

 

   Mədəniyyət.- 2013.- 22 fevral.- S. 4.