Tacikistanla mədəni əməkdaşlıq
müzakirə olundu
“Qarabağ” triosu “Şeş-məkam” festivalında
çıxış edəcək
Azərbaycanın
Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin
mədəniyyət naziri Mirzaşaxrux Asrori ilə
görüşüb. Görüşdə ölkələrimiz
arasında mədəni sahədə əlaqələrin dərinləşdirilməsində
qarşılıqlı tədbirlərin əhəmiyyəti
qeyd edilib.
Səfir 2013-cü ildə Xalq
artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ”
triosunun Tacikistanda konsertinin, bu çərçivədə
ustad dərslərinin keçirilməsinin nəzərdə
tutulduğunu bildirib. İki ölkənin milli
konservatoriyaları arasında əməkdaşlıq
haqqında sazişin imzalanması da gündəlikdə duran
məsələlərdəndir.
Səfir həmçinin aprel
ayında azərbaycanlı musiqiçilər tərəfindən
Tacikistan İncəsənət Universitetində orqan musiqisi
konsertinin, bu çərçivədə ustad dərslərinin
keçirilməsini təklif edib.
Səfir dahi bəstəkar
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasının Tacikistanda hər iki ölkə
ifaçılarının iştirakı ilə S.Ayni
adına Opera və Balet Teatrında səhnələşdirilməsini
təklif edib. Düşənbədə Azərbaycan kino həftəsinin,
aşıq musiqisi konsertinin təşkilinin
mümkünlüyü vurğulanıb.
Nazir M.Asrori hər il mayın 22-nin
Tacikistanda “Şeş-məkam” günü kimi qeyd
olunduğunu, Tacikistanda bununla əlaqədar mayın 9-dan 13-dək
festival-simpoziumun keçirilməsini nəzərə alaraq Mənsum
İbrahimovun “Qarabağ” triosunun iştirakı ilə konsertin
bu günlərdə təşkilinin məqsədəuyğunluğunu
bildirib. O, Bakıda keçiriləcək muğam
festivalı, gənc pianoçuların yarışması,
Dünya Mədəniyyətlərarası Dialoq Forumunda
iştirakla bağlı dəvət aldıqlarını, bu tədbirlərdə
iştirak edəcəklərini deyib, ötənilki muğam
yarışmasında Tacikistan təmsilçilərinin birinci
və üçüncü yerləri tutmasını məmnuniyyətlə
xatırlayıb.
Nazir Azərbaycanda dünya səviyyəsində
tanınan çoxsaylı bəstəkarların
olmasını nəzərə alaraq bu sahədə kadr
hazırlanması üçün respublikamıza tələbələr
göndərilməsinin məqsədəuyğunluğunu qeyd
edib.
Mədəniyyət.-
2013.- 22 fevral.- S. 3.