Dəb
və ədəb
Əcdadlarımızın
zövqü ilə yaranmış, əsrlərin
sınağından çıxmış, dövrün
estetik baxışlarını özündə əks etdirən
milli geyimlərə dolablarımızda rast gəlmirik. Bu
geyimlər əsrin o tayında, çox uzaq keçmişdə
qalıb artıq.
Həmin libasları indi yalnız
kino və teatr tamaşalarında, konsert proqramlarında
görmək olur. Təbii ki, bu, ictimai həyat tərzinin dəyişməsi
nəticəsində baş verən qanunauyğunluqdur. Milli
geyimlərin gündəlik geyim tərzindən
çıxmasına səbəb olan amillərdən biri də
dəbdir.
Bu yazıda bir az geyim, bir az da
gözəllik barədə danışmaq istərdik. Atalar
geyim haqqında öz sözlərini çoxdan deyiblər:
“Gözəllik ondur, doqquzu dondur”. Geyim və gözəllik -
bunları bir-birindən ayrı təsəvvür etmək
mümkün deyil. Düzdür, bəzən istisnalara da rast gəlinir.
Gözəllik elə hər mənada insanı həyatdan
zövq almağa çağırır, onu kədərdən
və cılız işlərdən uzaqlaşdırır. Dəqiq
kimin sözləridir, yadımda deyil, amma belə bir fikir də
var ki, həqiqi gözəllik qarşısında zaman belə
acizdir.
İnsanların gözəlliyə
münasibəti də müxtəlifdir. Kimi gözəllikdə
təbiiliyi, ciddiliyi, sadəliyi sevir, kimi də mücərrədliyi.
Geyim zövqlə bağlıdır. Zövq isə insanın
gözəllik haqqında anlayışının nə dərəcədə
formalaşdığını ifadə edən estetik məfhumdur
desək, yanılmarıq. Məncə, insanda zövqün
inkişafı onun həyat təcrübəsi, tərbiyəsi,
dünyagörüşü, təhsili və s. ilə əlaqədardır.
Digər tərəfdən isə
zövq yad təsirlərə məruz qalır, dəyişə
də bilir. Bu gün müasir gənclik elə bilir ki, təzə
olan hər şeyi sevmək, onu təbliğ etmək,
yaşlı nəslin iradına isə köhnəliklə
yeniliyin mübarizəsi kimi baxmaq lazımdır. Gündəlik
həyatımızda belə hallarla tez-tez
rastlaşırıq. Kimilərinə görə əcaib
saç düzümü (ələlxüsus gənc
oğlanlarda) yenilik, müasirlik nümunəsidir.
Bəzən gənclər dəb dünyasında
baş verən hər bir yeniliyə çox və kor-koranə
şəkildə aludə olurlar. İndi qadınların dar və
gödək geyimləri dəbdədir. Yeri gəlmişkən
xatırlatmaq yerinə düşərdi ki, bu geyim tərzi
ötən əsrin 60-70-ci illərində dəbdə
olmuşdur. Təbii ki, belə geyim kiminə yaraşır,
kiminə isə yox.
Amma bu gün bir çoxları
bunun fərqinə varmadan - özlərinə
yaraşdı-yaraşmadı, geyinirlər. Bununla da öz
gözəlliklərinin forma və məzmun vəhdətini
pozmuş olurlar. Heç kim kimsəyə “bu geyimi geymə”
deyə qadağa qoya bilməz. Amma elə etmək
lazımdır ki, paltar həm bədənin ahəngdarlığını,
həm də öz sahibinin ədəb-ərkanını
nümayiş etdirməlidir.
Bir də hər kəs öz
yaşına uyğun geyinsə, daha yaxşı olar. Yaşa uyğun libas estetik zövqün göstəricisidir. Burada Sabit Rəhmanın
“Əliqulu evlənir”
komediyasından bir səhnə yadıma düşür. Ahıl yaşında
eşqə düşən
Əliqulu təzə
adaxlısı ilə
görüşə gedərkən
öz geyimi ilə tamaşaçıların
böyük gülüşünə
səbəb olur.
60 yaşlı Əliqulunun o dövrə
görə balağı
dar şalvar və hündür daban ayaqqabı geyməsi onu gülünc vəziyyətə
salır. Təəssüflər olsun ki, bu
gün də belə hallarla rastlaşırıq.
Nə isə... qısaca da olsa, bir
az geyim mədəniyyəti sahəsindəki
problemlərə toxuna
bildik. Qoy gözəl geyimlər, yaşa və məkana uyğun seçilmiş paltarlar soydaşlarımızı gündən-günə
daha da gözəlləşdirsin,
küçədə, toyda-nişanda
insanların geyimi yorucu olmasın, əksinə, göz oxşasın. İnsanların
geyimləri onların
həyat tərzinin nümunəsidir, qoy onlar öz geyimləri
ilə xoşbəxtlik
və firavanlıqlarını
daha da parlaq
əks etdirə bilsinlər. Bir sözlə, Çexov
demişkən, insanda
hər şey gözəl olmalıdır.
Lalə Azəri
Mədəniyyət.-
2013.- 27 fevral.- S. 14.