“Cavan çölçü”
danışır
«Mən oyun tərzimi
ssenariyə əsasən qurmuşdum»
Rejissor Şamil Əliyevin “Çölçü”
filminin təqdimatından sonra
Pantomima Teatrının aktyoru
Bəhruz Vaqifoğlunu tanıtmaq üçün bir qəhrəman
da yarandı - Cavan çölçü. Filmin
yükünün çox
hissəsi bu obrazın payına düşüb. Deməli, tənqid də, təqdir
də daha çox bu aktyora yönəlir.
- Aktyor və tamaşaçı kimi «Çölçü» filmindən razı qaldınızmı?
- Bu suala cavab verə bilmərəm. Çünki
bu sayaq filmlərə ən az 2-3 dəfə
baxmaqla nəsə demək olar, mən isə bir dəfə baxmışam. Fərqli hisslər keçirdim.
Darıxdım, sıxıldım, kədərləndim, sakitləşdim
və s.
- Filmin ideyası nədir və sizə nə dərəcədə
yaxındır?
- Mən bir şeyə çox təəssüflənirəm.
Bilirsiniz,
film bir dəfəyə
doğulmur. Üç
dəfəyə doğulur:
ssenari yazılanda, çəkiliş meydanında,
montaj masasında. İndi niyə təəssüfləndiyimi
izah eləyim. Mən bütün oyun tərzimi Vidadi Həsənovun yazdığı
ssenariyə əsasən
qurmuşdum. Ssenaridə həqiqətən
də bu çölçü çöldə
yaşamaq istəmir.
Onu çölün o tərəfi
daha çox maraqlandırır. Belə olduğu
halda ortaya çıxır ki, bu çölçü məcbur olaraq istəmədiyi bir yerdə yaşayır.
Buna görə də Ulu ilə
hər zaman aralarında soyuqluq vardı. Ulunun ona qoyduğu
qadağalar var - “Qatar
yoluna getmə. O
tərəfə olmaz,
çölə heç
kimi gətirmə” və s. Əgər qadağalar varsa, artıq o qadağalara maraq var. Cavan çölçü hər
zaman məhz bu çölün o tərəfinə can atır.
Ulu öləndən sonra artıq o bütün bu qadağaları pozur. Çölə qadın gətirir,
ona çox tez təslim olur. Artıq çöldən o tərəfdəkilər kimi
geyinir. Çölə bu qızın
arxasınca başqa adamlar gəlir. Çölçü də Ulunun
bütün qadağalarını
yadına salır və peşman olur. Maraqlısı da o idi ki, Ulunun həyatı
cavan çölçüdə
təkrarlanır. Sanki
zaman təkrarlanır.
Bu filmdə simvollardan
çox istifadə olunur. Ulunun duz-çörəyə and içməsi, Ulu öləndə böcəyin
arxası üstə çevrilib qalması, sal daşın dəvənin belinə bənzəməsi, çölçünün
düzəltdiyi oyuncaqlar,
dəvənin anidən
çölçünün üstünə tüpürməsi
və s.
Bax belə... Mən ssenari üzrə
filmi bu cür izah edə
bilərəm. Amma film barəsində
soruşsanız, mən
deyərdim, bir cavan çölçünün
sevgi macərasıdır.
Başqa
heç nə deyə bilmərəm.
Bu obrazın sakitliyi, tərki-dünyalıgı, nağılları
çox sevməsi, tez hirslənib, tez də sakitləşməyi
və s. mənə yaxındır.
- Rejissor oyun tərzi ilə bağlı sizə hansısa istiqamətlər verdimi? Çünki sizin filmdəki
oyununuza «göstərmə»dir
deyənlər oldu.
Hətta
onu Fayt Helmerin qəhrəmanlarının
hərəkətlərinə bənzətdilər. Pafosludur, dedilər.
- Əlbəttə
ki, filmin çəkilişlərindən qabaq rejissorla məşqlərimiz və
axtarışlarımız olurdu. Mən bu obrazı
necə görürəm?
Onun xarakteri necədir? Rejissor özü bu obrazı necə görür və s. Hərdən üst-üstə düşməyən
fikirlər, hərdən
də tam yerinə düşən fikirlər
olurdu. Pantomima aktyoru olduğum
üçün mənə
bu obrazın vücud dili çox maraqlı idi. Bir də ki, obrazın sözləri də çox deyildi. Məşq zamanı bir
neçə sözü
ssenaridən çıxartmışdıq
da. Mən təklif elədim
ki, onun hərəkətləri belə
sakit və eyni zamanda çılğın
olsun. Çünki bu çölçü
gözünü açıb
dəvələri görüb,
dəvələrlə böyüyüb.
Niyə mən öz oyunuma dəvə obrazı qatmayım?
Niyə onu təqlid eləməyim? Niyə onun
kimi baxmayım? Onun kimi ürkməyim, onun kimi təəccüblənməyim?
Mən düşünürdüm, bu
obraz üçün
dəvəni təqlid
etmək düzgün
olardı. Əgər mənim
oyun tərzimi «göstərmə» deyə
dəyərləndiriblərsə, çox gözəl.
Buna görə sevinmək də olar. Haqlıdırlar, burda Vaxtanqovun
“göstərmə məktəbi”
(“şkola predstavleniə”)
sisteminə üstünlük
vermişəm. Amma orada
elə səhnələr
var ki, orda
artıq “yaşama məktəbinə” üstünlük
verilir.
- «Çöl
estetikası», dəvələr,
tərki-dünya həyat
tərzi. Bu, insana nə verir?
- Təbiət
həqiqətən də
çox maraqlı və öyrəniləsi
mənbədi. Çölə uyğunlaşmaq üçün
gərək çöllə
bir olasan. Çöldə bir sakitlik, bir açıqlıq, bir kimsəsizlik var. Çöldə bir sonsuzluq var. Çöldə
dayanıb uzaqlara baxanda sanki çöllə,
göyün birləşdiyini
görürsən. Çöldə çoxlu nağıl var, çöldə çoxlu xəyal var. Çöldə küləyin
səsi var. Çöldə
özünü təbiətin
bir hissəsi sayırsan. Çöldə çöldən başqa bir şey olmayanda dəvələrlə qarşılaşırsan.
Onlarla dostlaşırsan, onlarla danışırsan. Onlar da elə sakit və maraqla sənə qulaq asır ki, hərdən
onların dəvə
olduğunu unudursan.
Çox duyğulu və hissiyatlı heyvanlardı...
- Bundan əvvəl «Vəkil hanı?» filminə
çəkilmisiniz. Aktyor olaraq
özünüzü filmlərdə
yaradıcı-istiqamətləndirici yöndə görürsünüzmü?
- Ülviyə
Könülün «Vəkil
hanı?» filmində vəkil obrazını canlandırmışam.
Bu tamam fərqli
və xarakterik bir obraz idi.
Daha çox hadisələr üzərində qurulan müxtəlif hallara, müxtəlif vəziyyətlərə
düşən, ordan
məharətlə çıxan
bir vəkil. Çox maraqlı bir obraz idi. Belə bir roldan sonra
tamam fərqli, sakit, içinə qapanan bir Çölçü
obrazı.
Ssenaridən və aktyora
təklif olunan roldan çox şey asılıdır.
«Vəkil hanı?» filmində mənim yaradıcı olmağıma çox imkan var. Çünki burda konfliktlər çoxdur və fərqlidir. Obraz da xarakterik bir obrazdır. Amma «Çölçü»
filmindən danışanda
çöldə bir yeknəsəqlik var... Çöldə bir monotonluq var... Çölün özünəməxsus həzin bir əhvalı var. Artıq və yersiz bir hərəkət bu monotonluğu və əhvalı poza bilər.
- Çəkilişlərdə
yaşanan çətinliklər
və maraqlı əhvalatlar...
- Film çəkmək
o qədər də asan bir iş
deyil. Onun da özünə
görə çətinlikləri
olur. Çəkiliş
zamanı çöl
bir az
isti idi. Bir az deyəndə ki, 50 dərəcə. Bu çətinlik olmaya bilər. Amma düşünəndə ki, bu istinin
altında film çəkməlisən,
bax o zaman çətinlik başlayır.
Mən dəvəyə birinci dəfə minəndə dəvə qaçmağa
başladı. «Eheyyy» eləyib dəvəni saxlamaq istədikcə dəvə
lap bərk qaçırdı.
Dəvəni saxlayandan sonra
öyrənmişəm ki,
«eheyyy» deyəndə dəvə daha da bərk qaçır.
- Pantomima
Teatrında çalışırsınız.
Bu janrı seçməyiniz
təsadüfidir? Ordakı rollarınızdan
və tamaşalarınızdan
danışın.
- Artıq 8 ildir ki, Dövlət
Pantomima Teatrında çalışıram. Tanışlığımı təsadüfə bağlaya bilərəm.
Mən bu teatrda çalışmaq
üçün düz
5 il gözləmişəm.
Hər halda gözləməyinə
dəyər. Burda bir-birindən
fərqli rollar oynamışam. Biz həm yazır, həm qurur, həm də oynayırıq. Artıq Pantomima
Teatrında 4 tamaşam
var - «Dejavü», «Qaranlıq», «Unutmayaq», «No
comment». Sonuncu tamaşada müəllimim
Bəxtiyar Xanızadə,
Əflatun və mən bir yerdə
işləmişik.
- Bu sual ənənəvidir. Son oxuduğunuz
bədii əsər...
- Son zamanlar içimdə qəribə
bir qorxu yaranıb: mən bu əsərləri oxumamışam, bu yazarla tanış
deyiləm və s. Bir ay ərzində F.Dostoyevskinin «Ölü evdən qeydlər» və F.Kafkanın «Məhkəmə» romanını
oxumuşam. Bundan sonra Orxan Pamukun «Mənim adım qırmızı»
romanını oxuyurdum
ki, dayandım (bu əsəri artıq üçüncü
dəfədir yarımçıq
saxlayıram) və içimdən C.Məmmədquluzadəni
oxumaq keçdi.
Hazırda onun əsərlərini
oxuyuram və inanın ki, çox dincəlirəm.
Vallah və billahi, bütün dünya yazarları cəm ola,
bizim Mizə Cəlili heç birinə dəyişmənəm
ki, dəyişmənəm
(gülür).
Aliyə
Mədəniyyət.-
2013.- 27 fevral.- S. 13.