Faciə qurbanları Qazaxda və Tərtərdə anılıb

 

   Qazax Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 21-ci ildönümü qeyd olunub. “Xocalıya ədalət” adlı rəsm sərgisində rayon İcra Hakimiyyətinin məsləhətçisi Azad Hümbətov, Mədəniyyət evinin metodisti Məfrubə Mehdiyeva, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, şagirdlər və tələbələr iştirak ediblər.

   Tədbirdə qeyd olunub ki, erməni hərbi qüvvələri və sovet ordusunun 366-cı alayının xüsusi amansızlıqla törətdiyi bu cinayət tarixin qanla yazılmış səhifəsidir. Tarix isə nəsillərimizə olduğu kimi çatdırılmalıdır.

   Sərgidə Qazax Dövlət Rəsm Qalereyasının rəsm dərnəyinin üzvləri və müxtəlif həvəskar rəssamların əl işləri nümayiş etdirilib.

  

   * * *

 

   Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlov mərasimi açaraq ermənilərin məkrli siyasətindən, Xocalı soyqırımının tarixindən danışıb. Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ulduzə Qurbanova, şöbənin inspektoru Mirzə Məmmədov və başqaları faciə ilə bağlı fikirlərini bildirib, bu tarixin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu vurğulayıblar.

   Sonra kitabxanada “Xocalı faciəsi - əsrin faciəsidir" başlığı altında təşkil olunan sərgiyə baxış keçirilib. Məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya dinlənilib.

 

 

   Mədəniyyət.- 2013.- 27 fevral.- S. 12.