Dünyaya sığmaz kədər

 

   Qax rayon Cəfər Cabbarlı adına mərkəzi kitabxanasında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəblilər, müəllimlər, rayon ictimaiyyəti nümayəndələri iştirak edirdi.

  

   İştirakçılar əvvəlcə faciəyə həsr olunmuş kitab sərgisi ilə tanış oldular. Kitabxananın direktoru G.Əhmədova çıxış edərək Xocalı soyqırımının XX əsrin faciəsi olduğunu bildirdi. Bu soyqırımın statistikasını təkrar-təkrar xatırlamaq və vəhşilik haqqında beynəlxalq aləmə çatdırmaq bizim borcumuzdur. Bir gecənin içində yerlə-yeksan edilən Xocalının 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 sakini düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir götürüldü, onlardan 150 nəfərin aqibəti indiyədək naməlumdur. Xalqımız bu soyqırımını heç vaxt unutmayacaq!

   Tədbirin sonunda “Bakıfilm”in faciədən bəhs edən “Xoca” bədii filmi (rejissor Vahid Mustafayev) nümayiş olundu.

  

 

   Gülnar Mahalova,

   Qax MKS-nin kitabxanaçı-informasiya

   texnologiyaları üzrə mütəxəssisi

 

  Mədəniyyət.- 2013.- 27 fevral.- S. 12.