Azərbaycan
2020: gələcəyə baxış
Mədəni
irs prioritet inkişaf istiqamətlərindən biridir
Fevralın
22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə “Four Seasons Baku” mehmanxanasında “Azərbaycan 2020: Mədəni
irs prioritet inkişaf istiqamətlərindən biri kimi”
mövzusunda konfrans keçirildi.
Tədbir ölkə Prezidentinin
2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında mədəni irsin
mühafizəsi, istifadəsi və təbliği ilə
bağlı vəzifələrin müzakirəsinə həsr
olunmuşdu. Sənəddə mədəni irsin qorunması və
səmərəli idarə edilməsi sahəsində kompleks tədbirlərin
həyata keçirilməsi də əksini tapıb. Bu vəzifələrin
həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar
və digər aidiyyəti strukturlarla sıx əməkdaşlığın
qurulmasını tələb edir.
Tədbiri mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev açaraq konfransın məqsədini
diqqətə çatdırdı: “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası qarşıdakı
dövr üçün ölkəmizin prioritetlərini
müəyyən edir. Konsepsiyada digər sahələrlə
yanaşı, mədəni irsin qorunması və səmərəli
istifadə edilməsi əsas istiqamətlərdən biri kimi
göstərilir. Konfransın məqsədi tarix və mədəniyyət
abidələrinin tədqiqi, mühafizəsi və istifadəsi
üzrə mövcud vəziyyəti qiymətləndirməklə
bərabər, qarşıdakı dövr üçün fəaliyyət
istiqamətlərini müəyyən etməkdir”.
Mədəni
irsin qorunması üçün imkanlar səfərbər
olmalıdır
Nazir bildirdi ki, son illər ölkəmizdə
mədəni irsin qorunması ilə bağlı yerli və
beynəlxalq səviyyədə çox işlər
görülüb. Bu işlərin daha geniş coğrafiyada
tanınması və təbliğinə Heydər Əliyev
Fondunun verdiyi töhfələr əvəzsizdir. Fondun
prezidenti Mehriban xanım Əliyevanın təşəbbüs
və səyləri nəticəsində Azərbaycanın zəngin
irsi beynəlxalq aləmdə böyük müvəffəqiyyətlə
təbliğ olunur, xalqımızın maddi və qeyri-maddi mədəni
abidələri UNESCO-nun dünya irs və qeyri-maddi irs üzrə
reprezentativ siyahılarına daxil edilib. Azərbaycan
xalqının yaratdığı mədəni nümunələr
bəşəriyyət tərəfindən milli-mənəvi
dəyərlərimiz kimi qəbul olunur.
İşğal altında olan
torpaqlarımızda mədəni irsin qorunması ilə
bağlı problemləri diqqətə çatdıran nazir
bu istiqamətdə də işlərin davam etdiyini
vurğuladı: “İlk növbədə Ermənistanın
işğal etdiyi ərazilərdə dağıdılmış
mədəniyyət abidələrimizin beynəlxalq
konvensiyalara uyğun mühafizəsini təmin etməliyik,
abidələrin saxtalaşdırılmasının
qarşısını almaq üçün
imkanlarımızdan yararlanmalıyıq. Ötən ilin dekabr
ayında UNESCO-nun silahlı münaqişələr zamanı
mədəni mülkiyyətin qorunması üzrə komitəsində
qəbul edilmiş qərar növbəti addımlar
üçün zəmin hazırlayıb. Ölkəmizin təşəbbüsü
ilə qüvvəyə minmiş bu qərar erməni tərəfinin
üzərinə işğal olunmuş ərazidə yerləşən
mədəniyyət abidələri barədə hesabat vermək
öhdəliyi qoymaqla yanaşı, həmin ərazilərə
texniki missiyanın göndərilməsinə də imkan
yaradır. Biz diplomatik uğurlarımızla kifayətlənməməli,
alim və mütəxəssislərin birgə əməkdaşlığı
sayəsində bu işlərimizi davam etdirməliyik”.
Üç dövlət proqramı hazırlanıb
Nazir qeyd etdi ki, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında dövlət siyasətinin
vacib reallaşdırma mexanizmlərindən biri kimi proqram,
konsepsiya və strategiya xarakterli sənədlərin qəbulu
göstərilir. Mədəni irs sahəsində də yeni
proqramların qəbulu zəruridir: “Hazırda respublika üzrə
60-a yaxın dövlət proqramı qüvvədə olsa da,
mədəni irs sahəsində belə bir sənəd qəbul
edilməyib. Halbuki nazirlik tərəfindən üç sənədin
- “2013-2020-ci illərdə daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafı üzrə Dövlət Proqramı”,
“2013-2017-ci illərdə Basqal Dövlət Tarix-Mədəniyyət
Qoruğunun inkişafı üzrə Dövlət
Proqramı” və “Qafqaz Albaniyası irsinin tədqiqi,
mühafizəsi və təbliğinə dair Dövlət
Proqramı”nın (2013-2016) layihələri uzun müddətdir
hazırlanaraq razılaşdırılmaq üçün
müvafiq qurumlara göndərilib. Sözügedən
proqramların konsepsiyada da qeyd olunduğunu nəzərə
alaraq hesab edirəm ki, aidiyyəti nazirlik və qurumlar bu sənədlərin
qəbulu üçün lazımi köməyi əsirgəməməlidirlər”.
Çıxışının
sonunda Əbülfəs Qarayev mədəni irs sahəsinin
ölkənin prioritetlərindən biri elan edildiyini nəzərə
alaraq İnkişaf Konsepsiyasının nəzərdə
tutduğu dövrü əhatə edən və mədəni
irs sahəsinin kompleks inkişafını özündə əks
etdirən yeni bir sənədin - “Daşınmaz mədəni
irsin qorunması üzrə Milli Strategiya”nın
hazırlanması təşəbbüsü ilə
çıxış etdi. Qeyd olundu ki, uzunmüddətli
dövrdə tarix və mədəniyyət abidələrinin
tədqiqi, mühafizəsi və təbliği üzrə əsas
hədəfləri müəyyən edən belə bir sənədin
qəbulu qarşıda duran vəzifələrin daha sistemli
icrasına şərait yaradacaq”.
Mədəni
irs haqqımızı dünya miqyasında sübut etməliyik
Konfransın işinə uğurlar
arzulayan Azərbaycan Respublikası Baş nazirinin müavini
Elçin Əfəndiyev tədbiri son dərəcə əhəmiyyətli
hadisə kimi dəyərləndirdi. Bildirdi ki, mədəniyyət
Azərbaycan dövlətçiliyinin ən prioritet sahələrindən
biridir. Ümummilli lider Heydər Əliyev bu prioritet istiqaməti
hələ respublikaya ilk rəhbərliyi dövründə
elan etmişdi: “Ötən müddət ərzində ölkəmizin
mədəniyyət sahəsində əldə etdiyi
böyük uğurlar bunun bariz göstəricisidir”.
Ulu öndərin müstəqil Azərbaycana
rəhbərliyi illərində mədəniyyət kimi
prioritet sahəyə xüsusi diqqət verdiyini deyən
Baş nazirin müavini qeyd etdi ki, bu ənənə Prezident
İlham Əliyev tərəfindən daha da geniş şəkildə
davam etdirilir: “Mədəniyyətin inkişafı yalnız
yeni əsərlərin yazılmasından, musiqilərin bəstələnməsindən,
tamaşaların səhnəyə qoyulmasından ibarət deyil.
Bunlar, əlbəttə, vacibdir, bunlarsız inkişaf
mümkün deyil. Lakin bütün bunlar
ayrı-ayrılıqda bütöv mədəniyyəti, mədəni
irsi əhatə edə bilməz. Bunlar o zaman tam, bütöv
ola bilər ki, xalq öz mədəniyyətinə, mədəni
irsinə dünya miqyasında sahib çıxmağı bacarsın.
Təəssüf ki, dünyanın böyük muzeylərində
Azərbaycan milli mədəni irsinin nümunələri
başqa xalqların, ilk növbədə, ermənilərin
adına yazılır, fars mədəniyyətinin nümunələri
kimi təqdim edilir. Son vaxtlar bu sahədə çox
böyük işlər görülüb. Heydər Əliyev
Fondunun bu sahədə fəaliyyəti xüsusi qeyd
olunmalıdır. Fondun təşəbbüsü ilə
Vatikanda Azərbaycan milli irs nümunələrinin sərgisi
açıldı. Orada mədəni irsimizə olan
böyük marağın şahidi olarkən bir daha
düşündüm ki, bu istiqamətdə daha böyük
layihələrə imza atmalıyıq.
Çalışmalıyıq ki, mədəni irsimizə
sahib olduğumuzu dünya miqyasında sübut edək”.
90-cı illərin əvvəllərində
bu istiqamətdə itkilərimizin olduğunu söyləyən
Elçin Əfəndiyev bildirdi ki, həmin vaxt bir çox mədəni
irs nümunələrimiz dağıdılaraq, xarici ölkələrə
aparılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ərazilərimiz təcavüzə məruz
qalıb: “Təcavüz nəticəsində 20 faiz
torpaqlarımız işğal olunub. Bu torpaqlarda mənfur
qonşularımız tərəfindən çoxsaylı mədəni
irs nümunələrimiz məhv edildi. Mədəni irsimizin
qorunması və dünya miqyasında təbliği
üçün, ilk növbədə, yüksək savada,
biliyə, eləcə də müasir texnologiyadan istifadə
etmək bacarığına malik olmalıyıq.
İnanıram ki, bugünkü müzakirələrin əməli
nəticələrini görəcəyik”.
Mədəni
irslə bağlı zəngin internet resursları
yaratmalıyıq
Tədbirdə
çıxış edən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə isə
vurğuladı ki, mədəni irslə bağlı yeni
konsepsiyanın hazırlanması dövlət qurumu olaraq təkcə
Mədəniyyət və Turizm Nazirliyinin işi ola bilməz:
“Konsepsiyanın böyük elmi tutumu olmalıdır. Azərbaycan
Milli Elmlər Akademiyası ilə yanaşı, ölkəmizdə
fəaliyyət göstərən ali məktəblər, elmi
tədqiqatlarla məşğul olan müxtəlif qurumlar,
dövlət və qeyri-dövlət təşkilatları bu
işə qoşulmalıdırlar. Bu, çox konseptual sənəd
olmalı, ilk növbədə gənc nəslə
ünvanlanmalıdır. Çünki gənc nəslin
nümayəndələri artıq postmodern dövrünün
insanlarıdır. Bütün bu mədəni irs postmodern
“dilində” təqdim edilməsə, o, heç vaxt təbliğ
oluna bilməyəcək. Xalqımızın mədəni
irsi ilə bağlı çox zəngin internet resursları
yaratmalıyıq. Yeni texnologiyalardan istifadə etməklə
elə muzeylər yarada bilərik ki, onlara nə bina, nə də
qədimdən qalan artıq əşyalar lazım gəlməz.
Həmin virtual muzeylər vasitəsilə çox şeyi təbliğ
etmək olar. Belə virtual muzeylərlə həm gənclərimizə,
həm də əcnəbilərə mədəni irsimizin
bütün zənginliyini, onun əhatə etdiyi sahələri
daha geniş çatdıra bilərik”.
İnkişaf Konsepsiyası gələcəyə və
gənclərə ünvanlanıb
Fatma Abdullazadə bildirdi ki, bu
gün bəlkə özümüz də hiss etmədən bəzi
mədəni irs nümunələrimizdən demək olar ki,
imtina edirik, nəticədə onlar öyrənilmir,
itib-batır. Buna misal olaraq Bakı və Gəncə şəhərlərinin
folklorunu göstərdi: “XX əsrdə hamı qədim
nağılları, rəvayətləri, mifləri
araşdırıb, qələmə alırdı. Lakin bu
böyük folklor nümunələri heç kim tərəfindən
qələmə alınmayıb. Bu gün tariximizlə
bağlı bir çox eksponatlar dünya muzeylərində
saxlanılır. Təəssüf ki, biz bunların
mövcudluğundan xəbərsizik. Eyni zamanda, qədim mədəni
irsimizə dair bir çox əlyazmalarımız var ki, onlar
bilavasitə bizim tariximizlə, mədəniyyətimizlə
bağlı olsalar da, harada saxlandıqlarını bilmirik”.
Şöbə müdirinin sözlərinə
görə, mədəni irsin təbliği bir çox vacib məsələləri
gündəmə gətirir. Xalqımızın zəngin mədəni
irs nümunələrini ölkəyə gələn hər
bir turist üçün yüksək səviyyədə təqdim
etmək lazımdır: “Burada söhbət sadəcə dil tərcüməsindən
deyil, xalqımız üçün əziz, vacib olan
hansısa mədəni abidənin Azərbaycana gələn
insan üçün maraqlı təqdimatından gedir.
İnkişaf Konsepsiyası bütövlükdə gələcəyə
ünvanlanıb. Arzu edərdim ki, ölkəmizin istedadlı
və hərtərəfli inkişaf edən gəncliyi əsrlərin
süzgəcindən süzülüb gələn bu mədəni
irsin layiqli davamçısı, qoruyucusu olsun. Yalnız belə
bir şəraitdə bu zəngin irs qoruna, inkişaf etdirilə,
gələcək nəslə ərməğan edilə bilər”.
Geniş tədbirlər planı həyata keçiriləcək
İqtisadi inkişaf nazirinin
müavini Sevinc Həsənova çıxışında
bildirdi ki, İnkişaf Konsepsiyasında mədəni irsin
qorunub saxlanılması, səmərəli idarə
olunması problemlərinin prioritetlərdən biri kimi qəbul
edilməsi Prezident İlham Əliyevin bu sahəyə
mühüm əhəmiyyət verməsinin təsdiqidir.
Konsepsiya çərçivəsində Azərbaycan
xalqının zəngin adət və ənənələrinin
təbliği, milli bayram və mərasimlərin qorunub
saxlanılması, tarixi rəmz və abidələrin bərpası,
milli musiqi və rəqslərin təşviqi, xalq oyun və
tamaşalarının bərpası, dünya muzeylərində
saxlanılan incəsənət nümunələrimizin
öyrənilməsi və digər işlərin kompleks şəkildə
həll edilməsi məqsədilə bu sahə üzrə
strategiya, dövlət proqramları və tədbirlərin
hazırlanması və icrası nəzərdə tutulur.
Qeyd olundu ki, Prezidentin müvafiq fərmanı
ilə İqtisadi İnkişaf Nazirliyinə konsepsiya ilə
bağlı dövlət orqanlarının fəaliyyətini
təşkil etmək və əlaqələndirmək məqsədilə
milli fəaliyyət qrupunun yaradılması və
konsepsiyanın həyata keçirilməsi üçün
dövlət proqramları, strategiyalar, digər sənəd və
tədbirlərin siyahısına dair təkliflərin təqdim
edilməsi tapşırılıb: “Bununla əlaqədar
aidiyyəti təşkilatlardan 300-dən çox strategiya, o
cümlədən mədəni irsin qorunmasına dair
proqramlar, tədbirlər planları və digər sənədlərin
hazırlanması təklifləri daxil olub. Hazırda qəbul
edilməsi tövsiyə olunan sənədlərin
siyahısının dəqiqləşdirilməsi
yekunlaşmaqdadır”.
Yeni
aşkar olunmuş 1725 abidənin ilkin siyahısı
hazırlanıb
Mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev daşınmaz tarix və
mədəniyyət abidələrinin bərpası və
qorunması, qoruqların fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində mövcud vəziyyət və qarşıda
duran vəzifələr barədə məlumat verdi. Bildirildi
ki, hazırda Azərbaycan ərazisində dövlət
mühafizəsinə götürülmüş 6308
daşınmaz tarix və mədəniyyət abidəsi var.
2001-ci ilin dövlət reyestrinə əsaslanan bu məlumatın
yenilənməsi üçün artıq ölkə ərazisində
yeni aşkar olunmuş abidələrin ilkin siyahısı
hazırlanıb. 1725 abidədən ibarət olan bu siyahı
AMEA-nın müvafiq institutları ilə
razılaşdırıldıqdan sonra reyestrə daxil edilməsi
üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Vaqif Əliyev vurğuladı ki, zəngin
mədəni irsimizin qorunması şərəfli və məsuliyyətli
bir vəzifədir. Bu vəzifə yalnız dövlət məmuruna,
abidə mühafizəçisinə və ya mütəxəssisə
aid deyil. Ölkəmizin hər bir guşəsi boyu səpələnmiş
memarlıq incilərini, arxeoloji məskənləri qorumaq və
gələcək nəsillərə ötürmək cəmiyyətin
hər bir üzvünün bu işdə fəal
iştirakı ilə mümkündür: “Abidələrin təyinatı
üzrə istifadəsini təmin etmək məqsədilə
müntəzəm olaraq tarix və mədəniyyət abidələrində
bərpa-konservasiya və layihələndirmə işləri
aparılmaqdadır. Hazırda Suraxanı qəsəbəsindəki
“Atəşgah məbədi”ndə, Şəkidə yerləşən
Şəkixanovların evində, Quba rayonunun Xınalıq kəndindəki
Əbu-Müslim məscidində, Gəncədə “Şah Abbas”
karvansarayında, Bərdədə “Allah-Allah” və Füzuli
rayonunda “Şeyx Babı” türbələrində,
Gürcüstan Respublikası ilə sərhəddəki
“Sınıq körpü”də bərpa işləri davam
etdirilir. Layihəçi-memarlarımız tərəfindən
həmçinin Qəbələ rayonunun Nic kəndində
“Bulun” və “Göyün” məbədlərinin, Qəbələ
Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindəki
“Səlbir” qalasının, Abşeron yarımadasının
şimal-şərq istiqamətində yerləşən
mayakların, “Şabran şəhəri” tarix-mədəniyyət
qoruğunun abidələrinin bərpa-konservasiyası üzrə
layihələri hazırlanıb və qarşıdakı
dövrdə bu abidələrdə də işlərin
başlanılması nəzərdə tutulur”.
* * *
Dünya mədəniyyəti xəzinəsində
özünəməxsus yer tutan qədim və zəngin
irsimizlə fəxr etdiyini söyləyən AMEA-nın
vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik
Nailə Vəlixanlı bildirdi ki, mədəni irsi lazımi səviyyədə
qorumaq üçün təkcə şövq, həvəs və
hətta milli qeyrət bəs etmir. Bunun üçün
dövlət və xalqın biri digərini tamamlayan, biri digərinə
dəstək olan həmrəyliyi vacibdir.
Tədbirdə Müəllif
Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Əqli
mülkiyyət kimi qorunan mədəni irs”, UNESCO üzrə
Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın
“Azərbaycanın maddi-mədəni abidələrinin
dünyada tanıdılması və UNESCO-nun Dünya İrs
Siyahısının bu istiqamətdə rolu”, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru
Gülçöhrə Məmmədovanın “Mədəni
irsin təbliği kontekstində Qafqaz Albaniyası irsinin tədqiqi,
mühafizəsi və bərpasının əhəmiyyəti”,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın
“Arxeoloji irsin qorunması, bərpası və səmərəli
idarə edilməsi” və başqalarının digər
mövzularda məruzələri dinlənildi.
Tədbirə yekun vuran mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev müzakirə olunan
məsələ ilə bağlı qətnamə
hazırlandığını, rəy, təşəbbüs
və təkliflər bildirildikdən sonra sənədin qəbul
ediləcəyini dedi. Çıxış edənlərə
minnətdarlığını bildirən nazir bütün təkliflərin
mədəni irsimizin daha geniş formada təbliğinə
öz müsbət təsirini göstərəcəyinə əminliyini
ifadə etdi.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2013.- 27 fevral.- S. 8-9.