“Azərbaycan
2020: Mədəni irs prioritet
inkişaf istiqamətlərindən biri kimi” mövzusunda
konfransın Qətnaməsi
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə “Azərbaycan
2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən
biri kimi” mövzusunda keçirilən konfransın
işində Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının, Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
müvafiq icra hakimiyyəti
orqanlarının, Azərbaycan Milli Elmlər
Akademiyasının, elmi-tədqiqat institutlarının, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının
və ictimai birliklərin nümayəndələri
iştirak etmişdir.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən mədəni irsin qorunmasının ölkənin prioritetlərindən biri elan edilməsini dövlət başçısının bu sahəyə yetirdiyi şəxsi diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirmiş, cənab Prezidentin etimadını doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini vurğulamışlar.
Konfrans iştirakçıları Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsləri sayəsində Azərbaycanın mədəni irsinin bütün dünyada təbliğ olunduğunu, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə gündən-günə artdığını qeyd etmişlər.
Konfrans iştirakçıları mədəni irsin qorunması sahəsində son illər ərzində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, Azərbaycanın memarlıq və arxeoloji abidələrində müasir standartlara uyğun bərpa və konservasiya işlərinin aparıldığını, mühafizə tədbirlərinin gücləndirildiyini, tarix və mədəniyyət qoruqlarının idarəçiliyinin təkmilləşdirildiyini bildirmişlər. Konfrans iştirakçıları qarşılıqlı əməkdaşlıq şəraitində tarix və mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və təbliği üzrə birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Konfrans iştirakçıları dinlənilən məruzələr və irəli sürülmüş təkliflər əsasında qərara alırlar:
* Tarix və mədəniyyət abidələrinin mühafizəsi və istifadəsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilik aktlarına əlavə və düzəlişlərin edilməsinə dair təkliflər hazırlansın, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi üzrə işlər yekunlaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilsin.
* Azərbaycan Respublikasının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin tam inventarlaşdırılması və pasportlaşdırılması, mühafizə zonalarının dəqiqləşdirilməsi, qoruqların idarəetmə planlarının hazırlanması və yerinə yetirilməsi üzrə ardıcıl işlər aparılsın, illik iş planları əsasında abidələrdə yüksək keyfiyyətli və qabaqcıl texnologiyalara əsaslanan bərpa və konservasiya işləri həyata keçirilsin.
* Tarix və mədəniyyət abidələri üzrə idarəetmənin optimallaşdırılması məqsədilə struktur və ştat vahidləri yenidən nəzərdən keçirilsin, abidə mühafizəçilərinin bilik və bacarıqlarının artırılması üçün vaxtaşırı ixtisasartırma kursları təşkil edilsin, kadr potensialının gücləndirilməsi təmin edilsin.
* Tarix və mədəniyyət abidələrindən istifadənin iqtisadi səmərəliliyi təmin edilsin, mədəni irs obyektlərinin idarə olunması bazar münasibətləri şəraitinə uyğunlaşdırılsın, yerli icmaların sosial-iqtisadi rifahı naminə müasir idarəetmə modelləri pilot layihələr şəklində sınaqdan keçirilsin, abidələri əhatə edən mövcud turizm marşrutlarının genişləndirilməsi, yeni marşrutların yaradılması və ümumilikdə mədəni turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilsin.
* UNESCO-nun “Dünya irsi siyahı”sına yeni abidələrin daxil edilməsi istiqamətində işlər davam etdirilsin, islam mədəniyyəti abidələrinin İSESCO-nun “Dünya İslam irsi siyahısı”na salınması üzrə səylər gücləndirilsin, İCCROM, İCOMOS, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla birgə layihələrin icrası dəstəklənsin.
* Azərbaycanın zəngin ənənələrə malik milli bərpaçılıq məktəbinin inkişaf etdirilməsi üçün dövlət qurumları, elmi institutlar, tədris ocaqları və özəl müəssisələr arasında əməkdaşlıq əlaqələri möhkəmləndirilsin, gənclərin bu sahəyə marağının artırılması və bərpaçı mütəxəssislərin hazırlanması məqsədilə birgə tədbirlər həyata keçirilsin, gənclər təlimlərə və xarici tərəfdaşlarla təcrübə mübadiləsi proqramlarına cəlb olunsunlar.
* Erməni işğalı altında olan Azərbaycan ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin beynəlxalq konvensiyalara uyğun mühafizəsinin təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin mədəni irsimizə vurduğu ziyan, eləcə də Qafqaz Albaniyası abidələrinin saxtalaşdırılması barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılması üzrə işlər sistemli şəkildə davam etdirilsin.
* İnformasiya və kommunikasiya texnologiyalarının mədəni irs sahəsində tətbiqi genişləndirilsin, mədəni irsin rəqəmsal əsasları inkişaf etdirilsin, tarix və mədəniyyət abidələrinin elektron kataloqları yaradılsın, abidələrin mühafizəsi və idarə olunması prosesində innovativ metodların istifadəsinə diqqət artırılsın.
* Yerli və beynəlxalq ictimaiyyət arasında Azərbaycanın mədəni irsinin təbliği məqsədilə yeni çap, audio, video və internet resurslar yaradılsın, müxtəlif informasiya kanalları vasitəsilə müntəzəm təşviqat kampaniyaları həyata keçirilsin, gənc nəslin maarifləndirilməsi istiqamətində təlim-tərbiyə müəssisələri, eləcə də vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq əlaqələri qurulsun.
* Mədəni irs sahəsinin kompleks inkişafını özündə əks etdirəcək və uzunmüddətli dövrdə tarix və mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və təbliği üzrə əsas hədəfləri müəyyən edəcək “Azərbaycanda 2013-2020-ci illərdə daşınmaz mədəni irsin qorunması üzrə Milli Strategiya” hazırlanması istiqamətində işlərə başlanılsın.
* “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də 2013-2016-cı illəri əhatə edən “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair” Dövlət Proqramı müvafiq qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.
* “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Respublika Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanına əsasən yuxarıda sadalanan təkliflər ümumiləşdirilərək fevral ayının sonunadək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edilsin.
Qətnamə 22 fevral
2013-cü il tarixində Bakı şəhərində
qəbul edilmişdir.
Mədəniyyət.-
2013.- 27 fevral.- S. 9.