Xocalı faciəsi Almaniyada anıldı

 

   Fevralın 24-də Almaniyanın Berlin şəhərində Xocalı soyqırımı tələbə rəssamların əl işləri vasitəsilə alman tamaşaçılarına çatdırıldı. Sərgini Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov açaraq Xocalı faciəsinin Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş erməni vandalizmi adlandırmışdır. Bu vandalizmin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd etmişdir.

  

   Səfir Xocalı faciəsinə həsr olunmuş sərgiyə görə təşkilatçılara - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədova, Mədəniyyət və İncəsənət Universitetinin dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əzizə öz təşəkkürünü bildirmişdir.

   Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev öz çıxışında qeyd etmişdir ki, tarixin müxtəlif dönəmlərində mənfur ermənilər öz üzlərini göstərərək, Azərbaycanın dinc əhalisinə qarşı zorakılıq törədiblər. Bu zorakılıq aktlarından biri də 1992-ci ilin 26 fevralında, o müdhiş gecədə baş verən Xocalı faciəsidir. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birinin yaşanması yeni tariximizə qara hərflərlə yazılıb.

   Xocalı faciəsi bu gün artıq dünya birliyi tərəfindən də tanınmaqdadır. Getdikcə daha çox ölkələrin parlamentləri bu faciə ilə bağlı fikirlər səsləndirir, onu rəsmən tanıyır, işğal faktını qətiyyətlə pisləyirlər. Xocalı soyqırımı bəşəriyyətin ən qanlı səhifəsi olaraq heç zaman xatirələrdən unudulmayacaqdır. Faciə zamanı ictimai-mədəni tikililər, təhsil və səhiyyə müəssisələri, tarixi mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. Xocalı mövzusu ali məktəbimizin müəllim və tələbələrinin yaradıcılığında, kinossenarilərdə, tədris-teatr tamaşalarında, sərgilərdə daim düşünülən və həyata keçirilən bir mövzudur. Bu sərgidə tələbə yaradıcılığında Xocalı mövzusu öz faciəvi ruhunu və yüksək bədii əksini tapmışdır. Bu əsərlər tələbə rəssamların yüksək professionallığının nəticəsi olaraq tarixi obyektivliyi bədii sənət nümunələri vasitəsilə dəyərləndirdiklərinə görə sərgiyə gələnləri riqqətə gətirə bilmişdir.

   Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışmış və bu faciənin beynəlxalq arenaya çıxarılmasında sənətin rolundanbu sərginin əhəmiyyətindən bəhs etmişlər.

  

 

   Rafiq Sadıqov,

   Azərbaycan Dövlət Mədəniyyət və

   İncəsənət Universitetinin tədris işləri üzrə

   prorektoru, professor

 

   Mədəniyyət.- 2013.- 27 fevral.- S. 5.