“Sənədlər
sübut edir”
Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində
Xocalı faciəsinin 21-ci ildönümünə həsr
olunmuş “Sənədlər sübut edir” adlı tədbir-sərgi
təşkil edildi.
Əvvəlcə muzeyin direktoru Fəridə
Şəmsi Xocalı faciəsinin tarixindən, qan yaddaşımızı
əks etdirən tədbirlərin əhəmiyyətindən
söz açdı.
Sərgidə təqdim olunan “Məhkum olunmuş Xocalı” kitabından danışan direktor bildirdi ki, müəllif, tanınmış publisist-jurnalist, Qaçqın və Məcburi köçkünlərin Müdafiə Mərkəzinin sədri Tatyana Çaladze kitabın yazılmasında Milli Təhlükəsizlik Nazirliyinin arxivində olan materiallardan istifadə edib. Buraya Xocalı faciəsi şahidlərinin istintaq sənədləri, hadisənin baş verdiyi yerə baxış zamanı tərtib olunan protokollar daxildir.
Tatyana Çaladze araşdırmaları yekunlaşdırdıqdan sonra 1500-dən çox sənədi muzeyə təhvil verib. Onların bir hissəsi sərgidə nümayiş olundu.
Tədbirdə Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Füqarə Rüstəmova, Xocalı sakini Sevda Xanlarova və digər qonaqlar çıxış etdilər.
Sonda “Salnamə”
studiyasında lentə alınan “Dua” sənədli
filmi (müəllifi Yusif
Şeyxov, rejissoru Ziya Şıxlinski) nümayiş
olundu.
Mədəniyyət.-
2013.- 27 fevral.- S. 4.