Milli İncəsənət Muzeyinin Xocalı sərgisi

 

   Fevralın 23-də Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə paytaxtdakı 160 saylı klassik gimnaziyada Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı sərgi və anım mərasimi keçirildi.

  

   Tədbiri təhsil ocağının direktoru Faina Ələkbərova açaraq Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz səhifəsi, bütün insanlığa qarşı dəhşətli cinayət olduğunu vurğuladı. Bildirdi ki, təşkil olunan sərgidə Milli İncəsənət Muzeyinin ekspozisiyasından Xocalı faciəsini əks etdirən rəsmlər yer alıb.

   Direktor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qanlı qırğının dəhşətlərini xatırlatdı: “Bir gecənin içində Xocalı 613 sakinini itirdi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və ahıl idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi...”

   Milli İncəsənət Muzeyinin direktor müavini Elmira Qasımova isə bildirdi ki, Xocalı faciəsi heç vaxt unudulmayacaq: “Xocalı bizim qan yaddaşımızdır. Xalqımızın qəlbində, şair və yazıçıların əsərlərində, rəssamların tablolarında yaşayacaq. Bugünkü sərgidə nümayiş olunan “Məngənə”, “Arxada yanan şəhərdi”, “Biçarə həmvətənlər”, “Axırıncı döyüşçü” və digər əsərlərin hər biri tarixin qanlı səhifələrini əks etdirən tablolardır. Bu rəsmlərdə Xocalı faciəsi bədii obrazlarla ifadə olunub”.

   Daha sonra Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, şair Oqtay Zülfüqarlı (Zəngilanlı), rəssam İlqar Əkbərov (o, Xocalı faciəsini ifadə edən bir əsərini gimnaziyaya hədiyyə etdi), Gülnarə Zeynalabdinova çıxış etdilər, Xocalı haqqında nisgillərini dilə gətirdilər.

   Sonda gimnaziyanın şagirdləri qanlı faciə haqqında ayrı-ayrı şairlərin şeirlərini söylədilər.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2013.- 27 fevral.- S. 4.