O, insanları birliyə,
anlaşmaya çağırırdı
Böyük Azərbaycan mütəfəkkiri Seyyid
Yəhya Bakuvinin vəfatının 550 illiyinə
həsr olunmuş elmi konfransda 11 ölkənin alimləri
bir araya gəlib
İyulun 2-də Bakıda
Mədəniyyət və
Turizm Nazirliyinin və AMEA-nın Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun təşkilatçılığı
ilə böyük şair, alim və mütəfəkkir,
xəlvətilik fəlsəfəsinin
ən görkəmli təmsilçisi Seyyid
Yəhya Bakuvinin vəfatının 550 illiyinə
həsr olunmuş beynəlxalq elmi konfrans işə başladı. Tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, 11 ölkəni
təmsil edən tanınmış tədqiqatçılar
da iştirak edirdilər.
Konfransın
aparıcısı mədəniyyət və turizm nazirinin
müavini Sevda Məmmədəliyeva iştirakçıları
salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı.
Qeyd olundu ki, ötən il UNESCO böyük mütəfəkkirin
yubileyinin qeyd olunması barədə qərar qəbul
edib və beynəlxalq elmi konfrans təşkilatın yubileylər
proqramı çərçivəsində keçirilir.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanın
böyük mütəfəkkir alimi Bakuvinin həyatı
və fəaliyyəti müxtəlif dövrlərdə
insanların diqqət mərkəzində olub: “Onun
əsərlərini, miras qoyduğu zəngin irsi multikulturalizm
baxımından təhlil edərkən görürük
ki, hələ o dövrdə Bakuvi öz əsərlərində
qarşılıqlı hörmət, ehtiramı təbliğ
edir, digər millətlərin mədəniyyətlərinə
böyük hörmətlə yanaşırdı. O, sufizmdə
yeni bir istiqaməti
inkişaf etdirmişdi.
Çox fəxr edirik
ki, belə bir
azərbaycanlı alimi bütün
dünya qəbul edir.
Sufizm islam dünyasının,
islam mədəniyyətinin ayrılmaz
bir hissəsidir, təfəkkür,
mənəviyyat istiqamətidir. Təsadüfi deyil ki, müxtəlif
dövrlərdə bu fəlsəfi
məktəbə insanlar, müxtəlif
fikir sahibləri önəm veriblər.
Vəfatından 550 il keçməsinə
baxmayaraq bu gün də onun irsi hörmətlə anılır, tədqiqatlar
aparılır”.
Nazir qeyd etdi ki, son
illər Azərbaycan xalqının mədəni irsi beynəlxalq
təşkilatlarda, müxtəlif konfranslarda, müzakirələrdə
böyük maraq doğurur. UNESCO-nun xətti
ilə keçirilən tədbir buna daha bir sübutdur:
“Bu konfransda 11 ölkədən
nümayəndələri görürüksə, deməli,
azərbaycanlı mütəfəkkirin 5-6 əsr bundan əvvəl yaratdığı
məktəb bu gün
də geniş elmi
ictimaiyyətin diqqətini cəlb edir:
“Bu, elmi bir konfransdır. Daha çox nəzəriyyə baxımından
öz fikir və
təəssüratlarımızı bildiririk.
Lakin
nəzəriyyə təcrübədən heç vaxt geri qalmamalı, təcrübəyə
əsaslanmalıdır. İstərdik ki,
alimlər, dəyərli tədqiqatçılar Azərbaycan
elminin, mədəniyyətinin bugünkü səviyyəsini görsünlər,
qiymətli fikirləri ilə mədəniyyətlərarası,
dinlərarası dialoqa elmin gücüylə
böyük bir təkan
versinlər. İnanıram ki, onlar bu konfransda
proseslərə müasir nöqteyi-nəzərdən
baxaraq maraqlı fikirlər söyləyəcək,
bizim alimlərimiz ortaya
çıxan fikirlərdən də yararlanaraq
Azərbaycan elminin həqiqətən
bəşəri bir elm
olmasını bir daha
sübut edəcəklər”.
* * *
Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Elşad İsgəndərov çıxışında
qeyd etdi ki, xəlvətiyyə təriqətinin əsas
simalarından olan Bakuvinin önəmli məziyyətlərindən
biri Azərbaycan türkcəsində yazıb-yaratmasıdır:
“O dövrdə elm sahəsində ərəb, ədəbiyyat
sahəsində daha çox fars dilləri istifadə
edilsə də, o, əsas əsərini Azərbaycan
türkcəsində yazmışdı. Onun fəaliyyəti Azərbaycanın və regionun çərçivəsi ilə
məhdudlaşmır. Müasir dövrün problemlərini götürsək,
Bakuvi əsərlərində onların
bir çoxuna cavab tapa bilirik.
Bu gün dünyada ən böyük
problem yalnız zahiri
əlamətlərə daha çox önəm verməkdir. Halbuki insanın batini,
ruhu, niyyəti daha
çox önəm daşıyır.
Xəlvətiliyin qabartdığı məqam dinin ruhunu, əxlaqını
həm də daxilən yaşamaq idi. O, insanın kamilləşməsində
irfanın, ədəbin, əxlaqın böyük
rolunu aşılayırdı, insanları
qardaşlığa, birliyə çağırırdı”.
UNESCO üzrə
Azərbaycan Milli Komissiyasının 1-ci katibi Günay
Əfəndiyeva qeyd etdi ki, təşkilatın mədəniyyət
sahəsində əsas proqramlarından biri görkəmli
şəxsiyyətlərin və tarixi hadisələrin
yubileylərinin qeyd olunması ilə bağlıdır.
İki ildən bir üzv ölkələr
UNESCO-ya öz namizədlərini
təqdim edir və onların
müəyyən meyarlar seçimindən
keçdikdən sonra yubileylərinin
beynəlxalq qurumun himayəsi altında
keçirilməsinə qərar verilir:
“Azərbaycan bu proqramda
çox fəal iştirak
edir. Son illər UNESCO-da müxtəlif mədəniyyət
və elm xadimlərimizin yubileyləri
keçirilib. Bu il də təşkilat səviyyəsində
Azərbaycanla bağlı üç yubiley qeyd olunmaqdadır.
Bunlardan biri görkəmli şairə
Məhsəti Gəncəvinin 900 illik,
digəri dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin “Arşın
mal alan” musiqili komediyasının 100 illik, üçüncüsü
isə böyük mütəfəkkirimiz
Seyyid Yəhya Bakuvinin
vəfatının 550 illiyi ilə
bağlı olan tədbirdir”.
Bakuvinin yubileyinin
bir neçə aydan sonra UNESCO-da da qeyd olunacağını
deyən G.Əfəndiyeva bildirdi ki, görkəmli
mütəfəkkir-filosof dünya miqyaslı
şəxsiyyətdir: “Belə dahilərin yaratdıqları
heç bir zamana sığmır, onların yaradıcılığı
hər zaman öz aktuallığı ilə diqqəti
cəlb edir. Onun zəngin fəlsəfi və
ədəbi əsərlərinin də əsasını
sülhə, düzlüyə, dostluğa
çağırış təşkil edir.
Müasir zamanla onun yaradıcılıq axtarışlarını
müqayisə etsək görərik ki,
UNESCO-nun da əsas
hədəflərindən biri mədəniyyətlərarası
dialoq vasitəsilə davamlı
sülhə nail olmaq,
dünyada tolerant bir cəmiyyət yaratmaqdır. Azərbaycan
bu mənada bir
nümunə kimi göstərilə
bilər”.
Xəlvətiyyə Cəmiyyətinin sədri, şeyx El-Mamoune El-Kacimi El-Hassani bildirdi ki, Bakuvi kimi alimlər islami dəyərlərin qorunmasında
böyük rol oynayıblar:
“Onların irsi, yaradıcılığı
bu gün də bu dəyərlərin qorunmasına xidmət
edir. Bəşəriyyətin borcudur ki, belə bir alimin ədəbi-fəlsəfi
irsini yad etsin, gələcək nəsillərə
çatdırsın. Bu mənada
tədbiri yüksək qiymətləndirirəm. Bildiyiniz kimi alimin əsas fikirləri insanlar
arasında bərabərlik, onların azadlıq düşüncələri,
bir-birinə hörmət, müasir
bəşəriyyətin arzuladığı böyük dəyərlərə xidmət
etmişdir. Biz hesab edirik ki, insanın daxili
aləmi daima kamilləşməyə
doğru getməlidir. Mənəvi inkişafı
təmin etmək üçün islami dəyərlərin böyük
rolu var. Bu dəyərləri qorumaq
lazımdır”.
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham
Məmmədzadə elmi araşdırmalarda keçmişlə
bu günün vəhdətindən, dünya elmi ilə
əlaqələrdən söz açdı: “Keçmişlə
bağlı araşdırma aparan alimlər çox böyük
işlə məşğul olurlar. Onlar keçmişi dərk etmək istəyirlər.
Bununla onlar eyni zamanda humanitar, ictimai elmlərin
vacibliyini bir daha göstərirlər. Hesab
edirəm ki, Azərbaycan tarixini, fəlsəfəsini dərk etmək
üçün qapalı olmamaq, dünya alimləri
ilə birgə çalışmaq lazımdır. Çünki keçmişimiz
yalnız bizim deyil,
o, dünyəvidir”.
Mərakeş Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri Həsən Hami Azərbaycanda
keçirilən beynəlxalq tədbirlərin mədəniyyətlərarası
dialoqa verdiyi
töhfələrdən söz açdı,
Bakuvi əsərlərinin dərk edilməsini,
eyni zamanda Azərbaycanın
dərk edilməsi kimi qiymətləndirdi.
Bakuvi irsinin fransalı
tədqiqatçısı, professor Teri Zarkon alimin
fəlsəfi fikir və ideyaları ilə böyük
maraqla tanış olduğunu dedi: “Azərbaycanda
və Türkiyədə bu sahənin çoxlu biliciləri
vardır. Fransa, ABŞ, Əlcəzair və digər
ölkələrdə bu istiqamətdə
ciddi araşdırmalar aparılır”.
Akademik Vasim Məmmədəliyev
Bakıda belə bir konfransın keçirilməsinin
təsadüfi olmadığını qeyd
etdi: “Azərbaycan müxtəlif
dövrlərdə islam aləminə,
islam elminə dəyərli töhfələr
verib. Bakuvi kimi insanlar dinin batininə daha çox diqqət çəkiblər.
Məhəmməd peyğəmbərin hədisinə -
“Haqq carçıları olun - dilinizlə yox, batininizlə!”
daima əməl ediblər”.
Çıxışlarda
son illər mədəniyyətlər və sivilizasiyalararası
dialoq mövzusunda bir çox beynəlxalq tədbirlərin
təşəbbüsünün Azərbaycan tərəfindən
irəli sürüldüyü xüsusi qeyd olundu. Bakıda
təşkil edilmiş konfransın
əhəmiyyətini vurğulayan natiqlər
diqqətə çatdırdılar ki,
Seyyid Yəhya Bakuvinin
əsərlərində onun fəlsəfi-dini
düşüncəsi və təsəvvüf anlayışı
barədə geniş məlumat var. Ona qədər təsəvvüf
sahəsində əsər yazan
müəlliflər o qədər
də çox deyildi.
Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan əvvəl yazılmış
əsərlərə təsadüf edilmir.
Demək olar ki,
xəlvətilik təriqətinin təqribən üsul və prinsipləri ilk
dəfə onun tərəfindən yazıya
alınıb. O, 20-dən çox
əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi
əsaslarını quraraq günümüzə
qədər gəlməsini təmin edib.
Vurğulandı ki,
Seyyid Yəhya Bakuvinin əsərləri bu gün də
öz aktuallığını saxlamaqdadır. Onun fikirləri
bəşəriyyətə öz töhfəsini verməkdədir.
Çünki bu əsərlərdə,
fikirlərdə dünyaya sülh, insanlara bərabərlik,
həmrəylik öz əksini tapıb.
Elə buna görə də belə
mütəfəkkirlərin irsini
öyrənərək təbliğ etmək lazımdır.
Günün ikinci yarısında
konfransda müxtəlif ölkələri
təmsil edən alimlərin Seyyid
Yəhya Bakuvinin həyat və yaradıcılığına
dair məruzələri dinlənildi.
Beynəlxalq elmi
konfrans iyulun 3-də yekunlaşacaq.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2013.- 3 iyul.- S.
3.