“Bizim birlikdə çox böyük layihələrimiz
olacaq”
Gürcüstan
və Azərbaycan nazirləri qonşu ölkədə
yaşayan soydaşlarımızın tarix və mədəniyyəti
ilə bağlı problemləri birgə dinləyəcəklər
“Gürcüstan və Azərbaycan
mədəniyyətlərinin perspektivləri böyükdür. Biz tez-tez tədbirlər keçiririk.
Gürcü və Azərbaycan xalqlarının
mədəniyyəti inkişaf edir”. Bu sözləri
Gürcüstanın mədəniyyət naziri
Quram Odişaria jurnalistlərlə
görüşündə deyib.
Nazir Azərbaycan
mədəniyyəti ilə yaxşı tanış olduğunu
və mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevlə tez-tez görüşdüklərini bildirib:
“Mən Azərbaycanın bir çox kino xadimləri
ilə yaxından tanışam. Bu yaxınlarda
həmkarım Əbülfəs Qarayevlə həm Bakıda,
həm də Tbilisidə görüşdük.
Təxminən on gündən
sonra Əbülfəs Qarayev
Gürcüstana gələcək
və biz birlikdə azərbaycanlıların
kompakt yaşadığı bölgələrə
- Marneuli, Bolnisi, Dmanisi və Qardabaniyə səfər
edərək, Gürcüstanda yaşayan azərbaycanlı vətəndaşlarımızın
tarixi abidələri, mədəniyyəti
ilə bağlı bütün problemləri
dinləyəcək, birlikdə həll yollarını
araşdıracağıq. Nazir həmkarım bir gün Gürcüstanda
qalacaq və biz ertəsi
gün sərhədi keçərək
Azərbaycana - gürcülərin kompakt
yaşadığı bölgələrə səfər
edəcək, orada da
gürcü mədəniyyətinin
necə inkişaf etdiyi
ilə yaxından tanış olacağıq. Bu, bizim birgə həyata
keçirəcəyimiz ilk tədbirdir.
Bizim birlikdə çox
böyük layihələrimiz olacaq. İlk öncə
biz birlikdə kino
çəkməyi planlaşdıracağıq. Bu təklifi Azərbaycan kinematoqrafçıları
irəli sürüblər”.
Q.Odişarianın
sözlərinə görə, Gürcüstanda azərbaycanlıların
kompakt yaşadığı bölgələrdə
aşıq yaradıcılığı uğurla inkişaf
edir. Aşıq Kamandar Əfəndiyevin
yaradıcılığına böyük
qiymət verən nazir görkəmli
ustadın ev-muzeyinin yaradılacağını
deyib: “Muzeyə status
da verəcəyik, lakin
Marneuli rayon rəhbərliyindən
bu barədə bizə məktub ünvanlanmalıdır”.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 5.