MDB-nin mədəniyyət paytaxtı
Qəbələdə
dövlətlərarası proqramın təntənəli
açılışı keçirilib
Xəbər
verdiyimiz kimi, Azərbaycanın Qəbələ
şəhəri Belarusun Mogilyov və Ermənistanın
Gümrü şəhəri ilə birlikdə Müstəqil
Dövlətlər Birliyinin 2013-cü il üzrə
“Mədəniyyət paytaxtları” nominasiyasına daxil
edilib. Bu barədə qərar MDB-yə üzv ölkələrin
Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası
Fondunun 2012-ci ilin oktyabrında Aşqabadda keçirilmiş
iclasında qəbul olunub və dekabrın 6-da MDB dövlət
başçılarının sammitində təsdiqlənib.
İyunun 29-da Qəbələdə
“MDB-nin mədəniyyət paytaxtları-2013” dövlətlərarası
proqramının təntənəli açılışında
“Mədəniyyət paytaxtı” sertifikatının
təqdim edilməsi mərasimi keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə şəhərin
mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzüb, xatirəsini ehtiramla
yad ediblər. Sonra qonaqlar yeni istifadəyə
verilmiş Qəbələ Mədəniyyət
Mərkəzi ilə tanış olublar.
Mərkəzdə
keçirilən mərasimdə Azərbaycanın Rusiyadakı
səfiri, MDB-nin Humanitar Əməkdaşlıq üzrə
Dövlətlərarası Fondu İdarə Heyətinin
sədri Polad Bülbüloğlu qonaqları salamlayıb.
Qeyd olunub ki, mərasimə
MDB-nin 10-dək ölkəsinin rəsmi
nümayəndəsi qatılıb.
Qəbələnin 2013-cü ildə MDB-nin
mədəniyyət paytaxtı seçilməsi münasibətilə
təbriklərini çatdıran Polad
Bülbüloğlu Humanitar
Əməkdaşlıq üzrə Dövlətlərarası
Fondun fəaliyyəti barədə
məlumat verib. Bildirib
ki, Fond MDB məkanında
humanitar əməkdaşlığın
genişlənməsinə xidmət edir.
MDB ölkələrinin xalqları uzun illər bir yerdə
yaşadığı üçün
mədəniyyətlərimiz arasında fəal dialoqun olduğunu qeyd edən səfir Qəbələnin
2013-cü ildə MDB-nin mədəniyyət
paytaxtı seçilməsinin də bu
dialoqa töhfə olacağını
deyib. Polad Bülbüloğlu ümummilli
lider Heydər Əliyevin MDB ölkələrinin
xalqları arasındakı əməkdaşlığın
inkişafında əvəzolunmaz rolunu
minnətdarlıq hissi ilə qeyd edib.
Qəbələnin
beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə
ev sahibliyi etdiyini deyən diplomat, Azərbaycanın
bu qədim şəhərinin klassik musiqi mədəniyyəti
mərkəzinə çevrildiyini, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə burada ənənəvi beynəlxalq musiqi festivalının
keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu tədbirlər Prezident
İlham Əliyevin ölkədə
həyata keçirdiyi siyasətin, paytaxt Bakı ilə yanaşı, Azərbaycanın
regionlarının da sürətlə
inkişaf etməsinin göstəricisidir.
Tacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev,
Qırğızıstan Respublikasının Prezidenti Aparatının eksperti
Zayırbek Erqeşov, Moldova
Mədəniyyət Nazirliyinin “Moldova-Konsert” Milli-Mədəni Mərkəzinin
sədri Valentin Qoqa
tədbirin yüksək səviyyədə təşkilinə
görə minnətdarlıqlarını bildiriblər.
Azərbaycanda beynəlxalq mədəni
tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaqlar
Bakının sürətlə inkişaf
etdiyini və bu inkişaf tempinin Qəbələnin
timsalında regionlarda da
özünü göstərdiyini vurğulayıblar.
Qəbələnin
MDB-nin mədəniyyət paytaxtı seçilməsi
münasibətilə Azərbaycan xalqını təbrik
edən Belarusun Azərbaycandakı səfiri Nikolay
Pastkeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin
MDB ölkələri ilə iş bölməsinin
rəhbəri Anton Nazarov Qəbələdə yüksək
qonaqpərvərliklə qarşılanmalarından
məmnunluq ifadə ediblər.
Sonra Qəbələnin
2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi
ilə bağlı sertifikatın təqdim edilməsi
mərasimi olub. Rayon İcra Hakimiyyətinin
başçısı Səbuhi Abdullayev
Qəbələnin mədəniyyət paytaxtı seçilməsi
ilə bağlı minnətdarlığını ifadə
edib. Qeyd edilib ki, Prezident
İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət
nəticəsində bu gün
Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla
müasirləşir.
Mərasimdə
Müstəqil Dövlətlər Birliyi İcraiyyə
Komitəsi sədrinin müavini Toktasın Buzubaev MDB
İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin
təbrik məktubunu oxuyub. Məktubda bildirilir
ki, Qəbələyə bu adın verilməsi təsadüfi deyil. Burada incəsənətin
gözəlliyi ilə təbiətin gözəlliyi
vəhdət təşkil edir. Rusiya Federasiyasının mədəniyyət
naziri Vladimir Medinskinin təbrik məktubunu isə bu ölkənin Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov iştirakçılara
çatdırıb. Məktubda qeyd olunur ki, Qəbələnin
bu ada layiq
görülməsi şəhərin zəngin mədəniyyəti
və tarixi ilə bağlıdır.
Azərbaycanın
Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin
Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası
Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu
Qəbələnin MDB şəhərləri arasında
mədəniyyət paytaxtı seçilməsinin
əhəmiyyətini vurğulayaraq ilin sonunadək burada
müxtəlif mədəni tədbirlərin keçiriləcəyini
deyib. Səfir bu tədbirlərin Azərbaycan mədəniyyətinin
MDB ölkələrində təbliği baxımından
da böyük önəm kəsb etdiyini bildirib.
Qəbələnin
2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi
ilə bağlı sertifikat rayon İcra Hakimiyyətinin
başçısına təqdim olunub.
Mərasimin sonunda
Qəbələ Mədəniyyət Mərkəzində
MDB ölkələrindən olan yaradıcı kollektivlərin
iştirakı ilə maraqlı konsert proqramı təşkil
olunub.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 7.