“İpək Yolu”nun melodiyaları
Qədim
Şəki dördüncü dəfə beynəlxalq musiqi
festivalına ev sahibliyi edir
İyunun
28-də Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının
və Şəki Şəhər İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Şəkidə
“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı
başlanıb. İyulun 4-dək davam edəcək
sənət bayramına ölkəmizlə yanaşı,
Türkiyə, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan,
Özbəkistan, Koreya Respublikası və ABŞ-dan musiqi
kollektivləri qatılıb. Bu barədə iyunun
28-də Azərbaycan Bəstəkarlar İttifaqında
keçirilən mətbuat konfransında ətraflı
məlumat verilib.
Festivalın bədii
rəhbəri, Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
2010-cu ildən keçirilən festivalın artıq
ənənə halını aldığını vurğulayıb:
“Festivalın janr çərçivəsi də ildən-ilə
genişlənir və hər il daha zəngin proqramla
sənətsevərlərin görüşünə
gəlirik. Bu il festivalın açılış mərasimində
Azərbaycan Dövlət Opera və Balet Teatrının
kollektivi tərəfindən dahi bəstəkar Qara Qarayevin
“Yeddi gözəl” baleti nümayiş olunacaq. Festival
çərçivəsində Xalq artisti Alim Qasımov
və Əməkdar artist Fərqanə Qasımovanın
iştirakı ilə muğam konserti təqdim ediləcək.
Ənənəvi olaraq Şəki Musiqi Kollecinin tələbələri
üçün ustad dərsləri keçiriləcək”.
Mətbuat konfransında
çıxış edən Dövlət Xalq Çalğı
Alətləri Orkestrinin rəhbəri, Xalq artisti
Ağaverdi Paşayev, Əməkdar artist Tünzalə
Ağayeva və digərləri festivalın proqramı
haqqında ətraflı məlumat veriblər.
Həmin gün
Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli
adına konsert salonunda festivala həsr olunmuş “İpək
Yolunun sədaları və rəngləri: dodekafon sistemi
Qərbdə və Şərqdə” adlı konsert təqdim
olunub. Proqramda “Oazis” simli kvarteti tərəfindən Arnold
Şönberqin dodekafon janrında yazılmış “2
saylı kvartet”i və Firəngiz Əlizadənin “Dilogiya”sı
(solist Əməkdar artist Fəridə Məmmədova -
soprano) səsləndirilib. Həmçinin gənc
rəssam Lalə Qasımın performansı təqdim
olunub.
Festivalın ilk
gününə rəqs çələngi
İyunun 28-də axşam
Şəki şəhərindəki yay teatrında MDB
ölkələri rəqs qruplarının iştirakı
ilə festivalın ilk konserti təqdim edilib. Şəki
Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov və Azərbaycanın Rusiyadakı səfiri,
MDB ölkələri Humanitar Əməkdaşlıq
üzrə Dövlətlərarası Fondun İdarə
Heyətinin sədri Polad Bülbüloğlu
çıxış edərək festivalın Azərbaycanın,
eləcə də Şəkinin mədəni həyatında
əlamətdar hadisə olduğunu bildiriblər. Qeyd
olunub ki, festivalda postsovet ölkələrinin musiqi
kollektivləri də iştirak edir.
Qazaxıstanın
“Altınay”, Belarusun “Xoroşki”, Tacikistanın “Zebo”
ansambllarının, Qırğızıstanın “Ak maral”
Milli Akademik Rəqs Ansamblının, Moldovanın “Flueras”,
Özbəkistanın “Ofarin”, Rusiyanın “Beryozka”
rəqs kollektivlərinin, Ukraynanın “Banduraçılar”
duetinin çıxışları tamaşaçılar
tərəfindən alqışlarla qarşılanıb.
“Aşağı Karvansaray”da
“Yeddi gözəl”
İyunun 29-da XIX
əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı
Karvansaray” kompleksində “İpək Yolu” IV Beynəlxalq
musiqi festivalının rəsmi açılış
mərasimi keçirilib. Şəki İcra Hakimiyyətinin
başçısı Elxan Usubov və festivalın
bədii rəhbəri, Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə gözəl ənənəyə
çevrilən möhtəşəm musiqi bayramının
qədim Şəkidə keçirilməsinin təsadüfi
olmadığını vurğulayıblar. Çünki
ipəkçiliyin qədim məkanı olan Şəki
əsrlər boyu tarixi İpək Yolu üzərində
mühüm sənət və ticarət mərkəzi kimi
tanınıb. Bu gün Şəki orta əsr şəhərsalma
mədəniyyətini özündə qoruyub saxlayıb.
Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq
məkanlarında keçirilməsi həm də xalqımızın
zəngin tarixi-mədəni irsi təbliğ etməyə
imkan yaradır.
Sonra festival çərçivəsində ilk dəfə
olaraq Şəkidə Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı truppasının ifasında
böyük bəstəkar Qara Qarayevin “Yeddi gözəl”
baleti nümayiş olunub. Balet festivalın qonaqları,
şəhər sakinləri tərəfindən
alqışlarla qarşılanıb. Xalq artisti Cavanşir
Cəfərovun rəhbərliyi altında simfonik orkestrin
müşayiəti ilə nümayiş olunan səhnə
əsərinin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu
rəssam Dmitri Gerbadji (Rusiya), geyim tərtibatçısı
Xalq rəssamı Tair Tairovdur. Əsas rolları xalq artistləri
Kamilla Hüseynova və Gülağası Mirzəyev
ifa ediblər.
Şəki Musiqi
Kollecində ustad dərsləri
İyunun 30-da Bakı
Musiqi Akademiyasının professoru, Xalq artisti, tanınmış
pianoçu Yeganə Axundova Şəki Musiqi Kollecinin
tələbələrinə ustad dərsi keçib. Kollecin IV
kurs tələbəsi Türkan Məmmədli pianoda
İ.S.Bax, L.V.Bethoven və T.Quliyevin, II kurs tələbəsi
Nigar İsayeva F.List və L.V.Bethovenin əsərlərini
ifa edib. İfaları diqqətlə dinləyən professor
Y.Axundova tələbələrə tövsiyələrini
bildirib.
İyulun 1-də kollecdə
növbəti ustad dərsi BMA-nın professoru, Xalq artisti,
tanınmış violin ifaçısı Zəhra Quliyeva
tərəfindən aparılıb. III kurs
tələbəsi Aysel Lətifzadə skripkada F.Əmirov,
M.Mirzəyev və P.Çaykovskinin, II ikinci kurs tələbəsi
Vüsalə Cabbarlı A.Vivaldi, F.Əmirov və V.A.Motsartın
əsərlərini ifa ediblər. Professor Z.Quliyeva ifaçıların
yol verdikləri xətaları göstərib, tövsiyələrini
verib.
“İpək Yolu”nda
rok havası
İyunun 29-da
Şəkidəki Azadlıq meydanında ABŞ-ın
“Filligar” rok qrupunun konserti olub. Konsertdə ABŞ-ın Azərbaycandakı
səfirliyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti
və ölkəmizə səfərinin məqsədi
barədə məlumat verib. Festivalın bədii
rəhbəri, Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə Amerika rok qrupunun
çıxışının musiqi bayramına xüsusi
çalar qatacağını deyib. Bildirilib ki, 2000-ci
ildə Çikaqoda Matias qardaşları tərəfindən
yaradılan qrupun musiqisi məşhur rok və pop kollektivlərinin
yaradıcılığından qaynaqlanıb. Bu il “Filligar”
qrupu mədəniyyət və incəsənət dialoqunu,
habelə Amerika musiqi mədəniyyətini təbliğ
etmək üçün ABŞ Dövlət Departamenti
tərəfindən mədəni səfir kimi bir sıra
Şərqi Avropa ölkələrinə qastrol səfərləri
edib.
Koreyalı solistlərin
qədim musiqi nümunələri
İyunun 30-da və
iyulun 1-də tamaşaçılara Cənubi Koreya solistlərinin
ifasında qədim musiqi nümunələri və
rəqslərdən ibarət maraqlı konsert proqramı
təqdim olunub. Yay teatrında və “Aşağı Karvansaray” kompleksində
keçirilən konsertlər maraqla qarşılanıb.
Koreya Respublikasının Azərbaycandakı səfiri
Çoi Suk-İn “İpək Yolu” festivalının
mədəniyyətlərarası dialoqa töhfə
olduğunu vurğulayıb. Koreya təmsilçilərinin
bu festivalda ənənəvi olaraq iştirak etdiklərini
bildirən səfir ölkəsinin musiqi mədəniyyətində
mahnı və rəqslərin əsas yer tutduğunu deyib.
“Axşam səfası” qəlbləri sərinlədib
Festivalın
üçüncü günü “Aşağı Karvansaray”da
Türkiyənin TRT kanalının “Axşam səfası”
orkestri və solistlərinin konserti isə yay havasında
qəlblərə sərinlik gətirib. Konsertdə
bildirilib ki, “Axşam səfası” orkestri və xor qrupu
dünyanın müxtəlif ölkələrində
konsertlər verib. Kollektivin repertuarında xalq musiqisi
və bəstəkar mahnıları əsas yer tutur. Bu
ilin mayında kollektiv Heydər Əliyev Sarayında
möhtəşəm konsertləri ilə bakılıların
qəlbini fəth edib. Solistlərin 20 nəfərlik orkestrin
müşayiəti ilə yüksək peşəkarlıqla
ifa etdikləri türk pop və xalq sənət musiqisi,
Azərbaycanın xalq mahnısı “Sarı gəlin”,
həmçinin “Əziz dost”, “Sən gəlməz oldun”
və digər Azərbaycan mahnıları festival iştirakçılarının
ürəyincə olub.
Cabbar Qaryağdıoğlu
adına Azərbaycan muğam üçlüyünün
- xalq artistləri Mələkxanım Əyyubova, tarzən
Möhlət Müslümov və kamança ustası
Fəxrəddin Dadaşovun çıxışı da
tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanıb.
* * *
Qeyd edək ki, festivala
iyulun 4-də ulu öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş konsertlə yekun vurulacaq.
Konsertdə Dövlət Xalq Çalğı Alətləri
Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı
və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin
xor kollektivi çıxış edəcək.
Mədəniyyət.- 2013.- 3 iyul.- S. 8.