Mədəniyyət
və turizm naziri məşhur
türkiyəli müğənni ilə görüşüb
Ajda Pekkan bu ilin oktyabrında
Bakıda konsert proqramı ilə çıxış edəcək
“Azərbaycanda
mədəniyyətin inkişafına, sənət
adamlarına göstərilən yüksək dövlət
qayğısına heyran oldum”
İyulun 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Türkiyənin məşhur müğənnisi Ajda Pekkanı qəbul edib.
Nazir qonağı salamlayaraq onu Bakıda görməkdən məmnun olduğunu bildirib. Son dövrlər Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafından söz açan Əbülfəs Qarayev bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il ölkəmizdə bir çox beynəlxalq festivallar, böyük mədəniyyət layihələri gerçəkləşir.
Mədəni irsimizin dünyada təbliği sahəsində görülən işlərdən danışan nazir, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, xalçaçılıq sənətimizin, Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Doqquz il əvvəl Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini deyən Ajda Pekkan budəfəki gəlişində Bakının tanınmaz dərəcədə dəyişmiş və çox inkişaf etmiş bir şəhər kimi gördüyünü vurğulayıb. Ölkəmizdə mədəniyyətin inkişafına, sənət adamlarına göstərilən yüksək dövlət qayğısına heyran olduğunu deyən müğənni bu ilin oktyabr ayında Bakıda konsert vermək arzusunda olduğunu bildirib.
Əbülfəs Qarayev isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edərək, Ajda Pekkana gələcək yaradıcılığında uğurlar arzulayıb.
Görüşün
sonunda Ajda Pekkan səmimi qəbula görə nazirə öz minnətdarlığını bildirib.
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 3.