“Bakı yaradıcı insanları cəlb edən nəhayətsiz bir sənət məkanıdır”

 

   “Bakının obrazı əsrlər boyu formalaşmışdır. Bu şəhəri müxtəlif ifadələrlə tərənnüm edirlər - Böyük İpək Yolu üzərində unikal bir guşə, küləklər şəhəri, Odlar Yurdunun paytaxtı... Bakı ilə bağlı müqayisələr, assosiasiyalar, təşbehlər, mahnılar və şeirlər o qədər çoxdur ki, onların xüsusi lüğətini yaratmaq barədə düşünməyə dəyər”.    

   Bu sözlər Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyevanın nəşrin yeni nömrəsində dərc olunan məqaləsindən götürülüb.

   Baş redaktorun “Naxışlar” sərlövhəli məqaləsində vətənimizin paytaxtının bugünkü simasından söhbət açılır. Vurğulanır ki, şəhərin görkəmi dəyişdikcə burada yeni infrastruktur, memarlıq əsərləri, yeni obrazlar yaranır: “Bakı yeni-yeni yaradıcı insanları cəlb edən nəhayətsiz bir sənət məkanıdır. Onun qapıları quruculuq eşqi ilə yaşayan hər kəsin üzünə açıqdır”.

   Bakıda bir-birini heyrətamiz şəkildə tamamlayan çoxsaylı və çoxvektorlu amillər tamamilə yeni bir sənət mühiti yaradıb. Burada incəsənət sahəsində çox cəsarətli layihələr həyata keçirilir: “Biz Müasir İncəsənət Muzeyində “məskən salmağa”, YAY qalereyalarına vərdiş etməyə macal tapmamış yeni kreativ layihələr burulğanı bizi cəlb etdi. Belə layihələrdən biri metanol istehsal edən zavodda “Külək ərazisi” adlanan heykəltəraşlıq muzeyidir”.

   Məqalədə Azərbaycan ekspozisiyasının təqdim edildiyi 55-ci Venesiya biennalesindən söhbət açılır. Bu ekspozisiyada müasir Azərbaycanın bədii mühiti ilə xalqımızın zəngin mədəni ənənələri, Qobustan qayaüstü rəsmləri, qədim xalça naxışları arasında dərin əlaqə vurğulanır.

   Jurnalın “Dünyəvi xronika” rubrikasında oxucular çoxsaylı fotoşəkillər vasitəsilə Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Bakıya uçuşmüasir Azərbaycan incəsənət sərgisi və “Baku” jurnalının ingilisdilli versiyasının London, Paris, Berlin, MoskvaRomadan sonra Venesiyada təqdimat mərasimindən söz açılır.

   Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin oğlu Fərəc QarayevMusiqi yazıçısı” adlı məqaləsində atası barədə xatirələrini oxucularla bölüşür. Jurnalda bu ilin aprel ayında Bakıda keçirilmiş Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı və görkəmli Azərbaycan bəstəkarının 95 illiyi şərəfinə Moskva Konservatoriyasının böyük zalında təşkil edilmiş təntənəli gecə barədə məlumat verilir.

   İtaliyalı jurnalist Adamo Antonelli məxsusi olaraqBaku” jurnalı üçün yazdığı məqalədə “Tur d’Azerbaijan” beynəlxalq veloyürüşü, habelə müəllifin İsmayıllı, Qəbələ, Şəki və Pirqulu barədə təəssüratları öz əksini tapıb.

   Bura Azərbaycandır” adlı məqalənin müəllifləri doşab ilə ipək arasında tarixi əlaqələrdən söhbət açaraq, əminliklə bildirirlər ki, hər gün doşab yeyən adamlar azı 100 il yaşayırlar.

   Jurnalın üz qabığında rusiyalı məşhur müğənni Alsunun fotoşəkli verilib. “Kəsişmə nöqtələri” rubrikasında oxucular Alsunun “Bakıda ad günü” sərlövhəli müsahibəsi ilə tanış ola bilərlər.

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 3.