Bakı Uşaq Teatrı beynəlxalq festivallarda

 

   Bakı Uşaq Teatrının bir qrup üzvü Gürcüstanın Batumi şəhərində keçirilən “Harmoniya-2013” beynəlxalq dostluq festivalında uğurla çıxış edib. Teatrın nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyasının kollektivi isə iyulun 2-dən 8-dək Macarıstanda keçirilən “Balaton-incəsənət-gənclik” 13-cü beynəlxalq festival-müsabiqəsində Azərbaycanı təmsil edir.

   Hazırda Macarıstanda səfərdə olan kollektivin böyük qrupu M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası, kiçik qrup isə H.K.Andersenin nağılları əsasında hazırlanmış “Su pərisi” tamaşası ilə çıxış edəcək.

   Bakı Uşaq Teatrı bu il mövsümü böyüklər üçün İntiqam Soltanın və Hacıbaba Məmmədovun quruluş verdikləri “Əşxas”, uşaqlar üçün isə İlhamə Əhmədovanın quruluşunda hazırlanmış “Ağıllı uzunqulaq” tamaşası ilə bağlayacaq.

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 4.