“Azərbaycanın uğurlu inkişafının bir parçası olmaq istəyirik”

 

   Adrian Ellis: “Biznes turizmini inkişaf etdirmək üçün ölkənizin böyük resursları varbundan səmərəli istifadə olunur. Gələcək inkişaf üçün festival turizminə də daha çox diqqət yetirilməlidir”

  

   Ölkəmizdə fəaliyyət göstərən brend hotellərin baş menecerləri ilə müsahibələr silsiləsindən daha bir qonağımızı sizə təqdim edirik. Həmsöhbətimiz bir neçə gün öncə rəsmi açılışı keçirilən “Fairmont Bakuhotelinin baş direktoru Adrian Ellisdir. Onunla ilk tanışlığımız jurnalistlər üçün təşkil olunmuş tanıtım mərasimində oldu. Şəhərimizin yeni simvolu olanAlov qüllələri” haqqında qısa söhbətdən sonra geniş müsahibəyə razılıq verdi.  

   - Cənab Ellis, öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz...

   - İngiltərənin kiçik Noriç şəhərində doğulmuşam. Valideynlərim orada yaşayır. Artıq iki ildir şəhərinizin qonağıyam. Bakıda həyat yoldaşımla bərabər Badamdar qəsəbəsində yaşayırıq. Şəhərin çox havalı və hündür yerində yaşamaq, eyni zamanda ən hündür hotelində çalışmaq əlavə zövqdür. Buradan bütün dəniz sahilinə, bütövlükdə Abşeron yarımadasına gözəl mənzərə açılır. Bu üzdən hər şey ürəyimcədir, deyə bilərəm.

   Ümumiyyətlə isə 14 ildir ki, turizm sahəsindəyəm. İngiltərə xaricindəki ilk yerim Sinqapur olub. Daha sonra VarşavaBudapeşt şəhərlərində çalışmışam. Bakıda olmaqdan, paytaxtınızın ən möhtəşəm hotelinin - “Fairmont Bakunun baş meneceri kimi fəaliyyət göstərməkdən hədsiz məmnunam.

   - Belə başa düşdüm ki, hotelin ilk sütunları qoyulandan buradasınız...

   - Bəli, tamamilə düz buyurursunuz. 2011-ci ildən hotellə bağlı çalışmalarımıza başladıq. Adətən yeni hotellər tikiləndə baş menecerlər bir il öncə həmin ölkəyə səfər edirlər, mühitlə, görülən işlə tanış olurlar. Ancaq bu o ölkələrə aiddir ki, orada artıq turizmlə bağlı oturuşmuş ənənə, sistem mövcuddur. Azərbaycan kimi dirçəliş dövrünü yaşayan, turizm infrastrukturunu yeni quran ölkələrə isə nisbətən daha tez gəlmək lazım gəlir. Bundan əlavə inşaat işlərində müəyyən yubanmalarımız oldu. Bir çox inşaat materialları xaricdən gətirildiyi üçün bu cür gecikmələri normal saymaq olar. Ancaq boş oturmadıq, bu zamanı başqa cür dəyərləndirə bildik. Kadr hazırlığı ilə məşğul olduq, əməkdaşları treninqlərə cəlb etdik. Bundan əlavə, marketinqlə bağlı müəyyən işlər gördük, potensial müştərilərlə əlaqələr yaratdıq, strategiyamızı, bazarda yerimizi müəyyənləşdirməyə çalışdıq.

   - Ölkəmizlə bağlı ilk təəssüratlarınız necə oldu?

   - Onu deyim ki, buraya gəlməmişdən əvvəl ölkəniz haqqında geniş məlumatım yox idi. Ancaq bu təklifi alandan sonra həyat yoldaşımla bərabər Azərbaycan və paytaxt Bakı haqqında xeyli mütaliə etdik, ölkənin ümumi mənzərəsi, iqtisadi durum, insanların həyatı və məşğuliyyəti barədə məlumat topladıq. Artıq burada bizi nə gözlədiyini az-çox bilirdik. Ölkəniz dinamik inkişaf edir. Ümumiyyətlə, yeni məkana gəlmək, Bakı kimi dirçəliş dövrünü yaşayan şəhərdə olmaq çox maraqlıdır. Ölkə tarixinin belə uğurlu dönəmlərinə şahidlik etmək və bu uğurun bir parçası olmaq ayrıca qürurvericidir.

   - Bildiyiniz kimi, son iki ildə paytaxtımızda lüks kateqoriyadan olan bir neçə hotel istifadəyə verilib. “Fairmont Bakuolaraq belə bir rəqabətli bazarda öz yerinizi necə görürsünüz?

   - Bizim seqmentdə olan hotellərin sayı indiki bazar şərtləri üçün çoxdur. Qeyd etdiyiniz kimi, istifadəyə verilən hotellərin hamısı beynəlxalq brenddirburada yüksək səviyyədə təmsil olunurlar. Bununla belə, mən nikbinəm. Bilirsiniz, hotelçilik qısa müddətli gəlir götürməyə hesablanmış biznes sahəsi deyil. Burada siz ən qısa müddət kimi ən azı gələcək 10 ili göz önünə almalısınız, ölkənin 15-20 ildən sonrakı iqtisadi, siyasi durumunu proqnozlaşdırmalısınız. Bu baxımdan məsələyə yanaşdıqda, Azərbaycan 2020-ci ildə fərqli bir dövlətə, məkana çevriləcək. Gələcək perspektivlər nəzərə alındıqda, bəlkə də indiki hotel sayı azdır. Çünki ölkənizdə digər sahələr də inkişaf edir, beynəlxalq şirkətlər Azərbaycanın neft-qaz sənayesinə və digər sahələrə böyük investisiyalar qoyurlar. Bu isə birbaşa hotellərə olan tələbatın artacağı anlamına gəlir. Müxtəlif beynəlxalq tədbirlər, konfranslar, festivallar təşkil olunur. Gənc turistlərin maraq dairəsində olan “Formula-1”, 2015-ci ildə Avropa Olimpiya Oyunları kimi tədbirlər də ölkəyə diqqəti artırır. Məncə, bu xətt daha da inkişaf etdiriləcək və nəticədə ölkəyə gələn turistlərin sayında nəzərə çarpan artım olacaq. Bundan əlavə, bizFairmont Bakuolaraq bazara yalnız hotelçiliklə girmirik. Bizim böyük ticarət mərkəzimiz fəaliyyətə başlayacaq, əyləncə, istirahət və alış-verişi müştərilərimizə bir arada və ən yüksək səviyyədə təqdim edəcəyik. Spa mərkəzimiz fəaliyyət göstərir, açıq havahotel daxili hovuzlarımız artıq xidmətə açıqdır. Dünya və fransız mətbəxi nümunələrini müştərilərimizə təqdim edəcəyik.

   - Hazırda Azərbaycana biznes və müəyyən tədbirlərdə iştirak etmək məqsədilə gələn turistlər üstünlük təşkil edir. İstirahət və mədəni turizmi inkişaf etdirmək və bu qəbildən olan müştəriləri ölkəmizə cəlb etmək üçün hansı işləri görməyi planlaşdırırsınız?

   - Burada bizdən asılı olan məsələlər də var, asılı olmayanlar da. Son zamanlar viza sisteminin sadələşdirilməsi, yeni hava reyslərinin açılması sektorda canlanma yaradır. Turistləri səfər etdikləri ölkələrdə alış-veriş imkanları, restoranlar, əyləncə məkanları, təbiət və tarixi yerlər maraqlandırır. Məncə, maraqlı turist paketləri hazırlamaq və bununla dünya turizm bazarına çıxmaq lazımdır. Hotelimizə gələn müştərilər üçün belə bir paketin hazırlanması üzərində aparırıq. Paketə hotelimizdə istifadəyə verilən böyük və ən müasir Spa mərkəzini, Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələrdən sonra tarixi abidələri və görməli yerləri daxil etmək istəyirik. Digər məqsədimiz beynəlxalq festivalları Azərbaycana gətirməkdir. Bilirsiniz, indi dünyada daha az informasiya yükü olandaha çox əyləndirən tədbirlər rəğbət görür. Bizbu cür tədbirlərin təşkilini planlaşdırırıq, caz, rok festivalları təşkil etmək istəyirik. Ölkənizin musiqi sahəsində böyük ənənələri var. Azərbaycan muğamı və müasir musiqi nümunələri ilə sintez edilmiş festivallar maraq doğura bilər. Bütün bunlar üzərində artıq müəyyən işlər görülüb.

   - Ötən müddətdə ölkəmizin regionlarında olmusunuzmu?

   - Əsas turizm bölgələrində olmuşam. Qəbələ çox xoşuma gəldi. Oranın böyük turizm potensialının olduğunu deyə bilərəm. Qobustan tarixi məkan kimi diqqətimi çəkdi. Məncə, əsas məsələ insanların bu turizm bölgələrində hansı tədbirlərin keçirilməsi, imkanlar və digər məsələlərlə bağlı məlumatlandırılmasıdır. Turist bilməlidir ki, Qəbələdə, Nabranda onu nə gözləyir və harada vaxtını daha səmərəli keçirə bilər. Yeri gəlmişkən deyim ki, “Fairmont Bakuolaraq bölgələrə turların təşkilini də planlaşdırırıq. İstəyirik, qonaqlarımız sadəcə paytaxtla deyil, bütün ölkə ilə tanış olsunlar.

   - Turizm sahəsində 14 illik təcrübəsi olan bir şəxs kimi ölkəmizdə hansı turizm sahələrinin inkişaf etdirilməsini daha məqsədəuyğun hesab edirsiniz?

   - Ümumiyyətlə, turizmdə dirçəliş dövrünü yaşayan ölkələr üçün ən yaxşı sahə biznes turizmidir. Bundan əlavə, Azərbaycanın bu sahəni inkişaf etdirməsi üçün böyük resursları varbundan da səmərəli istifadə olunur. Gələcək inkişaf üçün isə festival turizmi üzərində daha çox durulmalı olduğunu düşünürəm, çünki bu, daha kütləvi, daha asan və sırf istirahət turizminə yönəlmiş sahədir. Qış və yay turizmi ilə bağlı resurslarınız o qədər də böyük deyil. Bundan əlavə, ətraf ölkələrdə güclü rəqibləriniz mövcuddur. Avropanın şimalında qış turizmi geniş yayılıb, yay turizmi sahəsində isə Aralıq dənizi ölkələri, o cümlədən qonşu Türkiyə kifayət qədər populyardır. Bütün bunları nəzərə aldıqda ölkənizin güclü olduğu musiqi və mədəniyyət, incəsənətlə bağlı beynəlxalq festivalların təşkilini daha uğurlu hesab edirəm.

   - Hotelin zahiri görünüşü ölkəmizin “Odlar Yurduolduğunu nümayiş etdirirbu səbəbdən Bakının yenimüasir simvolu hesab olunur. Daxili tərtibatda necə, eyni ovqat hiss olunurmu?

   - Hotelimizin divarlarında yerli rəssamların ən möhtəşəm əsərlərini, müasir incəsənət nümunələrini görə bilərsiniz. Çalışmışıq ki, bu rəsmlər daha çox yerli mədəniyyəti nümayiş etdirsin. Bundan əlavə, lobbi zalında dünyada cəmi bir neçə ədəd olan əl işi pianinomuz var. Burada Azərbaycan və dünya musiqisini dinləmək mümkün olur. Caz barımızda da yerli cazmenlər çıxış edirlər. Azərbaycan mətbəxini də burada ən yüksək səviyyədə müştərilərimizə təqdim etməyə çalışırıq.

  

   Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 7.