Azərbaycana gələn turistlərin
sayında artım var
Elektron viza sisteminin tətbiqi turizm
sektorunun inkişafını sürətləndirəcək
Aprelin 1-dən Azərbaycanda
elektron viza sistemi tətbiq olunur. Prezident İlham Əliyevin
müvafiq sərəncamına əsasən
reallaşdırılan yeni sistem sənədləşmənin
daha asan aparılmasına, vaxta qənaət edilməsinə
şərait yaradır.
Yeni sistem turistə viza almaqda xeyli
üstünlük verir. Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev bu günlərdə jurnalistlərə
açıqlamasında prosesin daha yaxşı işləməsi
üçün müvafiq tədbirlər
görüldüyünü, treninqlərin keçirildiyini
bildirib: «Biz bu işdə Xarici İşlər Nazirliyi ilə
birgə çalışırıq. Vizanın elektron qaydada
verilməsi ölkəyə gələn əcnəbilərin
sayını artıracaq. Viza vermək lisenziyası olan turizm
şirkətlərinin əməkdaşları müvafiq
treninqlərdən keçiblər”.
Dünya Turizm Təşkilatı
da Azərbaycanda elektron viza sisteminin tətbiqini
alqışlayıb. Təşkilatın baş katibi Taleb
Rifainin adından yayılan məlumatda bildirilir ki, Azərbaycanın
bu qərarı ölkədə turizmin inkişafına təkan
verəcək. Onun sözlərinə görə, yeni sistemin
tətbiqi Azərbaycana turist axınını artırmaqla
yanaşı, ölkədə turizmin və ümumilikdə
iqtisadiyyatın inkişafına müsbət təsir edəcək.
Turizm
şirkətləri razılıq edir
Bəs turizm qurumları necə,
yeni viza sisteminin üstünlüklərini öz fəaliyyətlərində
hiss edə bilirlərmi?
Azərbaycan Turizm Assosiasiyası
idarə heyətinin sədri Nahid Bağırov yeni viza
sisteminin tətbiqinin turizm şirkətlərinin işini
asanlaşdırdığını bildirdi. Onun sözlərinə
görə, artıq hər hansı bir ölkədən
böyük turist qruplarının sifarişlərini qəbul
etmək onlar üçün problem deyil: «Yeni sistemin tətbiqindən
az müddət keçsə də, ölkəmizə gələn
turistlərin sayında 10-15 faiz artım var. Yeni viza
qaydalarından turistlər də razılıq edirlər,
turizm şirkətləri də. Düşünürəm
ki, bu sistemin tətbiqinin effekti haqda danışmaq hələ
tezdir. Müəyyən zamandan sonra biz bunun Azərbaycana nə
qədər xeyir verdiyinin şahidi olacağıq».
«Viktori Tour» şirkətinin
direktoru Vüsal Hacıyevin sözlərinə görə,
artıq iki aydır ki, Azərbaycana gələn turistlər
sadələşdirilmiş formada elektron qaydada viza ala bilirlər.
Bu xidməti 26 turizm şirkəti göstərə bilir:
«Xüsusi saytda bizə müraciət edən turist haqqında
məlumatları ora daxil edirik. Həmin informasiya Xarici
İşlər Nazirliyində yoxlanılır, problem yoxdursa,
15 gün ərzində elektron təsdiq alınır. Həmin
razılıq turistə göndərilir, o da elektron vizanı
çap edib ölkəyə daxil ola bilir. Burada bir məqamı
da qeyd etmək yerinə düşər ki, çox vaxt
Gürcüstana gələn turistlərin əksəriyyəti
Azərbaycanı da görmək istəyir. Sadələşmiş
qaydada viza almaqla turist asanlıqla bu istəyinə nail ola
bilir».
Ölkəmizə Avropanın və
dünyanın müxtəlif ölkələrindən turistlərin
gəldiyini deyən şirkət direktoru qeyd etdi ki, indiyədək
turistlərin narazı qaldığı məqam vizanın
alınması ilə bağlı idi: “Artıq bu problem həll
olunub. Yeni sistemin tətbiq olunduğu vaxtdan etibarən gələn
turistlərin sayına nəzər saldıqda, nəzərə
çarpan artımın olduğu müşahidə olunur».
«Spektr travel» şirkətinin rəhbəri
Göydəniz Qəhrəmanov da elektron vizanın həm
turizm qurumlarına, həm də ölkəmizə səfərə
gələn turistlərə xeyli rahatlıq gətirdiyini
deyir. Onun sözlərinə görə, sistemin tətbiqinə
başlanmasından ötən iki ayda ölkəyə gələn
turistlərin sayında təxminən 15 faiz artım var:
«Əvvəllər viza almaq üçün insanlar bir
neçə proseduru keçməli idilər, çoxlu sayda
sənəd toplamalı idilər. Amma indi iş yerlərindən,
evlərindən internetlə müraciət etməklə, cəmi
15 gün ərzində viza ala bilirlər. Bu, təkcə
turistlər üçün yox, eyni zamanda iqtisadi baxımdan
ölkəmiz üçün də faydalıdır”.
«Millennium Tourism & Congress DMC»nin
direktoru Ruslan Quliyev isə yeni viza qaydaları tətbiq olunarkən
ilk dövrdə bir sıra çətinliklərlə
rastlaşdıqlarını dedi. Onun sözlərinə
görə, artıq bu məsələlər aradan qalxıb:
«Sifarişlərimizin sayı artır. Bu isə Azərbaycana
gəlməkdə maraqlı olanların çoxluğundan xəbər
verir. Təbii ki, burada yeni viza sisteminin tətbiqinin də rolu
böyükdür. Əsasən Amerikadan, İtaliyadan,
Böyük Britaniyadan və Almaniyadan turist səfərləri
üçün sifarişlər alırıq.
Düşünürəm ki, bu maraq və ölkəmizə
gələn turistlərin sayı daha da artacaq».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 9.