Fransalı qonaqlar Qəbələnin turizm imkanları ilə tanış olublar

 

   Fransanın Rön-Alpes regionunun senatoru və turizm üzrə prezidenti Jan Bessonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonunda olub.  

   Rayon rəhbərliyi ilə görüşdə qonaqların diqqətinə çatdırılıb ki, bu gün Azərbaycanda gedən sürətli iqtisadi inkişaf tempini Qəbələnin simasında aydın görmək olar. Bildirilib ki, bu gün Qəbələ mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.

   Öz növbəsində Jan Besson turizm sektorunun Fransada prioritet sahə olduğunu qeyd edib. O bildirib ki, Qəbələnin zəngin mətbəxi ilə yanaşı, tarixi və qədim abidələri, dağ yüksəkliklərində inşa olunan muzeyləri, kanat yolları buraya dincəlməyə gələn insanlar üçün çox maraq doğuran məkanlardan biridir.

   Görüşdə turizm əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması mövzusunda fikir mübadiləsi aparılıb.

   Daha sonra nümayəndə heyəti rayonda inşa olunan «Tufan» dağ-xizək yay-qış istirahət kompleksinin tikintisi prosesi ilə tanış olub. Qonaqlara bildirilib ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaq. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.

   Artıq altı stansiyada quraşdırma işləri başa çatıb. Bir-birindən 1414 metr aralı məsafədə və dəniz səviyyəsindən 1250-1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılıb. Qeyd olunub ki, hazırda inşa edilən dağ-xizək idmanı bazasının yaxınlığında yerləşən «Qafqaz Resort» kompleksi üç hotel binasından, Spa mərkəzindən, əyləncə parkından ibarət olmaqla, yay istirahəti üçün bütün imkanlara malikdir.

   Daha sonra nümayəndə heyəti rayonun «Qəbələ» futbol klubunun stadionlar kompleksi, yeni inşa olunan Futbol Akademiyasının inzibati binasında görülən işlərlə tanış olublar.

   Rayonda insanların mənalı istirahəti üçün hər bir şərait yaradıldığını, burada yüksək inkişafın şahidi olduqlarını qeyd edən nümayəndə heyətinin üzvləri Qəbələni gözəl bir məkan kimi dəyərləndiriblər.

  

  Fəxriyyə

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 9.