Milli mədəni irsin öyrənilməsi və təbliğinə yeni yanaşmalar

 

Azərbaycanda müxtəlif sivilizasiyaların izlərinə rast gəlmək mümkündür

  

   Azərbaycanın zəngin milli mədəni irsi var. Ölkəmizin ərazisində qədim sivilizasiyaların bir çox izlərinə rast gəlmək mümkündür. Kür-Araz, Mingəçevir, Naxçıvan, Xocalı-Gədəbəy tarixi-mədəniyyət qatlarında bəşəriyyətin ilkin sivilizasiya dövrlərindən günümüzə çoxsaylı nümunələr gəlib çıxıb. Dünyanın ən qədim yaşayış məskənlərindən sayılan Azərbaycan erkən dini inancların təşəkkül tapıb yayıldığı, eləcə də səmavi dinlərə ilk çağlardan iman gətirildiyi bir məkan olub.  

   Ölkəmizin ərazisində totemizm, animizm kimi erkən inanclar, qədim zərdüştilik, habelə xristianlığın ilk dövrlərinə aid tarixi abidələr var. Təkcə elə bir faktı qeyd etmək kifayətdir ki, İsa Məsihin həvarilərindən üçü - müqəddəs Yenisey, Varfolomey və Faddey Azərbaycan ərazisinə gələrək xristianlığı yayıblar. Şəkinin Kiş kəndindəki müqəddəs Yenisey kilsəsi Qafqazda ən qədim xristian məbədidir.

   Statistik məlumatlara əsasən, Azərbaycanda 6300-dən çox tarixi abidə var, son beş ildə 1700-dək nümunə aşkarlanıb. Ölkəmizdəki bu zəngin mədəni irs öyrənilir, təbliğ edilir, onlar haqqında məlumatlar toplanıb gələcək nəsillər üçün saxlanılır. Bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də böyük işlər görülür.

  

   Tarixi abidələrin pasportları hazırlanır

  

   Azərbaycandakı tarixi abidələrin pasportlaşdırılmasına başlanılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu iş bütün tarixi abidələri - yerli, ölkə və dünya əhəmiyyətli nümunələri əhatə edəcək: “Bunun üçün xüsusi qrup yaradılıb və müəyyən avadanlıqlar alınıb. Biz çalışacağıq ki, hər bir tarixi abidənin pasportu olsun. Həmin məlumatlar yığcam şəkildə internetdə yerləşdiriləcək”.

   Bu prosedur hesabına abidələrin siyahıya alınması prosesi də asanlaşacaq: «Abidələrin pasportlarında onlarla bağlı olan bütün məlumatlar - tarixi arayış, koordinatları, eskizləri əks olunacaq. Hazırda bunların hamısının elektron versiyası hazırlanır. Bu, hazır olduqdan sonra dünyanın istənilən nöqtəsində istənilən adam abidələrimiz haqqında məlumatları elektron yolla ala biləcək».

   Nazir onu da diqqətə çatdırıb ki, bəzi tarixi abidələr müəyyən texnogen təsirlər nəticəsində zərər görüb: «Belə abidələrin sayı çoxdur. Onların hamısını eyni vaxtda bərpa etmək böyük maliyyə vəsaiti tələb edir. Pasportlaşma nəticəsində abidələrin bugünkü mövcud vəziyyəti də müəyyənləşəcək. Bu, gələcəkdə bərpaya ehtiyacı olan abidələrin siyahısının tərtib olunmasına kömək edəcək».

  

   Yeni yanaşma yeni keyfiyyət deməkdir

  

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə deyir ki, əslində milli mədəni irsə yeni yanaşma yeni keyfiyyət deməkdir. Ölkəyə gələn turistlərə, mədəni irslə maraqlanan yerli insanlara göstərilən xidmətlərin daha yüksək keyfiyyətdə təqdimatı və müasir düşüncəli insanların mədəniyyət sahəsinə cəlb olunması yeni təbliğat metodlarının tətbiqinə yol açır: «Mədəniyyət və Turizm Nazirliyi həmişə yeni ideyaları, yeni yanaşmaları dəstəkləyir və nazirliyin demək olar ki, bütün layihələri buna yönəlib. Artıq bir neçə ildir nazirlik tərəfindən «Xalq yaradıcılığı paytaxtları» proqramı həyata keçirilir. Bu, dünyada yayılan təcrübələrdən biridir. Layihə çərçivəsində hər il Azərbaycanın üç bölgəsi əfsanələr, folklor və sənətkarlıq paytaxtları elan olunur. İl ərzində bununla bağlı həmin bölgələrdə müxtəlif tədbirlər keçirilir, muzeylər, kitabxanalar təmir edilir, tarixi abidələrə, görməli yerlərə turlar təşkil edilir. Bütün bu tədbirlər insanların asudə vaxtlarının səmərəli keçməsi, bölgədə turizmin inkişafına da zəmin yaradır».

   Şöbə müdiri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rayonlarda, kəndlərdə klub müəssisələrinin yenidən qurulduğunu, yeni muzeylər yaradıldığını, köhnələrin yeni tərtibatda təmir edildiyini deyir. Artıq 10-dək rayonda nazirliyin layihəsi çərçivəsində klub müəssisələrinin yenidən qurulması prosesi həyata keçirilib: «Ölkə Prezidentinin sərəncamı ilə latın qrafikası ilə nəşr edilmiş kitablar kitabxanalara paylanır. Bakıda və Azərbaycanın rayonlarında mərkəzləşmiş elektron kitabxana sistemləri yaradılır. Bu, oxuculara lazım olan ədəbiyyatın tapılmasına şərait yaradır. Artıq oxucu öz evində oturub elektron kitabxana sistemi ilə istədiyi kitabı əldə edib oxuya bilər. Ümumiyyətlə, özünü tanıtmaq istəyən hər bir şəhərin, qəsəbənin zəngin muzeyi, kitabxanası, tədbirlər keçirmək üçün mədəniyyət müəssisəsi olmalıdır. Bütün bunlar milli mədəni irsə yeni yanaşmadır».

  

   Mədəni irsin öyrənilməsində materialların toplanması vacib şərtdir

  

   Milli mədəni irsin öyrənilməsində ən əsas məqamlardan biri müasir elmi prinsiplər əsasında materialların toplanması, sistemləşdirilməsi və tədqiq olunmasıdır. Bunu isə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov deyir. Mütəxəssisin fikrincə, milli mədəni irsin öyrənilməsində materialların müasir elmi prinsiplərə uyğun toplanması ona görə vacibdir ki, indiyə qədər toplanan materiallar qüsurludur: «Folklor materiallarında bəzən olur ki, mətnlər saxtalaşdırılır. Müəlliflər özlərindən yeni əlavələr edirlər ki, bu da sonda doğru olmayan məlumatların yaranmasına səbəb olur. Ona görə də biz öz əməkdaşlarımızın gücü sayəsində materialları toplayırıq, onu sistemləşdirib nəşr edirik və bu nəşrdən də gələcəkdə tədqiqat obyekti kimi istifadə edirik. Bu, folklor irsinin öyrənilməsində, təbliğində birinci vacib mərhələ hesab edilir. Məsələn, ötən ildən Qarabağ folklorunun tədqiqi ilə bağlı böyük bir layihəyə başlamışıq. Layihə çərçivəsində «Qarabağ: folklor da bir tarixdir» adlı üç kitab nəşr etmişik. Bu kitablarda indiyə qədər toplanmamış xalq oyunları, nağıllar, dastanlar, rəvayətlər, əfsanələr, lətifələr, bayatılar yer alıb. Tədqiqatlar nəticəsində məlum oldu ki, bizim Qarabağ camaatının sinəsində nə qədər folklor materialları yatır. Təsəvvür edin ki, bir qadın bizə 14 nağıl söylədi. Həmin layihəni davam etdirəcəyik. Bu istiqamətdə daha bir layihəmiz Cənubi Azərbaycanla bağlıdır. Siyasi məqamlarla bağlı onun icrasında bəzi çətinliklərlə qarşılaşsaq da, müəyyən yollardan istifadə edib Güney Azərbaycan folkloru silsiləsindən kitabların nəşrinə başlamışıq. Eyni zamanda digər bölgələrimiz üzrə də belə kitabların nəşrini hazırlayırıq».

   Muxtar İmanov milli mədəni irsin öyrənilməsi və təbliğində ayrı-ayrı qurumlar arasında əlaqələrin möhkəmləndirilməsinin də böyük rol oynadığını deyir. Onun sözlərinə görə, bu, ölkə Prezidentinin imzaladığı «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nın əsas xətlərindən biridir. Mədəniyyət və Turizm Nazirliyi ilə Folklor İnstitutunun əməkdaşlığı ilə birgə konfransların, dəyirmi masaların keçirilməsinə ehtiyac var: «Turizm şirkətləri ölkəyə gələn qonağa Azərbaycanın təbiətini, abidələrini göstərir. Bununla bərabər, biz də Folklor İnstitutu olaraq həmin tarixi məkanlar, abidələr haqqında folklor mətnlərini onlara təqdim etsək, bunun çox gözəl effekti olar. Məsələn, Azərbaycanın müəyyən bölgələrindəki tarixi abidələri ziyarət edən insanlara folklor materialları da təqdim olunsa, həmin abidələr barədə onlara xalq arasında yayılan əfsanələr, rəvayətlər danışılsa, tarixi hadisə ilə əfsanə bir-biri ilə səsləşər. Məncə, bu, turist üçün çox maraqlı olar. Yaxud Şəkiyə gələn turistə Xan Sarayı ilə bərabər, hər hansı bir xalq oyununu da təqdim etsək, görün, bunun nə qədər effekti olar».

  

   Turistləri qədim dövrün abidələri daha çox maraqlandırır

  

   Ölkəyə gələn turistlərə tarixi abidələrimiz, sənətkarlıq nümunələrimiz, mətbəximiz haqqında məlumatların verilməsini də milli mədəni irsimizin təbliğində yeni yanaşma kimi qiymətləndirmək olar. Əslində bunlar bir-biri ilə bağlı istiqamətlərdir. Çünki milli mədəni irs nümunələrinin lazımi səviyyədə təqdim olunması da turizmin inkişafına zəmin yaradır. Fikirlərimizi Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov da təsdiqləyərək deyir ki, bu gün dünyada ənənəvi turizmin yerini dərketmə turizmi tutur. Bunun da əsasını təbiət, tarix, mədəniyyət abidələrini ziyarət etmək, onlarla təmasda olmaq, ayrı-ayrı ölkələrin mədəni irsi ilə tanışlıq, bu üsulla turistik-rekreativ fəaliyyətləri həyata keçirmək təşkil edir: «Buna mədəni turizm deyilir. Bu turizm istiqamətinin inkişaf etdirilməsi məqsədilə ölkəmizdə son illər bir çox addımlar atılır. Xüsusilə müxtəlif regionlarda tarix-mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği mədəni turizmin inkişafına xidmət edir. Ağsuda yaradılan arxeoloji muzey kompleksinin bir turistik məkan kimi tədqiq olunmağa başlanması, Yanardağın, Atəşgah məbədinin, İçərişəhərin, Qobustan qoruğunun və s. beynəlxalq standartlara uyğun olaraq təmir-bərpası və təbliği milli-mədəni irsimizin öyrənilməsinə, onun turizm vasitəsilə dünyaya tanıdılmasına misaldır».

   Prorektor hazırda Qafqaz Albaniyası ilə bağlı dövlət proqramının hazırlandığını dedi. Sənəd Azərbaycanın qədim dövlətçilik tarixində mühüm yeri olan Qafqaz Albaniyasının irsinin təbliği, öyrənilməsi və turistik məqsədlər üçün istifadəsini özündə əks etdirəcək: «Nəzərə alsaq ki, bu gün dünyanın bir çox ölkələrində turistləri qədim dövrün abidələri cəlb edir, onda Qafqaz Albaniyası dövrünə aid olan 650-dən çox abidənin turistlərdə nə qədər böyük maraq doğuracağını təxmin etmək mümkündür. Bu abidələr Qəbələdə, Şəkidə, Gədəbəydə, ölkəmizin şimal və qərb bölgəsində yerləşən digər rayonlarda mövcuddur. Onların öyrənilməsi, tədqiqi, restavrasiya olunub bir turizm məhsulu olaraq təqdim edilməsi çox vacibdir. Beləliklə, biz milli mədəni irsimizi turizm nümayiş obyekti kimi təbliğ etməklə həm onların yaşadılmasına, gələcək nəsillərə çatdırılmasına nail oluruq, eyni zamanda da bu abidələri təbliğ etməklə ölkəmizə çoxsaylı turistlərin gəlməsinə şərait yaradırıq».

  

   Mədəni irs turlarının təbliğat imkanları

  

   Azərbaycanda mədəni irsin öyrənilməsi və təbliği sahəsində geniş fəaliyyət göstərən təşkilatlardan biri də “Miras” İctimai Birliyidir. Təşkilatın arxeoloqlarla birgə Ağsu qədim şəhər yerində apardığı tədqiqatların nəticəsi olaraq burada maraqlı arxeoloji turizm kompleksi ərsəyə gəlib. Birliyin sədri Fariz Xəlilli deyir ki, mədəni irsin mənimsənilməsi prosesi müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsi təkcə ilkin vəziyyətlərində saxlamaq, qorumaq deyil, həmçinin müasir həyatda ondan bacarıqla istifadə etmək gərəkdir: «Bu ilin mayından etibarən tarixi-mədəni irsimizi təbliğ etmək məqsədilə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Ağsudakı arxeoloji turizm kompleksinə mədəni irs turu layihəsini həyata keçiririk. Tur çərçivəsində səfirlik nümayəndələri Qobustanda Diri Baba türbəsi, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkir, həmçinin Azərbaycan etnoqrafiyasının zənginlik meyarlarından olan milli mətbəximizlə tanış olurlar. Bu tipli layihələr eyni zamanda milli mədəni irsimizin təbliğinə xidmət edir».

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 10.