Yaradıcı insan sənətə sevgi ilə yanaşırsa....

 

   O, Mingəçevir teatrına direktor təyin olunanda burada həm yaradıcılıq işləri, həm də texniki vəziyyət həmişə işlədiyi paytaxt teatrlarından fərqliydi. Teatrın binası əsaslı təmirə dayanmış, yaradıcılıq atmosferində bir sükut hökm sürməkdəydi.  

   Yetərli texniki bazası, müxtəlif sexləri və ən başlıcası, tamaşa oynamaq üçün lazımi səhnə avadanlıqları olmayan teatra rəhbərlik etmək və ona bəslənilən etimadı doğrultmaq çox çətin idi...

   Şəhərdəki “Energetiklər” mədəniyyət evinin dar otaqlarında məskunlaşan teatr truppası və texniki heyətlə bir neçə tamaşa təşkil etmək, aktyorlarda yaradıcı stimulu, ruh yüksəkliyini qorumağı qarşıya məqsəd qoyan Əməkdar mədəniyyət işçisi Həsən Həsənov 139-cu peşəkar teatr mövsümünün açılışından sonra Mingəçevir teatrında bir çox uğurlara imza atdı. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunmuş binada fəaliyyətini davam etdirən Mingəçevir Dövlət Dram Teatrı tamaşaçı sayına və repertuar zənginliyinə görə region teatrları arasında fərqliliyi saxlamaqdadır. Həsən Həsənovun kollektivə rəhbərliyi dövründə burada fəaliyyət göstərən “Ümidteatr studiyasında truppa üçün gənc kadrlar yetişməkdədir.

   İncəsənəti digər sahələrdən fərqləndirən onun sevgi tələb edən bir sahə olmasıdır. Əgər yaradıcı adam öz sənətinə sevgi və həvəslə yanaşmırsa, o heç bir uğura imza ata bilməyəcək. Həsən müəllim həmişə işi, teatrı öz həyatının bir parçası hesab edib. O, teatrları paytaxtya əyalət bölgüsünə bölməyin əleyhdarı olub. Bu baxış prizması onun Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərdiyi üç il müddətində həmişə dəyişməz qalıb.

   “Əgər teatr cəmiyyətin güzgüsüdürsə, bu hər yerdə belədir. Bunun üçünpaytaxt, nə də əyalət bölgüsünə ehtiyac yoxdur...”, - deyir Həsən müəllim.

   Bakıdan dəvət olunan rejissorlar tərəfindən yüksək alqışlara layiq tamaşaların səhnəyə qoyulması, şəhərin həyatında baş verən əlamətdar hadisələrlə bağlı, müxtəlif dövlət tədbirləri ilə əlaqədar olaraq bayram konsertləri və kompozisiyaların təşkilində teatrın yaradıcı heyətinin yaxından iştirakı ictimaiyyət tərəfindən hər zaman təqdirlə qarşılanır. Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrının direktorununAvropa nəşr mətbu evi” tərəfindən xüsusi təltifə - “Qızıl medala layiq görülməsi də onun əməyinə, zəhmətsevərliyinə verilən qiymətdir. Həsən Həsənov Mingəçevir teatrında öz vəzifə borcu ilə paralel şəhərin ictimai-siyasi həyatında vətənpərvər fəaliyyətinə, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində roluna görə bu mükafata layiq görülüb.

   Bütün həyatı boyu yurduna, millətinə bağlı ziyalı kimi tanınan, hörmət qazanan mədəniyyət xadimini təbrik edir, cansağlığı, işlərində sonsuz uğurlar diləyirik.

  

   Esmira Hacıyeva,

 

   Mingəçevir

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 11.