Azərbaycan miniatür məktəbinin Ustadı

 

   Çoxşaxəli Azərbaycan incəsənəti zəngin inkişaf yolu keçib. Onun maraqlı və təkrarsız sahələrindən biriminiatür sənətidir. Bu sənətin görkəmli nümayəndələri sırasında Sultan Məhəmmədin xüsusi yeri var.  

   XVI əsr Azərbaycan miniatür sənətinin yüksəliş dövrü hesab edilir. Mədəniyyət tariximizə böyük töhfələr verən məşhur miniatürçü rəssam Mirzə Seyid Əli və Şahqulu Sadiq bəy Əfşar zəmanəsinin həm də görkəmli dekorativ sənət ustaları kimi tanınıblar. Hər iki sənətkar XVI əsr Təbriz məktəbinin inkişafında, bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynayıblar. Bu dövrün görkəmli sənətkarlar nəslinə isə Nizaməddin Sultan Məhəmməd rəhbərlik edib.

   O, Səfəvi sarayının rəssamı olub. Bənzərsiz yaradıcılığı ilə Təbriz miniatür məktəbinin əsasını qoyub. 1510-cu ildə Şah I İsmayıl Heratı fəth edərkən bir çox sənət adamlarını-rəssamları da özü ilə Təbrizə gətirir. Sarayda sənətkarlar üçün lazımi şərait yaradır. Çox keçmir, İsfahan, Qəzvin və İranın digər şəhərlərindən Təbrizə istedadlı sənətkarlar axını başlayır. Bu vaxt Sultan Məhəmməd saraydakı bədii emalatxana rəhbəri olur, eyni zamanda saray kitabxanasının baş rəssamı və şahzadə Təhmasibin müəllimi idi. Şah İsmayılın vəfatından sonra Şah I Təhmasib Sultan Məhəmmədi sarayın kitabdarı və baş sənət müfəttişi təyin edir.

   Onu da qeyd edək ki, Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat olduqca azdır. Onun 1490-cı ildə anadan olduğu və XVI əsrin ikinci yarısında dünyasını dəyişdiyi təxmin edilir. Araşdırıcı K.Kərimov Sultan Məhəmmədə həsr etdiyi əsərində orta əsr təzkirələrindən maraqlı məlumatlar toplayıb. Rəssamlardan bəhs olunan, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınan “Halati-hunər-vəran” əsərində deyilir: “Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah (I Şah Təhmasib) həzrətlərinə həsr olunan ”Şahnamə"si çox maraqlıdır. Əsərdə pələng dərisi geyinən adam çox inandırıcı təsvir olunub. Söz yox ki, ən görkəmli sənətkarlar belə həmin əsərə həsədlə baxaraq ustadın qarşısında baş əyiblər”.

   Daha sonra K.Kərimov Qazi Əhməd adlı bir müəllifin 1596-1597-ci illərdə qələmə aldığı əsərindən aşağıdakı sətirləri yada salır: “Ustad Sultan Məhəmməd əslən təbrizli olub. O, Usta Behzadın Heratdan İraqa gəldiyi vaxt şahın kitabxanasında çalışıb. Məskəni behişt, yeri cənnət bağları olsun, usta Behzad dörd iqlimin bu Xosrovunun yanında məşğul olduonun cənnətə layiq sənətkarlığı rəssamlıq sahəsində bu səviyyəyə yüksəldi. Ustad Sultan Məhəmməd qızılbaşları hamıdan yaxşı təsvir edirdi. O, cənnətə də elə Təbriz şəhərindən köçdü”.

   XVII əsrin əvvəllərində yaşamış görkəmli tarixçi İsgəndər bəy Türkman Münşi bildirir ki, “Əlahəzrət Şah Təhmasib ustad rəssam Sultan Məhəmmədin şagirdi olub”.

   Orta əsr salnaməçisi Budaq Qəzvini (1530-1556) yazır ki, Şah Təhmasib üçün üzü köçürülən (1537) “Şahnamə”nin məşhur əlyazma nüsxəsi üzərində dövrün ən tanınmış xəttat və miniatürçüləri 30 il işləyib. Belə demək olar ki, Şah Təhmasibin vaxtında hazırlanan bəzi əlyazmalar üzərində , hələ Şah İsmayılın vaxtında başlanıbmış. Əlyazmalara çəkilən miniatürlərdən başqa, Sultan Məhəmməd bir sıra portretsüjetli kompozisiyalar da işləyib. Söz yox ki, bu dövrdə şahın emalatxanası yalnız əlyazma kitablarının hazırlanması ilə deyil, həm də saxsı və metal məmulatlar düzəltmək, xalça və ipək parçalar toxumaqla məşğul olub.

   Sultan Məhəmmədin Şərq poeziya klassiklərinin əsərlərinə çəkdiyi miniatürlər, ayrı-ayrı mövzularda yaratdığı əsərlər dünyanın məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Dahi sənətkarın özününonun məktəbindən olan digər rəssamların əsərləri beynəlxalq hərraclarda yüksək qiymətləndirilir. Qeyd edək ki, onun əsərlərindən “Şahnamə” hazırda Nyu-Yorkdakı Metropoliten, Nizaminin “Xəmsə”sinə çəkdiyi miniatürlər (1539-1543) Londondakı Britaniya Muzeyində, Hafizin “Divan”ına illüstrasiyaları isə Kembricdəki Foqq Muzeyinin kolleksiyasındadır. Britaniya Muzeyində saxlanılan və Şah Təhmasib üçün məxsusi hazırlanan Nizaminin “Xəmsə”si mütəxəssislər tərəfindən bütün dövrlərin və xalqların kitab sənətinin zirvə əsəri kimi qiymətləndirilib.

   XVI əsrdə yaranan Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin xeyli şagirdi və ardıcılı olub. Məhz buna görə sağlığında sənət aləmində ona böyük Ustad deyə müraciət olunub. Yetirmələri arasında oğlanları Mirzəli bəy, Məhəmməd bəy, yaxın qohumu Mir Zeynalabdin, həmçinin Mir Seyid Əli, Müzəffər Əli, Şah Məhəmmədi və başqaları da olub. Onların hər biri böyük sənətkar olmaqla bərabər, Sultan Məhəmməd ənənələrinin davam etdirilməsində və Azərbaycan miniatür sənətinin gələcək inkişafında böyük xidmətlər göstəriblər.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2013.- 5 iyul.- S. 12.