Sənət
dünyası
Güldürmək, həm də
düşündürmək ustalığı
Tanınmış fırça ustası, Əməkdar incəsənət xadimi Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923-1990) təsviri sənətimizin görkəmli nümayəndələrindən biridir. Anadan olmasının 90 ili tamam olan rəssamın müxtəlif janrlarda yaratdığı əsərlər, xüsusən karikaturaları bu gün də tamaşaçılar tərəfindən maraqla qarşılanır. 67 bahar ömür sürən sənətkar əlinə fırça aldığı gündən insanları güldürməyi və düşündürməyi çox məharətlə bacarmışdı.
Görkəmli Azərbaycan yazıçısı və uzun illər onunla bir redaksiyada çalışmış Seyfəddin Dağlı rəssamın 50 illiyi ilə əlaqədar qələmə aldığı təbrik məqaləsində yazırdı: «Güldürmək və eyni zamanda düşündürmək ikiqat istedad tələb edir. Belə bir istedada malik sənətkarın həm də aydın müəllif mövqeyi olmalıdır. Həyatda rast gəldiyi eybəcərlikləri gülüş hədəfinə çevirən satirikin onlara nə məqsədlə atəş açdığı bilinməlidir. Saltıkov-Şedrinin bu barədə bir kəlamını xatırlamaq yerinə düşər: «Satiranın həqiqətən satira olması və məqsədinə çatması üçün o, əvvəlcə öz yaradıcısının hansı idealdan çıxış etdiyini oxucuya hiss etdirməli, ikincisi - neştərinin hansı məsələyə qarşı yönəldiyini aydın başa düşməlidir». Bu mənada Nəcəfqulunun fırçası öz rənglər dünyasında mənəviyyata, əxlaqa zidd hərəkət sahiblərinin karikaturalarını çəkib».
Beləliklə, çoxşaxəli ilhamını, çoxrəngli fırçasını nəcib məqsədlərə həsr edən, insanı güldürə-güldürə düşündürməyi bacaran Nəcəfqulu fərdi üslubu ilə seçilən, novator, orijinal, təsviri sənətimizi yeni, yetkin və yüksək mərhələyə qaldıran çox istedadlı bir rəssam olub.
O, 1923-cü ilin martında Bakıda
doğulub. Lap kiçik yaşlarından rəssamlığa
maraq göstərib. Rəssamlıq
texnikumunu bitirib. İlk ustadı məşhur
«Molla Nəsrəddin»çi, əsərləri ilə
tariximizdə layiqli yer tutan Əzim Əzimzadə olmuşdur.
Nəcəfqulu öz xatirələrində yazır: «Deyirlər
ki, mən anadan olanda ağlamaq əvəzinə
gülmüşəm. Bundan təşvişə
düşən valideynlərim xəstə olduğumu zənn
edib həkim çağırıblar. O da mənə
baxıb və deyib ki, gülüş
sağlamlığın ilkin əlamətidir».
Həqiqətən də
qeyri-adi bir hadisədir və bu olayın sahibi də məhz
ömrü boyu insanları güldürə-güldürə
düşündürməyi, dəyişməyi, yeniləşməyi,
daxilən zənginləşməyi, nöqsan və
qüsurları aradan götürməyi qarşısına məqsəd
qoymuşdu. O, öz müəllimi Əzim Əzimzadənin
realist ənənələrini ləyaqətlə davam etdirərək
satirik-yumoristik rəsmimizi yeni mövzularla genişləndirdi.
Onun surətlər qalereyasını təzə
tiplərlə zənginləşdirdi, ifadə vasitələrini
maraqlı təsvir cizgiləri ilə, təzə rəng
çalarları ilə zinətləndirdi.
Onu yaxından tanıyanlar bildirirlər
ki, Nəcəfqulu təbiətən təvazökar, səmimi,
ilk baxışda sakit təsir bağışlayan, az
danışan, hətta az gülən, bəzən də
qaraqabaq görünən, əslində daxili
dünyasını karikaturalarında, dostluq şarjlarında
duzlu və məzəli şəkildə ifadə edən
istedadlı rəssam idi. Elə bu səbəbdən
də onun əsərləri nümayiş etdirilən sərgi
salonunun bir tərəfində gülüş dalğası
qopanda, o biri tərəfi sükuta dalırdı. Nəcəfqulunun əsərlərini sakit seyr etmək
mümkün deyildi. Həyatın təzadları
kimi ağla qara, yoxla var, xeyirlə şər bir-birini
tamamlayır. Məhz bu həyat həqiqətlərinə
sadiqliyi də onun əsərlərinə ölməzlik gətirdi.
Əslində bu böyük rəssam elə
çox ömür sürməyib. Bizi ondan uzaq salan əbədi
ayrılıq bu 23 il ərzində də Nəcəfqulunu
onu tanıyanların, sənətini davam etdirənlərin,
bir sözlə, rənglər dünyasının pərəstişkarlarının
qəlbindən qopara bilmədi. Nəcəfqulu
təsviri sənətimizdə öz məktəbini
yaratmış müqtədir bir sənətkar idi.
O, 1952-ci ildən 1979-cu ilədək
«Kirpi» jurnalının baş rəssamı olub. Bu dərgi üçün rəsm və
karikaturalar, plakat işləyən Nəcəfqulu Cəlil Məmmədquluzadənin
hekayələrinə, Sabirin «Hop-hopnamə»sinə çəkdiyi
illüstrasiyalar böyük uğurlar qazanmışdı.
1970-1982-ci illərdə Məhəmməd
Füzulinin, Sabirin, Üzeyir Hacıbəylinin misdən
barelyeflərini yaratmışdır. Hələ
sovet dövründə azərbaycanlı rəssamın əsərləri
Almaniyanın, Kanadanın, Livanın, Rusiyanın və digər
ölkələrin sərgi salonlarında nümayiş etdirilərdi.
Ötən əsrin 70-ci illərində Moskvada «Fitil»
kinoteatrında Nəcəfqulunun sərgisinə baxan dünya
şöhrətli rəssam Tahir Salahov təəssüratını
belə dilə gətirmişdi: «Əziz Nəcəfqulu! Bu böyük istedadlı, səmimi və
könül oxşayan sərginlə səni təbrik edirəm.
Köhnə və yeni Bakının doğma
obrazları və insanları ilə Moskvada görüşməyimə
çox şadam. Sənin gözəl və
böyük sənətinə həmişə dərin məhəbbətlə
yanaşıram».
Nəcəfqulunun əsərlərinə
heykəltəraşlar, qrafiklər, boyakarlar,
yazıçılar, şairlər həmişə maraqla
tamaşa edərdilər. Bəlkə də
onları bu sərgiyə cəzb edən rəssamın əsərlərindəki
incə yumor idi. Hətta o zamanlar rəssamın həmkarları
arasında belə bir fikir də formalaşmışdı: «Nəcəfqulu
gülüşü!» Bu
gülüş əyrilərə, nadanlara iynə kimi
batırdı, əqidəli, məramlı, millətsevər,
sənət duyğulu insanlar üçün isə
düşündürücü bir möcüzəyə yeni
rənglər qatırdı. Nöqsan və
qüsurları gülüşlə islah etmək ancaq
istedadlı və böyük ürəkli insanların devizi ola bilərdi. Bu ürəyə
maliklər isə həmişə şükranlı və gələcəyə
nikbinliklə baxan qeyri-adi insanlar olurlar. Haqqında
danışdığımız unudulmaz rəssam Nəcəfqulu
kimi!
«Kirpi»
jurnalının səhifələrini bəzəyən əsərləri
ötən əsrin 70-ci illərində Bolqarıstanın məşhur
Qabrovo şəhərində gülüşlə
bağlı keçirilən beynəlxalq yarışmada
müvəffəqiyyətlə nümayiş olunmuşdur.
Nəcəfqulunun karikaturaları öz
orijinallığı və yeniliyi ilə təəssüratları
xeyli zənginləşdirdi. Gülüb-güldürməyi
özlərinə məxsus şəkildə daha çox məharətlə
bacaran qabrovolular azərbaycanlı rəssamın sənəti
qarşısında heyrətlərini gizlədə bilməyərək
yalnız etiraf edirdilər: «Bu, adi rəssam yox, dahi bir
satirikdir». Böyük qiymət idi. Onun fırçası həm çoxrəngli, həm
də çoxşaxəli mövzular üzərində
işləyirdi. O, bir rəssam kimi mövzu sarıdan
qıtlıq çəkmirdi. Bu müxtəlifliyin
içində özünəməxsusluğunu qorumaq,
yaratdığı hər bir əsərə ölməzlik
möhürü vurmaq Nəcəfqulu istedadının ifadəsi
idi.
Onun əsərləri
rəssamlıq sənətimizi zənginləşdirməklə
yanaşı, onun hamıya bəlli tərəflərinə
yeni, əlvan, qeyri-adi cizgilər, naxışlar vururdu.
Psixoloji portretlər silsiləsinə fikir verək: «Qubalı
Fətəli xanın portreti», «Azərbaycan opera sənətinin
banisi Üzeyir Hacıbəylinin portreti», «D.İ.Mendeleyev Balaxanıda»,
«Şair, nə tez qocaldın sən» (S.Vurğuna həsr edilən
portret-kompozisiya), «Ana məhəbbəti», «Mənim anam»,
«Görkəmli şair-dramaturq Hüseyn Cavid», «Natəvan», «Səttar
Bəhlulzadə», «Memar Mikayıl Hüseynov», «Nəsiminin edam
edilməsi» və s. Bu portretlərin hər birində müəllifin
dərin, sərrast müşahidəçiliyi duyulur, təqdim
etdiyi şəxsiyyətin səciyyəvi əlamətlərini
məharətlə verə bilməsi diqqət çəkir. Nəcəfqulunun əsərləri
çağdaş dövrümüzdə də öz
aktuallığını itirməmiş,
tamaşaçıların sevə-sevə baxdıqları
tablolardır.
Rəssam naturadan
aldığı ilkin həyat materialını
duyğularından keçirib cilalayaraq, ümumiləşdirərək
onu spesifik şəkildə təcəssüm etdirməyi
bacardığından, rənglərin əlvanlığından
düzgün istifadə etdiyindən portretlər qalereyası
obrazlar aləminin daşıyıcısına çevrilirdi.
Yaratdığı hər bir əsərdə
bu, fərq etmirdi - mənzərədi, karikaturadı, portretdi,
dostluq şarjıdı, natürmortdu - məzmunla mahiyyətin
ünsiyyətinə çalışırdı. Bu mənada onun kiçik formalı heykəltəraşlıq
kompozisiyaları da tutumlu və mükəmməl
alınırdı. Bir sözlə,
yaratdığı bütün əsərlər təsviri sənətimizin
ən qiymətli nümunələridir.
Səttar Bəhlulzadə
yaradıcılığını sevən Nəcəfqulu bu
böyük rəssamımız kimi respublikamızın şəhər,
qəsəbə və kəndlərini gəzməyi,
yaradıcılıq qovluğunu yeni-yeni materiallarla
doldurmağı sevərdi. Xüsusilə
də gördüyü, duyduğu neqativ hallara qarşı
münasibətini bildirər, harınlığı,
maymaqlığı, xudbinliyi, riyakarlığı,
nadanlığı karikaturalarında ümumiləşmiş
obrazlar timsalında satira atəşinə tutardı. Bu
baxımdan onun yaratdığı «Qayğıkeş ferma
müdiri», «Əsl şərəf lövhəsi belə olar»,
«Axır ki dil tapdıq», «Sözsüz» və başqa sənət
nümunələri xarakterikdir.
Nəcəfqulunun həm
də iti qələmi olub. «Kirpi»
jurnalında çalışdığı illərdə
çəkdiyi karikaturaların sözlərini də
özü yazardı. Düşündürücü
çəkdiyi kimi, duzlu da yaza bilmək qabiliyyəti rəssama
böyük şöhrət gətirmişdi. Bəzən karikaturaçı-rəssamdan çəkinərdilər.
Onun portret işləməsinə, mənzərə
çəkməsinə inamsızlıq göstərilərdi.
Amma Nəcəfqulu öz
yaradıcılığı ilə sübut etdi ki,
istedadlı fırça ustası üçün mövzu məhdudluğu
yoxdur. O, təbiət mənzərəsini hansı
ilhamla, həvəslə, könül xoşluğu ilə
çəkirsə, gözəlliyə xələl gətirən
əyriliyi də vətənpərvərliklə, millətsevərliklə
islaha çalışır. Nəcəfqulunu
Azərbaycanın yazıçı və şairləri, sənətkarları
çox sevərdilər. Bəlkə də elə bu səbəbdəndir
ki, onun yaradıcılığında müasirlərinin demək
olar ki, əksəriyyətinin izi var. Daxili zənginliyi,
böyük sənətkarlığı ona imkan vermişdi
ki, korifeylərlə ünsiyyət qurmağı, söhbət
etməyi, hətta yeri düşəndə onların portretlərini
çəkməyi bacarırdı. Bu mənada Tahir Salahov,
Mikayıl Abdullayev, Fikrət Əmirov, Cəlal
Qaryağdı, Bəşir Səfəroğlu və
başqalarının həm portretlərini işləmişdi,
həm də onların dostluq şarjlarını çəkmişdi.
Nəcəfqulu fırçasının
yaxşı mənada ünvanı olmaq əsl sənətkarları
sevindirərdi. Xüsusilə də onun
dostluq şarjları öz sahiblərini qəşş edənədək
güldürərdi. Deyirlər, hətta böyük
aktyorumuz Bəşir Səfəroğlu öz şarjına
baxaraq Nəcəfquludan dönə-dönə soruşub: «Mən
ölüm, düz de, bu, doğrudan mənəm?» Nəcəfqulunun təbəssümlü
üzündəki (hərçənd bu təbəssüm
onda çox nadir hallarda duyulardı) razılıqdan müsbət
cavabı anlayaraq: “Qədeş, sənin neçə
gözün var? Bunları necə görmüsən?”, - deyərək bərkdən
gülmüşdü.
Təkcə rəssamlıq
deyil, bütün yaradıcılıq sahəsində həssaslığın
olması çox vacibdir. İstedad,
qabiliyyət, zəhmətkeşlik və həssaslıq.
Bunlar birləşəndə yaranan əsər
həqiqətən unikal alınır. Az
ömründə bu məziyyətləri
yaradıcılığında məharətlə
qovuşduran Nəcəfqulu elə əsərlərə imza
atdı ki, onlar bu gün təsviri sənətimizə əbədi
əlvanlıq gətirdi. İllər ötəcək,
nə vaxtsa Nəcəfqulunun 100, 150, 200 illiyi olacaq. Rəqəmlər çoxaldıqca əsərlərinin
təzə-tərliyi həmişə qalacaq. Onu görənlər də haqq dünyasına
qovuşacaq, yeni nəsillər gələcək. Təsəlli budur ki, Azərbaycanın təsviri sənətində
özünəməxsus yeri olan Nəcəfqulunu tanımaq
üçün əsərlərinə baxmaq, onun obrazlar
qalereyasını, karikaturalarını, portretlər silsiləsini
görmək kifayət edəcək. Həqiqətən
də ömür o zaman ölümsüzlüyə qovuşur
ki, onu yaşadacaq, xatırladacaq sanballı yadigarların - əsərlərin
rənginə illərin rüzgarları solğunluq gətirə
bilməyəcək. Bu mənada quruluşdan quruluşa,
zamandan zamana, dünəndən bu günə və gələcəyə
yol gedən bu əsərlər Nəcəfqulu adlı bir rəssamımızın
sənət bağçasının əbədiyaşar
çiçəkləridir - həmişə ətirli və
təzə!
Flora
Xəlilzadə,
Əməkdar jurnalist
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 13.