Bölgələrdə
yeni mədəniyyət və istirahət obyektləri istifadəyə
verilib
Prezident İlham Əliyev iyulun 5-də
respublikamızın qərb bölgəsinə səfəri
çərçivəsində yeni infrastruktur layihələri,
mədəniyyət və istirahət obyektləri ilə
tanış olub.
Dövlət başçısı Tovuz rayonuna səfəri zamanı Qovlar şəhər mədəniyyət və istirahət parkına baş çəkib. Ölkə başçısının 2012-ci il 9 aprel tarixli sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilib. Sahəsi 5 hektar olan mədəniyyət və istirahət parkı şəhərə xüsusi gözəllik verir. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda dekorativ ağac və gül kolları əkilib, uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılıb.
Ölkə başçısı Qazaxda Ədəbiyyat Muzeyinin açılışında iştirak edib. Şəhərin Heydər Əliyev prospektində inşa edilən üçmərtəbəli muzey binasının foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılıb. Birinci mərtəbədə konfrans zalı, yeməkxana və xidməti otaqlar, ikinci mərtəbə muzey, üçüncü mərtəbədə isə inzibati otaqlar, kabinetlər və konfrans zalı yerləşir. Prezident Qazax şəhərində Uşaq Əyləncə Mərkəzinin açılışında da iştirak edib.
Dövlət
başçısı Ağstafa şəhərində
açıq səma altında salınan Tarixi və Müasir
Abidələr Parkı ilə tanış olub. Ərazisi 2,5
hektar olan miniatür parkı Azərbaycanı mini
görüntüsü hesab etmək olar. Burada ölkəmizin
dağ silsilələri, çay və gölləri, təbiət
mənzərələrini xəritə üzərində əks
olunub. Azərbaycanın ayrı-ayrı bölgələrində
olan və xalqımızın tarixi keçmişini
yaşadan tikililər, abidə, saray və qala divarları,
müasir dövrə aid arxitektura nümunələri yüksək
peşəkarlıqla yaradılıb. Parkda Azərbaycanın
məşhur tarixi şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən
məqbərə və türbələr, dini-tarixi
memarlıq abidələri, məscid və sarayların maketləri
quraşdırılıb.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 2.