Nigar Rəfibəylinin xatirəsi yad edilib

 

   Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq şairi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru, millət vəkili, professor Rafael Hüseynov Nigar Rəfibəylinin Azərbaycan ədəbiyyatında yerini, imzasını yüksək qiymətləndirib, ədibin poeziya dünyasından söz açıb: “Nigar Rəfibəyli ruhumuzu oxşayan o gözəl şeirləri yazmasaydı belə, Rəfibəyli soyadına görə bizim tariximizdə adını əbədiləşdirəcək, bizim xatirəmizdə yaşayacaqdı. O elə bir ailədə dünyaya gəlmişdi ki, taleyinə bu millətə xidmət yazılmışdı".

   Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Xalq şairi Nəriman Həsənzadə, ədliyyə generalı Akif Rəfiyev, Xalq artisti Amaliya Pənahova, “Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə başqaları Nigar Rəfibəyli haqqında xatirələrini bölüşüblər.

   Tədbirdə Xalq artisti Faiq Sücəddinovun şairənin əsərlərinə bəstələdiyi mahnılar səsləndirilib, Əməkdar artist Münəvvər Əliyeva Nigar Rəfibəylinin şeirlərini oxuyub. Sonda Xalq yazıçısı Anar anası haqqında səslənən xoş sözlərə görə çıxış edənlərə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 3.