Sena sahilində azərbaycanlı fotoqrafın sərgisi

 

   Parisin mərkəzində, Sena çayı sahillərində əslən Təbrizdən olan məşhur azərbaycanlı fotoqraf Reza Deqqətinin “Qəhvə nəğmələri” adlı fotosərgisi təşkil olunub.

   Sərgidəki şəkillər qəhvənin becərildiyi, istehsal olunduğu ölkələrdə çəkilib və bu işlə məşğul olan kəndlilərin, qadınların gündəlik həyatını əks etdirir.

   Reza Deqqəti bu şəkillərində eyni zamanda uzaq ölkələrdəki ecazkar təbiətin gözəlliyini Paris sakinlərinə çatdırmağa çalışıb. Sənətkar deyir: “Mənim yaradıcılığımda gözəllik hər şeydən öndə durur və mən bu gözəlliyi hər dəfə insanların daxilində, ruhunda axtarıram. Mənim üçün bu insanlar qəhvənin ruhudurlar. Bu fotoşəkillər hər birimizə gündəlik içdiyimiz qəhvədə onun hazırlanmasında əməyi olmuş insanları görməyə imkan yaradacaq”.

   Azərbaycanlı fotoqrafın Fransa paytaxtında sərgisi sentyabrın 8-dək davam edəcək.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 4.