Diplomatiya da incə sənətdir

 

Diplomatların peşə bayramı günü münasibətilə Milli İncəsənət Muzeyinin ekspozisiyasının xüsusi təqdimatı keçirilib

  

    Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamına əsasən, hər il iyulun 9-u ölkəmizdə diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

   Bununla əlaqədar Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı, “Səba” ticarət markası və “Artişok” şirkətinin dəstəyi ilə iyulun 5-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları üçün muzeyin ekspozisiyasının xüsusi təqdimatı keçirildi.

   Muzeyin direktoru Çingiz Fərzəliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev diplomatları əlamətdar gün münasibətilə təbrik edərək son illərdə ölkəmizdə müasir muzeylərin inşa olunduğunu, maraqlı sərgilərin təşkil edildiyini vurğuladı. Bildirildi ki, bu mədəniyyət ocaqlarında Azərbaycan xalqına məxsus qədim və müasir sənət nümunələri qorunub saxlanılır: “Milli İncəsənət Muzeyinin ekspozisiyasında Azərbaycan xalqının minilliklər boyu yaratdığı mədəni sərvətlər nümayiş olunur. Burada Avropa, rus incəsənətinin müxtəlif dövrlərini əks etdirən sənət nümunələri ilə də tanış olmaq mümkündür. Əminəm ki, ekspozisiya ziyarətçilərdə qədim Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvür yaradacaq”.

   UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva diplomatiya ilə mədəniyyətin, incəsənətin ortaq cəhətlərindən söz açdı: “Diplomatlar da incəsənət sahəsində çalışan insanlar kimi, öz peşələrinə son dərəcə ciddi, məsuliyyətlə, ehtiyatla yanaşırlar. Onlar da sənət adamları kimi xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi naminə fəaliyyət göstərirlər”. Azərbaycan diplomatiyasının qazandığı uğurlara toxunan G.Əfəndiyeva bildirdi ki, bu sahədə çalışanların üzərinə daha böyük vəzifələr düşür. Diplomatlarımız öz vəzifə borclarını dərindən dərk edir və Azərbaycanın haqq işinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərirlər. Dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanı, onun mədəniyyətini, incəsənətini tanımasın. Bu illər ərzində Azərbaycan müxtəlif ölkələrlə, beynəlxalq təşkilatlarla yüksək səviyyəli əlaqələr qurub.

   Təmsil etdiyi qurumun gördüyü işlərdən söz açan G.Əfəndiyeva dedi ki, UNESCO-nun əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq vasitəsilə davamlı sülhə nail olmaq, dünyada tolerant bir cəmiyyət yaratmaqdır. Ölkəmizdə ayrı-ayrı etiqadinanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik - mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu var.

   Sonda diplomatik korpusun nümayəndələri muzeyin ekspozisiyası ilə yaxından tanış oldular.

  

   Ceyhun

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 5.