Azərbaycanlı dirijorun növbəti uğuru

 

   Rusiya Akademik Dövlət Filarmoniyasında dahi rus bəstəkarı Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalı açılıb. Festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev də iştirak edir.

   Musiqi bayramının ilk konsertində Sergey Raxmaninovun xor, solistlər və orkestr üçün “Zəng səsləri” poeması təqdim edilib. Dirijor Əyyub Quliyevin rəhbərliyi ilə ifa olunan möhtəşəm əsər alqışlara layiq görülüb. Proqramın ikinci bölməsində Qəbələ beynəlxalq müsabiqəsinin qalibi İlya Maksimov Sergey Raxmaninovun fortepiano və orkestr üçün 1 saylı konsertini məharətlə ifa edib. Safonov adına filarmonik orkestr və dirijor Əyyub Quliyevin müşayiətində səslənən əsər böyük maraqla qarşılanıb.

   Sergey Raxmaninov festivalı iyulun 28-dək davam edəcək. Festivalda görkəmli musiqiçilər - professor Andrey Diev, Aleksandr Taraseviç-Nikolaev, dirijorlar Georgiy Çiçinadze, Stanislav Koçanovski iştirak edirlər.

   İyulun 19-da bəstəkarın “Aleko” operasının yeni quruluşda premyerasının təqdimatı nəzərdə tutulub. Dirijor Əyyub Quliyev Sergey Raxmaninov festivalında iştirak edən ilk azərbaycanlıdır.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 5.