“Könlüm
keçir Qarabağdan”
İyulun 5-də Mədəniyyət
və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə “Abşeron” rəsm qalereyasında “Könlüm
keçir Qarabağdan” mövzusunda fotosərgi
açıldı.
Mərkəzin direktoru Vilayət İsmayılov mərasimi açaraq sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, sərgidə Qarabağda olan tarixi abidələrimizin fotoşəkilləri nümayiş olunur: “Bu sərgi ilə bir daha göstərmək istəmişik ki, təkcə tarixi torpaqlarımız deyil, qədim abidələrimiz də əsarət altındadır. Sərgilənən fotoları mümkün mənbələrdən toplamışıq. 50-ə qədər tarixi abidənin fotoşəklini əldə etmişik. Onlar Qarabağın tarixi abidələrinin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirir. Sərginin təşkilində müvafiq rayon icra hakimiyyətləri, mədəniyyət və turizm şöbələri bizə kömək ediblər”.
Vilayət İsmayılov erməni vandalları tərəfindən işğal olunmuş Qarabağın hər bir azərbaycanlının qəlbində yaşadığını söylədi. Ümidvar olduğunu bildirdi ki, ölkəmizin beynəlxalq hüquq normalarına uyğun olaraq apardığı siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad ediləcək və tarixi, mədəni abidələrimiz bərpa olunacaq.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Qarabağın coğrafiyası haqqında danışaraq bildirdi ki, bu məkan mədəni sərvətləri, yetişdirdiyi tarixi şəxsiyyətləri, sənətkarları, mədəniyyət xadimləri ilə həmişə seçilib: “Bu sərgi bizi xəyalən bir daha Qarabağa apardı. Biz hər gün o torpaqları anırıq. İnanırıq ki, aparılan uğurlu siyasət nəticəsində biz yenidən torpaqlarımıza qayıdacağıq”.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov Qarabağın özünəməxsus mədəniyyətinin təbliği məqsədilə təşkil edilmiş sərgini yüksək qiymətləndirdi. Vurğuladı ki, institut qədim yurdumuzun şifahi xalq yaradıcılığının qorunması məqsədilə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində “Qarabağ - folklor da bir tarixdir” adlı üç kitab nəşr olunur: “Qarabağ abidələrinin tanıdılması istiqamətində işimizi davam etdiririk. Biz əməllərimizdə göstərməliyik ki, bu yurdumuzu unutmamışıq və hər an o torpaqlar uğrunda mübarizəyə hazırıq. Belə tədbirlər bizi bir amal ətrafında birləşməyə sövq edir”.
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov sərginin təşkilatçılarına minnətdarlığını ifadə etdi. O, nümayiş olunan fotoşəkillərin bir qismini özü lentə aldığını dedi. Bildirdi ki, bu cür tədbirlərin mütəmadi olaraq təşkili cənnət Qarabağın daima qəlbimizdə yaşadığını göstərir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov, Mərkəzin təhsil şöbəsinin əməkdaşı Səid Hacıyev sərginin əhəmiyyətindən, Qarabağın zəngin tarix və mədəniyyətindən söz açdılıar, torpaqlarımızın müvəqqəti işğal altında olmasına baxmayaraq, mədəni irsimizin təbliğinin vacibliyini vurğuladılar.
Tədbirdə sərginin təşkilində fəal iştirakına görə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanı təqdim edildi.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Üç gün davam edən sərgidə Qarabağın tarixi abidələrinin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən 50-dək fotoşəkil nümayiş olundu.
Ceyhun
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 6.