Xalçamızın
tarixi qədimdən də qədimdir
“Azərilmə”nin sehrli sənət
dünyasına qısa səyahət
Bakının mərkəzində “Azərilmə” adlı bir müəssisə fəaliyyət göstərir. Burada əsrarəngiz Azərbaycan xalçaları toxunur. Paytaxtımızda bir çoxları tanımasa da, “Azərilmə”ni dünyanın əksər ölkələrində tanıyırlar. Biz də milli xalçaçılıq məktəblərimizi, zəngin sənət tariximizi yaşadan, dünyada tanıdan, ərsəyə gətirdiyi allı-güllü xalçaları ilə müxtəlif ölkələrin muzeylərini, mədəniyyət və tədris ocaqlarını, şəxsi kolleksiyaları bəzəyən bu məkanla oxucularımızı yaxından tanış etmək qərarına gəldik.
Yuyulub
çırpılma xalçanın gözəlliyini daha da artırır
“Azərilmə” MMC-nin direktoru Vidadi Muradov bizi mehribanlıqla qarşılayaraq müəssisə ilə əyani tanış olmağımız üçün bir nəfər əməkdaşı bizə qoşdu. “Bütün prosesləri öz gözünüzlə görün, onda söhbətimiz daha maraqlı alınacaq”, - dedi.
Beləliklə, başlayırıq xalça toxunan sexdən. Bələdçi xanım deyir ki, kənardan alınan iplərdə rənglər qarışdığından, iplər «Azərilmə»nin özündə daranır, sonra əyrilir. Hazır iplər istənilən rənglə boyanır.
Xalça isə xanada toxunur. Burada 20-yə yaxın xana, 50 nəfər isə toxucu var. Toxucular bildirirlər ki, onlar lazımi naxışları almaq üçün eskizlə işləyirlər.
Xalça toxunub qurtardıqdan sonra digər sexə göndərilir. Burada onun əvvəlcə tozunu alırlar, sonra isə yuyurlar. Bu işi həyata keçirən Ruslan Eyyubov deyir ki, birinci yuyulmadan sonra xalça qurudulur, sonra yenidən çırpılır. Bundan sonra xüsusi maşınlarla onun üzü kəsilir. Xalça ikinci dəfə yuyulub qurudulduqdan sonra darkeşdə dartılır, saçaqları bərkidilir.
Burada çalışan Nəzakət Abışovanın dediyinə görə, yuyulub çırpılma xalçanın gözəlliyini daha da artırır. Xalçalar xüsusi şampunlarla yuyulur. Bu zaman onun tozu təmizlənir. Üzünün kəsilməsi prosesində isə xalça üzərindəki artıq saplar götürülür. Bu zaman xalça daha səliqəli görünür. Üzü kəsilən xalça yenidən yuyulub çırpılır. Bundan sonra isə kənarlarındakı saçaqlar kəsilir.
Qeyd edək ki, saçaqların kəsilməsi adi bir proses deyil.
Bu, formasından asılı olaraq xalçaya ayrı bir görünüş verir. Saçaqlar xalçanın naxışlarına
yaraşan formada kəsilir. Bəzi hallarda bir neçə saçaq düyünlənir, bəzi
hallarda isə biri digərindən fərqli olaraq daha qısa formada saxlanır və s. Saçaqlar qaydaya salındıqdan sonra xalça dartılır. Buna ütülənmə də
demək olar. Bu zaman xalçanın
əyriləri düzəlir,
saplar öz yerini alır. Bütün bu proseslərdən sonra hazır xalça satışa çıxarılır.
Bakıda əl xalçalarının xüsusi
yuyulma yeri yoxdur
Əyani tanışlığımızı
başa çatdırıb
Vidadi Muradovla söhbətə başlayırıq.
Müsahibimin sözlərinə
görə, «Azərilmə»ni 1994-cü ildə yaradıb. Buna qədər
isə xalçaçılıq
sahəsində 27 illik
təcrübəsi olub,
Türkiyəyə, İrana
səfərlər edərək
bu ölkələrin
təcrübəsini öyrənib:
“Xalçanın yuyulması,
qurudulması, ütülənməsini
ilk dəfə Türkiyədə
gördüm. O zaman bizdə «Azərxalça»
müəssisəsi fəaliyyət
göstərirdi. Burada istifadə
olunan iplər Zabratdakı əyirici boya kombinatında əyrilərdi və kimyəvi rənglərlə
boyanardı. Burada bütün
qruplara aid xalçalar
Təbriz qrupuna uyğun toxunurdu. Amma hər qrupun özünün rəngləri,
ipinin qalınlığı
fərqlidir. Belə olan
halda xalça toxunması prosesində istifadə edilən bütün proseslərin cəmləşdiyi bir şirkət yaratmaq qərarına gəldim.
Hazırda «Azərilmə»də boyanma, toxunma, yuyulma, xalçaların çırpılması, dartılması
prosesləri həyata
keçirilir. Şirkətimizdə tədris mərkəzi
var. Eyni zamanda burada kiçik bir xalça muzeyi yaratmışıq.
Adı «Sehrli ilmələr qalereyası»dır. «Azərilmə» dünyada xalça sənəti ilə bağlı bütün proseslərin bir arada olduğu
yeganə məkandır”.
Vidadi müəllim xalçanın
toxunmasından sonra yuyulması barədə bir qədər ətraflı danışdı.
Onun sözlərinə
görə, «Azərilmə»
yaranana qədər bizim xalça toxuyanlar bu təcrübədən
istifadə etməyiblər:
“Halbuki hər bir xalça dəzgahın üstündən
kəsiləndən sonra
mütləq yuyulmalıdır.
Çünki xalça toxunması
çox mürəkkəb
prosesdir və bu zaman o, dəzgahın
üzərində bəzən
aylarla qalır. Yuyulma zamanı onun üzərinə yığılan
toz, mikrob təmizlənir. Sonra xalça
xüsusi barabanlara dolanır və baraban fırlanaraq onu qurudur. Bu prosesdə xalçanın
ilmələri yerindən
oynayır, xalça yuyulub qurudulduqca iplərin tərkibindəki
yağlar da təmizlənir. Xalça bir
növ ekoloji cəhətdən təmiz
bir materiala çevrilir. Dartılma zamanı
isə saplar öz yerinə oturur. Bu, xalçanın
uzunömürlülüyünü və keyfiyyətini təmin edir. Bizdə toxunan xalçalar nəmişlikdən yığılmır,
olduğu kimi qalır. Satdığımız xalçaları müştəri nə vaxtsa yuduzdurmaq istəyirsə, yuyuruq, quruduruq, zədələnən
yerini təmir edib özünə qaytarırıq. Bütün bunların
hamısı pulsuz həyata keçirilir.
Çünki Bakıda əl
xalçalarının xüsusi
yuyulma yeri yoxdur”.
«Azərilmə»də
xalçalar hər bölgənin özünə
aid çeşnilərlə toxunur. Təbriz, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ xalçaları,
Naxçıvan və
İrəvan xanlığının
xalçaları isə
bir qrupda cəmləşib. Həmsöhbətimiz
deyir ki, bununla bağlı müxtəlif araşdırmalar
aparıb, bu qruplara aid qədim xalçaları toplayıblar:
«Sonra bu məlumatlar əsasında
broşürlər hazırlayıb
dünyanın müxtəlif
ölkələrində muzeylərə,
kitabxanalara, universitetlərə,
şəxsi kolleksiyaçılara
payladıq. Bu gün müəssisəmizdə
bütün qruplara
aid olan xalçalar toxunur. Burada itib getmiş
çeşnilər bərpa
olunur. Biz bu çeşniləri tapırıq, rəssamlarımız
onları millimetrlik ağızda işləyib
hazırlayır”.
“Xalçalar sanki mənimlə söhbət
edir”
«Azərilmə»
ümumilikdə 350 toxucunu
əhatə edir.
Onların 150 nəfəri Bakıda,
müəssisənin özündə,
qalanları isə rayonlarda sifarişlə işləyir. V.Muradov deyir
ki, xalça toxumağa maraq azdır. Müəssisənin
içərisində tədris
mərkəzi yaratmaqda
da məqsəd gənc nəsli bu sənətə həvəsləndirməkdir: «Qonağı
«Azərilmə»yə, yaxud
da Qubada fəaliyyət göstərən
bir xalça sexinə aparmaqla iş bitməz. Gərək respublikamızın hər
yerində bu sənət inkişaf etsin. Xalçaçılıq kənddə olar,
şəhərdə yox.
Nə qədər çox xalça toxunsa, bir o qədər də alıcı olur. Çünki xarici biznesmenlər az sayda
xalça üçün
buraya gəlməzlər.
Azərbaycan xalçasına
dünyanın hər
yerində tələbat
var. Ən uzun ömürlü xalça
500 il yaşayır.
300-500 yaşında xalçalar xaricdə çox var. Onların sahibi həmin xalçalardan yenidən əldə etmək istəyir».
Müəssisə rəhbəri Azərbaycan
xalçalarının təbliği
ilə də geniş məşğul olur. Onun sözlərinə görə,
vaxtilə Azərbaycan
xalçaları «Qafqaz»
adı ilə daha çox tanınıb: «Biz dünyanın
bir çox yerlərində Azərbaycana
aid xalçaların hamısının
adının altından
«Azərbaycan» yazdırmışıq.
Buna isə təbliğatla
nail olmuşuq. Londonda «Xalı»
adlı bir jurnal dərc olunur. Üç aydan bir 40
min tirajla çıxır
və dünyada xalça toxunan yerlərə yayılır.
Bu nəşrdə Azərbaycanın hər bölgəsi haqqında məlumatlar yerləşdiririk.
Bundan əlavə, özümüz rübdə
bir dəfə 3 min tirajla ingilis, rus və Azərbaycan
dillərində «Azərbaycan
xalçaları» adlı
jurnal nəşr edirik. Burada xalçalarımız, Azərbaycan sənətşünaslığı
haqqında məlumatlar
yer alır».
Qeyd etdiyimiz kimi,
«Azərilmə» ölkəmizdən
daha çox xaricdə tanınır.
Yaponiya, Avstraliya, Amerika, Kanada və dünyanın daha neçə ölkəsindən müəssisəyə
qonaqlar gəlir, xalçanın toxunma prosesi, naxışları,
onların mənası
ilə maraqlanırlar.
Biz müəssisədə olanda orada bir
neçə xarici qonaq vardı. Vidadi müəllim turizm şirkətləri ilə də yaxından əməkdaşlıq
etdiklərini deyir: «Turizm şirkətləri vasitəsilə ölkəmizə
gələn qonaqlarımız
da çox olur. Elə şirkətlər var ki, onlar
davamlı olaraq bizimlə əməkdaşlıq
edirlər. Turist bir
qonaqdır. O, ölkəni
necə görsə, gedib öz ölkəsində
elə də danışacaq. Ona görə də
biz bura gələn əcnəbiləri maraqlandıran
bütün sualları
ətraflı cavablandırırıq”.
Bir qədər də
həmsöhbətimizin xalçaya
sevgisi haqda danışırıq. Vidadi
müəllim deyir ki, xalçaçılığa
uşaqlıqdan marağı
olub: «Mən artıq xalçanı övlad kimi sevirəm. Xalçasız yaşaya bilmərəm.
Gördüyünüz kimi, hər
tərəf xalçadır.
Əksər insanlar bunu gözəllik kimi qəbul edir. Amma mən onların içərisində nələr
olduğunu bilirəm.
Xalçalar sanki mənimlə
söhbət edir.
Mən bu söhbətlər nəticəsində onların
naxışını, növünü,
hansı qrupa aid olduğunu başa düşürəm. Azərbaycan xalçasının
tarixi qədimdən də qədimdir. Bütün Azərbaycan xalçalarının
90 faizinin yerliyi qırmızıdır. Bu
rəng qəhrəmanlıq,
mübarizlik, toy-bayram
simvoludur. Rənglərə baxanda hansı xalqın nəyə qabiliyyəti olduğu anlaşılır”.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 7.