Avstriya jurnalı ölkəmizin turizm imkanlarından yazıb

 

   Avstriyanın “Travellerturizm jurnalında ölkəmizin turizm imkanlarından bəhs edən “Azərbaycan - Xəzər dənizi sahillərində dinamik hotspot” sərlövhəli məqalə dərc olunub.

   Məqalədə Azərbaycanın neft-qaz layihələrindən söz açılır, bu sahədən əldə olunan gəlirin iqtisadiyyatın bir çox sahələri kimi, turizmin də inkişafına yönəldildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, bu istiqamətdə Avstriya ilə səmərəli əməkdaşlıq mövcuddur. Oxuculara Avstriya şirkətlərinin “Şahdağ” Qış-Yay Turizm Kompleksi layihəsində iştirakı barədə məlumat verilir.

   Qeyd olunur ki, Avstriya dost ölkədə turizm obyektləri və infrastrukturun yaradılmasında iştirak etdiyi kimi, Azərbaycanda turizmin bir ixtisas kimi ali təhsil ocaqlarında tədrisinə də öz töhfəsini verir. Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Turizm İnstitutu arasında sıx əməkdaşlıq, tələbə mübadiləsi həyata keçirilir.

   Məqalədə səyahət həvəskarlarının diqqətinə həmçinin Azərbaycana səfər etməyin rahatlığı və ölkədəki turizm sektorunun geniş imkanları ilə bağlı məlumatlar da çatdırılır. Qeyd edilir ki, “Avstriya Hava Yolları”na məxsus təyyarələr həftədə beş dəfə Vyana-Bakı-Vyana marşrutu üzrə birbaşa reyslər həyata keçirir. Turistlər bu imkandan yararlanaraq Xəzər dənizinin sahilində yerləşən, kosmopolit ab-havaya və heyrətamiz dinamikaya malik, qədim memarlıqla yeni üslubda tikilmiş binaların vəhdətini təşkil edən əsrarəngiz Bakıya səfər edə bilərlər.

 

Mədəniyyət.- 2013.- 12 iyul.- S. 9.