Milli Dram Teatrı mövsümü
başa vurdu
İyulun 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr mövsümünün
başa çatması
münasibətilə mətbuat
konfransı keçirildi.
Teatrın direktoru, professor İsrafil
İsrafilov iştirakçıları
salamladıqdan sonra kollektivin 2012-2013-cü il teatr mövsümündə fəaliyyətindən
söz açdı. Bildirdi ki, bu
mövsüm ümumilikdə
Milli Dram Teatrı üçün uğurlu
olub: “İyulun 14-də
Mirzə Fətəli
Axundzadənin eyniadlı
komediyası əsasında
səhnələşdirilən “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşası ilə
teatr mövsümü
bağlanıb. Mövsüm ərzində ümumilikdə
on bir tamaşa təhvil verdik. Onlardan altısı dövlət
sifarişi, üçü
teatrın daxili imkanları hesabına, ikisi isə uşaqlar üçün
səhnələşdirilərək tamaşaya qoyulub”.
Direktor mövsüm ərzində
təqdim olunan “Anamın kitabı”, “Sənətkarın taleyi”,
“Şah və şair”, “Şah Qacar”, “Şorgöz deputat”, “Danışan gəlincik”, “Qaraca qız” və digər səhnə əsərlərinin tamaşaçılar tərəfindən
maraqla qarşılandığını
bildirdi.
Qeyd etdi ki, teatrda
müxtəlif tamaşaların
nümayişi ilə
yanaşı, dahi dramaturq M.F.Axundzadənin
200, Azərbaycan milli peşəkar teatrının
140 illiyi, görkəmli
incəsənət xadimlərinin
yubileyləri də qeyd olunub. Teatrın truppası
eyni zamanda beynəlxalq festivallarda olub və səyyar
tamaşalar göstərib.
Daha sonra repertuar tərtibi ilə bağlı danışan
direktor bildirdi ki, teatrda həm
klassik, həm müasir əsərlər
tamaşaya qoyulur: “Gənc aktyorlar, rejissorlar, dramaturqlar, bəstəkarlar, rəssamlar
yeni tamaşaların hazırlanmasına cəlb
olunurlar. Nəticə etibarilə gördüyümüz
işlər göz qabağındadır”.
Tamaşaçı
problemi ilə bağlı suala cavab olaraq İsrafil
İsrafilov bildirdi ki, Akademik Milli
Dram Teatrının tamaşaçı
problemi yoxdur: “Repertuarımızda yer alan tamaşalara
elə olur ki, gənclər ikinci dəfə tamaşa etməyə gəlirlər”. Direktor teatr tamaşasını bir şəlaləyə bənzətdi: “Kimin xoşu gəlir, dönüb ona baxır, hətta onun yanında durub şəkil də çəkdirir. Xoşu gəlməyən də yanından laqeyd-laqeyd keçib gedir”.
Gələcək
planlardan danışan
direktor bildirdi ki, yeni teatr
mövsümündə dövlət
sifarişi ilə “Əmir Teymur”, “Milyonçular şəhəri”,
“Xəlifənin anası”,
“Asi”, teatrın daxili imkanları hesabına isə “Şəhərdə manyak
var” və digər tamaşaların hazırlanması nəzərdə
tutulub.
Mətbuat konfransında iştirak edən respublikanın xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, Cəfər Namiq Kamal və Məleykə
Əsədova başa
çatan mövsümlə
bağlı fikirlərini
bölüşdülər, onlara ünvanlanan sualları cavablandırdılar.
Savalan Fərəcov
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 5.